Xarici
dövlətlərdə daimi qeydiyyatda olan xarici iqtisadi fəaliyyətin mal
nomenklaturasının (XİFMN) 8703 və 8711 mal
mövqelərinə aid avtonəqliyyat vasitələrinin müvəqqəti olaraq gətirilməsi zamanı nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə gömrük
orqanları tərəfindən həyata keçirilən tədbirlər
birmənalı qarşılanmayıb. Dövlət Gömrük
Komitəsi hesab edir ki, sözügedən məsələ ilə bağlı
sosial şəbəkələrdə və bəzi kütləvi informasiya vasitələrində
yanlış şərhlər irəli sürülür. Qeyd edək ki,
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 305 nömrəli qərarına əsasən,
xarici dövlətlərdə daimi qeydiyyatda olan bu mal mövqelərinə aid avtonəqliyyat
vasitələri qeyri-rezidentlər tərəfindən müvəqqəti olaraq ölkə ərazisinə 90 gün
müddətinə gətirilə bilər.
Dövlət
Gömrük Komitəsinin məlumatına əsasən,
həmin müddətin Gömrük Məcəlləsinin 258-ci maddəsi ilə müəyyən edilmiş gömrük
borcunun ödənilməsinin təmin edilməsi üçün təminat üsullarının tətbiqi ilə şəxsin ölkədə qalma müddətinə uyğun olaraq maksimum 1 ilə qədər uzadılması
mümkündür. Yəni əcnəbilər tərəfindən gətirilən və xarici ölkədə
qeydiyyatda olan nəqliyyat vasitəsi hər hansı təminat
üsulu tətbiq edilmədən Azərbaycanda 90 gün müddətində qala bilər. Avtomobili
ölkə ərazisinə gətirən şəxs gömrük orqanına
müraciət edərək qanunvericiliyə əsasən müvafiq təminat
üsullarından istifadə etməklə bu müddəti uzada
bilər. Bu halda isə, qanunvericilikdə müəyyən edilən müddət 1 ilə qədərdir.
Gömrük
orqanları tərəfindən aparılan müşahidələr nəticəsində müəyyən olunub ki, son
dövrlərdə Azərbaycanda yaşayan, xarici vətəndaşlığı və ya ikili vətəndaşlığı
olan şəxslər tərəfindən xarici dövlətlərdə daimi qeydiyyatda olan avtonəqliyyat
vasitələrinin həmin ölkələrdən alınmaqla ölkə
ərazisinə müvəqqəti gətirilməsi halları kütləvi
xarakter alıb. Qanunvericiliklə müəyyən
olunmuş 90 gün ölkə ərazisində qalma müddəti başa çatdıqdan sonra müvəqqəti
gətirilmiş avtonəqliyyat vasitələri onları gətirən
şəxslər tərəfindən ölkə ərazisindən geri aparılır və
qısa zaman ərzində yenidən 90 gün
müddətinə ölkə ərazisinə müvəqqəti olaraq gətirilir.
Məsələ ilə
bağlı müvafiq araşdırmalar onu göstərir
ki, qanunvericiliklə nəzərdə tutulan bu güzəştdən sui-istifadə hallarına yol verilərək, əsasən gömrük ödənişlərini ödəməmək,
həmçinin AVRO-4 ekoloji standartlara cavab verməyən avtonəqliyyat vasitələrinin
gömrük borcunun ödənilməsinin təmin edilməsi üçün təminat üsullarından istifadə etmədən ölkə ərazisində idarə edilməsi,
xüsusilə də qeyri-qanuni sərnişindaşıma fəaliyyəti ilə məşğul olmaq üçün
istifadə olunur. Üstəlik, müvəqqəti gətirilən avtonəqliyyat vasitələrinin
əksəriyyətinin istehsal buraxılış tarixi 15-20 ili ötüb,
texniki göstəricilərə görə qənaətbəxş deyil və bu qəbildən olan
avtonəqliyyat vasitələri ölkənin ekoloji durumunun korlanması ilə yanaşı, həmçinin yol qəzalarının
artmasında da potensial təhlükə yaradırlar.
Gömrük orqanları da yuxarıda sadalanan amilləri nəzərə alaraq
gömrük qanunvericiliyinin pozulmasının, dövlət
büdcəsinə çatacaq vergi və rüsumlardan yayınmanın
qarşısının alınması, ölkənin ekoloji vəziyyətinin qorunması məqsədilə xarici dövlətlərdə daimi qeydiyyatda olan XİFMN-in 8703 və 8711 mal mövqelərinə aid
avtonəqliyyat vasitələrinin müvəqqəti olaraq ölkəyə gətirilməsi zamanı nəzarət tədbirlərini gücləndirib.
Komitənin qeyd etdiyi bu kimi halların səbəbi gömrük rüsumlarının həddən çox yüksək olmasıdır. Müstəqil ekspertlər hesab edir ki, avtonəqliyyat vasitələrinə tətbiq olunan yüksək rüsum, aksiz vergisi və ƏDV azalarsa, büdcəyə daha çox vəsait daxil olar. Hesab olunur ki, Gömrük Komitəsi bununla bağlı hökumətə təklif verməlidir.
İqtisadçı-alim
Vüqar Bayramov "Cümhuriyət” qəzetinə bildirib ki, gömrük siyasətinin
mütəmadi monitorinq edilib təkmilləşdirilməsi vacibdir: "Xüsusən Gömrük
Məcəlləsinin risk analizinin aparılmasına ehtiyac var. Əgər
xaricdən gətirilən avtomobillər ölkədə daha çox qalmağa
üstünlük verirlərsə, bu ondan xəbər verir ki, 90 gün qısadır. Müddət qısa olduğuna görə,
qanundan yayınmağa çalışırlar. Yəni 90
günlük icazə başa çatandan sonra şəxs avtomobili aldığı
ölkəyə aparıb yenidən
ölkə ərazisinə müvəqqəti olaraq gətirməklə 3 ay qalmaq fürsəti qazanır. Bununla bağlı müəyyən müddətin müəyyənləşdirilməsinə
ehtiyac var. Əgər xüsusi bir məhdudiyyət müddəti olmasa, nəticədə avtomobil
idxalından daxilolmalara mənfi təsir
göstərə bilər. Amma monitorinq göstərir ki, müddətin artırılmasına ehtiyac var. Yəni praktik olaraq
müəyyənləşdirilmiş müddət qısa olduğuna görə,
öz avtomobil ilə gələnlər uzun müddət qala bilmirlər. Bu zaman 90 gün tamam
olduqda ölkəni tərk edib yenidən daxil olurlar ki, cərimələnməsinlər və yaxud
daha yüksək rüsumlara cəlb edilməsinlər. Buna görə də proseduraların sadələşdirilməsinə ehtiyac var. Əvvəla, daha optimal
rüsumlar müəyyənləşərsə, xüsusən 90 gündən artıq
qalmaq istəyən avtomobil sahibləri qanundan yan keçməyə çalışmaycaqlar. Hesab edirəm ki, həm gömrük rüsumlarının optimallaşdırılması, həm də müddətin artırılması istiqamətində təkmilləşdirməyə ehtiyac var.
Əgər bunlar tətbiq olunarsa, büdcəyə daha çox vəsaitin daxil olmasına imkan yarada bilər. Çünki bu, fiskal baxımdan daha səmərəlidir. Hesab edirəm ki, Dövlət Gömrük
Komitəsinin mütəmadi olaraq həm Vergi Məcəlləsinə, həm də bu məcəllənin tətbiqi
proseduralarının monitorinqinə və
təkmilləşdirmələr aparmasına ehtiyac var”.
İqtisadçının qənaətincə, elektron avtomobillər üçün qanunvericiliyə dəyişikliklər edilməsinə və rüsumların sıfırlanmasına ehtiyac var: "Çünki Azərbaycanda elektron avtomobillərin ölkəyə idxalı, bu avtomobillərin statusunun müəyyənləşdirilməsi, həmçinin onların vergi və rüsumlara cəlb edilməsi ilə bağlı çətinliklər var. Buna görə də məcəlləyə dəyişikliklər edilməsi və avtomobillərin ölkəyə idxalının təşkil edilməsinə ehtiyac var. Rüsumlar müəyyənləşərsə, sahibkarlar elektron avtomobilləri ölkəyə gətirməkdə maraqlı olarlar”.
İqtisadçı-ekspert
Natiq Cəfərli isə hesab edir ki, gömrük orqanları tarixən daxili bazarı
qorumaq, daxili istehsalçılara dəstək olmaq üçün yaradılan qurum olub: "Amma sözügedən məsələyə bildirdiyi
münasibət Dövlət Gömrük Komitəsinin öz fəaliyyətinin nədən ibarət olduğunu hələ də anlamadığını
və ya anlamaq istəmədiyini sübut edir. Çünki hökumət də, Komitə
rəhbərləri də bu günə qədər gömrük orqanlarının fəlsəfəsini
anlaya bilmirlər. Təəssüf ki, Azərbaycanda Komitənin daxili bazarı qorumaq, daxili istehsalçılara dəstəkləyən
prinsipi hələ də işə düşməyib. Azərbaycan avtomobil istehsal etmir, əvvəl
Şamaxı və Naxçıvanda, indi də Neftçalada
mənasız maşın yığımı ilə məşğul
olan zavodlar olub. Dəfələrlə bildirmişik ki, avtomobil istehsalı adlandırmaq
üçün maşının detallarının ən azı 25 faizi ölkəmizdə
istehsal olunmalıdır. Ölkəmizdə isə
yerli olan ancaq maşınların təkərinə vurulan havadır,
qalan bütün detallar valyuta ilə xaricdən alınır, dollar xaricə axır. Həmin
yığılan maşınları isə ancaq
dövlət büdcəsi hesabına satırlar yəni, dövlət
ikiqat ziyan görür, həm büdcə pulu hesabına
yığım sexləri açılıb adına avtomobil istehsalı
deyirlər, həm dövlət büdcəsi hesabına həmin
keyfiyyətsiz maşınları alırlar, həm də həmin büdcə manatı sonra dollara çevrilib xaricə gedir. Paralel olaraq da
Azərbaycan hökuməti avtomobillərə yüksək rüsum, aksiz vergisi qoyur, hələ
ƏDV-də alır. Gömrük Komitəsi isə
vətəndaşların xaricdən aldıqları maşınlara qanuni
yazılmış qaimələri tanımır, maşınlara yüksək
qiymət qoyub rüsum və vergiləri öz bildikləri kimi hesablayırlar. Məzlum vətəndaş da məcbur qalıb Gürcüstandan maşın alır, gürcü nömrəsi ilə
ölkəyə daxil olur, hər 3 aydan bir də sərhədi keçib bir də qayıdır. Bu, sui-istifadə halı
deyil, gömrüyün yaratdığı rəzalətə vətəndaşın qanuni
cavabıdır”.
İqtisadçının
sözlərinə görə, bu gün Azərbaycan hökuməti gömrük rüsumları və vergiləri vasitəsi ilə hər avtomobildə istehsalçı ölkədən daha çox pul qazanır: "Rusiya
büdcəsi hər "Lada”dan cəmi 600 dollar qazandığı
halda, Azərbaycan bundan 3 qat artıq
büdcəyə pul toplayır.
Yaxud da alman mühəndisi maşın düşünür, fəhləsi istehsal edir,
amma Almaniya büdcəsi bir (məsələn) "Mercedes”dən maksimum 2000 avro qazanırsa, hökumətimiz əlini ağdan-qaraya
vurmadan hər "Mercedes”dən ortalama 6000-7000 min manat pul
qazanır”. Natiq Cəfərli elektron
avtomobillər üçün rüsumların sıfırlanması, ƏDV-nin ləğv edilməsi barədə hökumətə dəfələrlə təkliflər
verdiyini də deyib: "Bir neçə ay öncə Gömrük Komitəsinin rəsmisi bəyan etmişdi
ki, belə etsək bu sui-istifadə hallarına səbəb
olacaq, əhali daha çox hibrid gətirəcək. Anlamırlar
ki, rüsumların sıfırlanmasında və ƏDV-nin ləğvində
məqsəd hibrid avtomobillərinin daha çox gətirilməsi, ölkə avtoparkının yenilənməsi və ekologiyaya müsbət təsirinin olmasıdır. Gömrük Komitə ləğv
edilməlidir. Bu Komitənin ayrıca
qurum kimi qalması məntiqsizlikdir və ölkə iqtisadiyyatı üçün ziyandır”.
Yeganə
Oqtayqızı