Yuxarı

Abbas Abbasovun oğlu vuruldu

Abbas Abbasovun oğlu vuruldu

Aydin AbbasovMillət vəkili Aydın Abbasov noyabrın 1-də keçiriləcək V çağırış parlament seçkilərində iştirak etməyəcəyini bəyan edib. Bu barədə A.Abbasov özünün facebook sosial şəbəkəsindəki şəxsi profilində açıqlama verib: “Son zamanlar millət vəkililiyinə namizədliyimlə bağlı çoxsaylı zənglər və mesajlar alıram. Hər kəsə cavab vermək imkanım olmadığından, yazılı şəkildə cavab verib suallara son qoymaq istəyirəm. 10 ildir ki, aktiv siyasətdəyəm, millətimə, dövlətimə xidmət edirəm. Hər zaman da xidmət edəcəyəm. Lakin daha millət vəkili olaraq deyil. Bildirmək istəyirəm ki, bu dəfə Milli Məclisə keçiriləcək seçkilərdə iştirak etməyəcəyəm. Namizədlərin hər birinə uğurlar arzu edirəm!” Xatırladaq ki, Aydın Abbasov 2005 və 2010-cu illərdə Gəncə şəhərindən millət vəkili seçilib. Hər iki seçkidə o müstəqil namizəd kimi iştirak etsə də hakim Yeni Azərbaycan Partiyasının etimad göstərdiyi əsas deputatlardan biri olub. Lakin 2015-ci ildə keçiriləcək seçkilərdə onun təmsil olunduğu dairədən YAP öz namizədini irəli sürdü. Gəncə Dövlət Universitetinin prorektoru, YAP Gəncə şəhər Təşkilatının Qadınlar Şurasının sədri Pərvin Kərimzadə 37 saylı Nizami birinci seçki dairəsindən YAP-ın namizədi olaraq A.Abbasova rəqib kimi seçkilərə qatılıb. Təbii ki, P.Kərimzadənin YAP-ın siyahısı üzrə həmin dairədən irəli sürülməsi A.Abbasova yönəlik siyasi mesaj idi. Aydın Abbasov artıq hakim partiyanın onu deyil, seçkidəki rəqibini dəstəklədiyinin fərqində idi. Ona görə də mənasız yerə hakimiyyətin iradəsinə zidd gedib seçkilərə qatılmaq, son illər adı müxtəlif qalmaqallarda hallanan Abbasovlar ailəsi üçün əlavə problem yarada bilərdi. Aydın Abbasov baş nazirin sabiq müavini, hazırda Rusiyada yaşayan Abbas Abbasovun oğludur. O, deputatlığının ilkin dövrlərində böyük biznes sahibi və siyasi dayaqları olan gənc kadr kimi geniş imkanlar əldə etməyə nail oldu. Onun hələ 1990-cı illərdə ARDNŞ-in Sərmayələr İdarəsində qazın satışı və marketinq şöbəsinə rəhbərlik etdiyi dövrdə böyük biznes imperiyası qurduğu xəbər verilirdi. Deputat olduqdan sonra elektrik avadanlıqlarının, tikinti materiallarının istehsalı, onların topdan və pərakəndə satış mərkəzləri, tikinti obyektləri, eləcə də atasının Türkiyədəki şirkətlərinin filiallarının daxil olduğu bu biznes şəbəkəsi daha da genişləndi. Aydın Abbasovun özünün də adı dəfələrlə mediada yayılan məlumatlarda, o cümlədən Rusiyanın kriminal dairələri ilə əlaqədə olmaqda hallanıb. Lakin 2013-cü ildən başlayaraq Aydın Abbasovun karyerasında ciddi problemlər yaşanmağa başladı. Bu da onun atasının adının bir sıra siyasi qalmaqallarda hallanması ilə bağlı idi. Ata Abbasov Rusiyada “Milyarderlər İttifaqı”nda, Ümumrusiya Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin (”AzerRos") aparıcı adama çevrildi. Rusiyada yaşayan bir neçə nəfər tanınmış azərbaycanlı milyarderin birləşdiyi "Milyarderlər İttifaqı"nda qurumun qeyri-rəsmi başçısı idi. Çox keçmədən Abbas Abbasovun siyasi iddialara düşməsi barədə yayılan məlumatlar onun Rusiya hakimiyyəti ilə işbirliyinin ortaya çıxmasına səbəb oldu. 2013-cü ilin prezident seçkilərində Abbas Abbasovun Rusiyanın dəstəyi ilə Azərbaycanda hakimiyyət dəyişikliyinə yönələn planı da faş oldu. O, özü bunu təkzib edərək, Azərbaycan hakimiyyətinə daim sədaqətli olacağını desə də, seçki ərəfəsində cərəyan edən proseslərdə Rusiyanın barmaq izləri açıq hiss olunurdu. Bu, özünü öncə Rusiya vətəndaşı, “Kinomatoqrafçılar” İttifaqının sədri Rüstəm İbrahimbəyovun Milli Şuranın prezidentliyə vahid namizəd irəli sürülməsində göstərdi. Ancaq R.İbrahimbəyov prosesin görünən tərəfi idi və siyasi səhnənin pərdəarxasında başqa fiqurlar dayanırdı. Bu oyunun Rusiya qütbündə Abbas Abbasov, Qərb qütbündə isə Rəsul Quliyev dayanmışdı. Hər iki maliyyə maqnatı seçkidən dərhal sonra kütləvi aksiyaları təşkilinə yardım etməli və hakimiyyətin zorakılıqla dəyişilməsinə nail olmalı idilər. Rüstəm İbrahimbəyovun funksiyası isə müxalifətin lideri kimi bu prosesdə icraçı rolunu yerinə yetirmək idi. Plana görə, Abbas Abbasov yaranmış inqilabi situasiyada Rusiyanın, Rəsul Quliyeev isə Qərbin dəstəyini təmin etmək işini öz üzərinə götürmüşdü. Ancaq yekin məqsəd Abbas Abbasovu hakimiyyət başına gətirməkdən ibarət idi. Lakin seçkilərdə ikili vətəndaşlığı olan R.İbrahimbəyovun vahid namizədlik şansını itirməsi, 2013-cü ilin avqust ayında Rusiya prezidenti V.Putinin Azərbaycana səfəri zamanı siyasi münasibətlərin tənzimlənməsi Abbas Abbasovun planının puça çıxmasına səbəb oldu. Bu olay Abbas Abbasova Azərbaycanın hakimiyyət dairələrində olan inamın tamamilə itməsinə gətirib çıxartdı. Bu ilin avqust ayında onun qardaşı Nadir Abbasovun həbs edilməsi xəbəri yayıldı. Ardınca Aydın Abbasovun Gəncə şəhərindəki obyektlərinin əlindən alınması və biznesinin çökdürülərək əlindən alınması xəbərləri işıq üzü görməyə başladı. Müşfiq Abdulla  





Həftənin ən çox oxunanları