Yuxarı

İcra hakimiyyətlərində yeyinti faktları aşkarlandı

İcra hakimiyyətlərində yeyinti faktları aşkarlandı

İcra hakimiyyətlərində büdcə vəsaitlərinin xərclənməsində problemlərin olması, icra olunan layihələrdə dəyərindən artıq vəsaitin xərclənməsi və rəqəmlərin şişirdilməsi və. s kimi hallar haqqında tez-tez məlumatlar yayılıb. Hələ 2016-cı ildə Hesablama Palatası apardığı yoxlamalar zamanı 14 İcra hakimiyyətində yeyintiyə yol verildiyi haqqında rəsmi məlumat yaymışdı. Bugünlərdə isə Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti bu ilin I yarısında apardığı nəzarət tədbirlərinin nəticələrini açıqlayıb. Açıqlanan məlumatda bir çox sahələrdə, eləcə də icra hakimiyyətlərində ciddi maliyyə pozuntularına yol verildiyi göstərilib. 

Qurumun yaydığı məlumatda göstərilir ki, hesabat dövründə tərtib olunmuş iş planına uyğun olaraq dövlət büdcəsindən 9 rayon (şəhər) icra hakimiyyəti başçılarının aparatlarının saxlanılmasına, rayonların (şəhərlərin) abadlığına, yolların, mənzil fondunun və büdcə təşkilatlarının yerləşdikləri binaların əsaslı və cari təmirinə, şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliklərə, təmizlik və yaşıllıq xidməti göstərən qurumlara, 7 şəhər ərazi nümayəndəliyinə, həmçinin 5 təhsil, 5 səhiyyə, 2 elm müəssisəsinə, 1 geodeziya və kartoqrafiya müəssisəsinə, 1 tibbi-sosial ekspertiza və reabilitasiya müəssisəsinə, 1 nəqliyyat agentliyinə, 1 mədəniyyət müəssisəsinə, habelə Xidmətin regional maliyyə müfəttişliklərinin fəaliyyətləri ilə əhatə olunan şəhər və rayonlarda yerləşən büdcə təşkilatlarına dövlət büdcəsindən ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməsi yoxlanılıb.

Yoxlamalar zamanı məlum olub ki, aparılan nəzarət tədbirləri ilə dövlət büdcəsindən ayrılmış vəsaitlərin xərclənməsini tənzimləyən normativ hüquqi aktların tələblərinə əməl edilməməsi hesabına 3 077,9 min manat məbləğində artıq və əsassız ödənişlər aşkarlanaraq həmin məbləğin 1 540,3 min manatının bərpası təmin edilib və normativ hüquqi aktların tələblərinə uyğun olmayan digər əsassız ödənişlərin davam etdirilməsi dayandırılıb.

Hesabatda həmçinin qeyd olunub ki, aparılan nəzarət tədbirləri ilə büdcə təşkilatlarında maliyyə qaydalarının pozulmasına yol vermələri müəyyən edilən vəzifəli şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq inzibati protokollar tərtib edilməklə, İnzibati Xətalar Məcəlləsinin 410.1-ci və 410.2-ci maddələrində nəzərdə tutulan inzibati xətalar törətdiklərinə görə 456 vəzifəli şəxsə ümumilikdə 384,1 min manat məbləğində inzibati cərimələr tətbiq edilib və həmin cərimələrin dövlət büdcəsinə ödənilməsi təmin olunub. Aşkar edilən nöqsanların tam aradan qaldırılması və belə nöqsanlara digər təşkilatlarda yol verilməsinin qarşısının alınması məqsədi ilə, habelə nöqsanlara yol verilməsində təqsiri olan vəzifəli şəxslər barəsində tədbirlər görülməsi üçün müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanlarına məktublar göndərilib.

Hesabat dövründə ümumilikdə aşkar edilən yuxarıda qeyd edilən artıq ödənişlərin 5 təşkilat üzrə (Səhiyyə Nazirliyinin B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutu, Ağstafa Mərkəzi Rayon Xəstəxanası, Mədəniyyət Nazirliyinin Salyan rayon Mədəniyyət və Turizm Şöbəsi, Kənd Təsərrüfatı Nazirliyinin Yevlax Baytarlıq İdarəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin D.Yusifov adına Qəbələ Qızıl Balıqartırma Zavodu) 1 443,1 min manat hissəsinə dair nəzarət tədbirləri üzrə məniməsəmə əlamətləri müşahidə edildiyi üçün aşkar edilmiş nöqsanlara hüquqi qiymət verilməsi üçün sənədlər Baş prokurora göndərilib.

Hesabatda icra hakimiyyətlərinin yer alması da əslində gözlənilən idi. Çünki bu sahədə olan problemlər dəfələrlə deyilsə də, işıqlandırılsa da hələ də vəziyyət ürəkaçan deyil. Belə ki, açıqlanan hesabatda aşkar edilən əsassız ödənişlərin 12 təşkilat (Beyləqan rayon İcra Hakimiyyətinin Beyləqan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi, Şamaxı rayon İcra Hakimiyyətinin Şamaxı Şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi, Sabirabad rayon İcra Hakimiyyətinin Yaşıllaşdırma Sahəsi, Şəmkir rayon İcra Hakimiyyəti başçısının aparatı, Şəmkir rayon İcra Hakimiyyətinin Şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi, Xızı rayon İcra Hakimiyyətinin Xızı Şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi, Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının aparatı, Azərbaycan Milli Elmlər Akademiyasının Dendrologiya İnstitutu, Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu, Səhiyyə Nazirliyinin Y.Gindes adına Uşaq və Yeniyetmələr üçün Sümük-Vərəm Xəstəlikləri Sanatoriyası, Göyçay Mərkəzi Rayon Xəstəxanası, Qobustan Mərkəzi Rayon Xəstəxanası və Masallı Mərkəzi Rayon Xəstəxanası) üzrə 276,9 min manat hissəsinə dair nəzarət tədbirləri üzrə sənədlər isə İnzibati Xətalar Məcəlləsinin 54.2-ci maddəsinə uyğun olaraq inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması üçün qərar qəbul edilməsi məqsədi ilə aidiyyatı üzrə prokurorluq orqanlarına göndərilib.

İlin ilk altı ayında həmçinin, Dövlət Maliyyə Nəzarəti Xidmətinin mütəxəssisləri tərəfindən hüquq-mühafizə orqanlarının qərarlarına əsasən 3 təşkilatda yoxlamalar (Saatlı rayon İcra Hakimiyyətinin Novruzlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində, Kənd Təsərrüfat Nazirliyinin Biləsuvar rayon Kənd Təsərrüfatı İdarəsində və Neftçala rayon Kənd Təsərrüfatı İdarəsində) yekunlaşdırılıb və onların nəticələrinə dair tərtib edilən sənədlər müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti üzrə Baş prokurorluğa göndərilib, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yevlax Şəhər Şöbəsində, Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzində, Təhsil Nazirliyinin Laçın rayon Təhsil Şöbəsinin 37 saylı və Qarakeçdi kənd 2 saylı tam orta məktəblərində, Balakən rayon İcra Hakimiyyətinin Katex kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 1 saylı Körpələr evi-uşaq bağçasında, habelə Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsində və onun Mərkəzi Hospitalında başlanılmış yoxlamalar isə hal-hazırda davam etdirilir.

Aparılan nəzarət tədbirləri ilə nəzarət obyektlərinin fəaliyyətlərində aşağıdakı xarakterik nöqsanlar aşkar edilib. Yerli icra hakimiyyəti orqanlarında rayon mərkəzlərinin və şəhərlərinin abadlığı, rayon (şəhər) ərazisindəki inzibati binaların (xəstəxanaların, məktəblərin, mədəniyyət müəssisələrinin, icra hakimiyyətlərinin inzibati binalarının və digər sosial obyektlərin), habelə yolların təmiri və tikintisi üçün ayrılan vəsaitlərin təyinatına xərclənməsi üzrə aparılan nəzarət tədbirləri ilə yerinə yetirilmiş kimi göstərilən işlərin həcminin əsassız olaraq artıq yazıldığı, mallların (iş və xidmətlərin) satın alınması zamanı mövcud qanunvericiliyin tələblərinə zidd olaraq bəzi hallarda satınalma prosedurlarının keçirilmədiyi, satınalma prosedurlarının keçirilməsi ilə əlaqədar ehtimal dəyərlərinin müəyyən edilmədiyi, layihə-smeta sənədlərinin tərtib edilmədiyi və onların müvafiq qaydada ekspertizaya təqdim olunmadığı, müvafiq il üçün rayon mərkəzlərində (şəhərlərdə) təmizlik işlərinin aparılması və yaşıllıq sahələrinə xidmət ilə əlaqədar işlərin dəyərini müəyyən edən hesabatların bəzi hallarda tərtib edilmədiyi, tərtib edildiyi hallarda isə işlərin (xidmətlərin) dəyərinin əsassız olaraq artırıldığı və dövlət büdcəsindən artıq vəsait alınaraq səmərəsiz xərcləndiyi, alınmış malların (iş və xidmətlərin) dəyərinin bank köçürmələri vasitəsi ilə deyil nağd qaydada ödənildiyi, rayonların (şəhərlərin) kommunal təsərrüfatları tərəfindən əhalidən və kommersiya obyektlərindən bərk məişət tullantılarının yığılması və ərazidən daşınaraq zərərsizləşdirilməsi üzrə böyük məbləğdə xidmət haqlarının yığılmasının təmin edilmədiyi, uşaq bağçalarında əsassız olaraq artıq qrupların yaradıldığı və uşaqların davamiyyətinin çox aşağı olduğu, bəzi hallarda isə uşaq bağçalarının binalarının tam yararsız vəziyyətdə olmasına baxmayaraq həmin binalarda uşaq bağçalarının fəaliyyətlərinin sənədləşdirildiyi, uşaq bağçalarında uşaqların ərzaqla təchizatının çox aşağı səviyyədə olduğu, bəzi hallarda uşaq bağçalarında uşaqlara verilməsi sənədləşdirilən ərzaq məhsullarının bəzi hissələrinin faktiki olaraq alınmadığı və uşaqlara verilmədiyi kimi nöqsanlar aşkar olunub.

Aparılan yoxlamalarla, habelə müəyyən edilib ki, yerli icra hakimiyyətlərində yeni təyin edilən rəhbərlik tərəfindən keçmiş rəhbərliyin fəaliyyəti dövründə aparılan təmir və tikinti işləri heç bir sənədləşmə aparılmadan, yəni səbəbi göstərilmədən sökülür və ya ehtiyac olmadığı halda onların üzərindən yenidən təmir işləri aparılır və bu da büdcə vəsaitinin səmərəsiz xərclənməsinə, habelə əvvəlki rəhbərlik tərəfindən həmin işlərə xərclənən vəsaitlərin nəzarət tədbirlərindən kənarda qalmasına gətirib çıxarır. Eyni zamanda, araşdırmalar zamanı yerli icra hakimiyyəti orqanlarında və onların təsisçiliyi ilə yaradılan xidmət qurumlarında uçot və hesabat işlərinin lazımi səviyyədə təşkil edilmədiyi, təsərrüfat əməliyyatlarına çox hallarda müxabirləşmələrin verilmədiyi, yəni onların uçotda əks etdirilməsinin təmin olunmadığı, balans hesablarının analitik uçotunun aparılmadığı, bəzi hallarda isə əsas vəsaitlərə köhnəlmələrin hesablanmadığı müəyyən edilib.

Maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov"Cümhuriyət” qəzetinə şərhində maraqlı məqamlara toxunub. Ə.Həsənov hesab edir ki, büdcə vəsaitlərinə ən optimal nəzarət mexanizmi ictimai nəzarətdir: "Bunun da yeganə yolu Azərbaycanda elektron büdcə modelinə keçiddir. Aydın məsələdir ki, Azərbaycanda dövlət qurumları həddindən artıq çoxdur. Bu qurumların özünə nəzarət etmək üçün dövlət kifayət qədər əlavə vəsait sərf etməyə məcbur olur. Digər tərəfdən, burada etimad çatışmazlığı da var. Məsələn, hardan bilək ki, nəzarət edənlər bu işi düzgün aparır, bu zaman hansısa subyektivliyə, ayrı-seçkiliyə yol vermirlər? Və nəzarət edənlərin özlərinə kim nəzarət edir? Bu kimi kifayət qədər ciddi suallar var. Buna görə də elektron büdcəyə keçid vacibdir. 

Hər bir dövlət qurumunun büdcəsi onun elektron saytında dərc edilməli və onun hər aylıq xərcləri öz əksini tapmalıdır. Vəsaiti hara xəclədi, nə aldı və neçəyə aldı. Hətta bunu bir vahid elektron hökumət portalı vasitəsilə də etmək olar. Bu zaman qurumların maliyyə əməliyyatlarına həm ictimaiyyət, həm də mətbuat nəzarət edəcək. Əgər bu mexanizm tətbiq olunarsa, əminəm ki, o, zaman heç bir artıq, şişirdilmiş xərclərə yol verilməyəcək. Məsələn, bizim 1 manata aldığımız qələmi hansısa dövlət qurumunun 10 manata aldığını eşitsəm, təəccüblənmərəm. Elektron büdcə tətbiq olunarsa, bunu hər kəs görəcək. İctimaiyyət biləcək ki, bütün qiymətlər eyni adlı məhsulları fərqli qiymətəmi alır, yox eyni. Bu mexanimz tətbiq olunmayınca hansısa qurumun digərinə qərəzsiz nəzarət etməsindən söhbət gedə bilməz”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları