Yuxarı

20 min manatlıq müsabiqə başladı

20 min manatlıq müsabiqə başladı


Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsis edilmiş "Yüksəliş" müsabiqəsinin qeydiyyat mərhələsi bu gündən etibarən başlanır. Bununla əlaqədar mətbuat konfransı keçirilib. Mətbuat konfransında müsabiqənin Təşkilat Komitəsinin sədri, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Təşkilat Komitəsinin üzvləri - Gənclər və İdman naziri Azad Rəhimov, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Gənclər və İdman nazirinin müavini Fərhad Hacıyev iştirak edib.

Qeyd olunub ki, "Yüksəliş" müsabiqəsi idarəetmə bacarığı və intellektual səviyyəsi yüksək olan perspektivli şəxslərin müəyyən edilməsi, onların inkişaf etdirilməsi, dəstəklənməsi və bununla da ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin edən açıq müsabiqədir. Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva qeyd edib ki, müsabiqədə qeydiyyat mərhələsi bitənədək 21-51 yaş arasında olan, ali təhsilli, ən azı 2 il idarəçilik təcrübəsinə malik vətəndaşlar iştirak edə bilərlər: "Müsabiqənin yekunlarına əsasən, qalib elan edilmiş 20 iştirakçıya müvafiq təlim proqramları keçmək üçün 20 min manat məbləğində qrant təqdim olunacaq. Bundan əlavə onlar idarəedici kadr heyətinin inkişafına dair proqramlara və idarəedici rəhbərlərin iştirakı ilə nentoluq proqramına qoşulmaq imkanı qazanacaq. Qaliblərin adları yaradılacaq kadr ehtiyatı bankına daxil ediləcək". Gənclər və idman naziri Azad Rəhimovun sözlərinə görə, son 6 ay ərzində bu layihənin üzərində İşçi Qrupu dərindən təhlil aparıb və dünya təcrübəsindən yararlanıb: "Hesab edirik ki, bu layihə gənclərimiz üçün çox vacib və geniş imkanlar açacaq”. Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, bu müsabiqə yeni və ən müasir layihə olacaq: "20 il ərzində ölkədə həyata keçirdiyimiz təcrübələrdən istifadə edəcəyik. 10 ildən çoxdur ki, dövlət qurumlarına da mütəxəssislər seçirik. Bu müsabiqədə yeni və müasir alətlərdən istifadə edəcəyik. Bir sözlə, şəffaf müsabiqə təşkil olunacaq".

 

PA rəsmisi özünə inananları müsabiqəıyə dəvət etdi

 

Konfransda çıxış edən "Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin rəhbəri, Prezident Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva deyib ki, "Yüksəliş” müsabiqəsinin keçirilməsi dövlət başçısının Azərbaycanda apardığı sistemli islahatlar kursunun bir halqasıdır. PA rəsmisi idarəçilik vərdişləri olan və öz potensialına inanan insanları müsabiqəyə dəvət edib: "Müsabiqə Azərbaycanda kadrların bilik və bacarıqlarının inkişaf etməsinə mühüm töhfə verəcək".

 

Məleykə Abbaszadə şəffaf imtahan vəd etdi

 

"Yüksəliş” müsabiqəsində imtahanlar tam şəffaf keçiriləcək”. Bunu isə "Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin üzvü, Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə müsabiqənin başlanmasına dair keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanların şəffaflığı insan faktorundan uzaqlığı ilə seçiləcək: "Müsabiqədə imtahanlar onlayn şəkildə təşkil olunacaq. Suallar ümumi biliklərə əsaslanacaq. Ən əsası iştirakçılar üçün öncə sınaq imtahanları keçiriləcək. Hər bir sual üçün vaxt müəyyən ediləcək. Bu vaxt sualın asanlığına və ya çətinliyinə görə müəyyən olunacaq". Qeyd edək ki, bu gündən "Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsinə start verilib. Qeydiyyat fevralın 2-si saat 18:00-dək davam edəcək.

Alçina Amilqızı

 

Məktəblilərimiz olimpiadalarda 180 medal qazanıb

 

Cari ildə respublika fənn olimpiadalarında 30 mindən çox şagird iştirak edib ki, bu da əvvəlki illərə nisbətən 5 dəfə çoxdur. Təhsil Nazirliyindən Cebhe.info-ya verilən məlumata görə, 2019-cu ildə beynəlxalq olimpiadalarda məktəblilərimiz 21 gümüş, 18 bürünc medal və 6 həvəsləndirici mükafat əldə edib. 2013-2019-cu illərdə 4 qızıl, 50 gümüş, 126 bürünc, 35 həvəsləndirici mükafat olmaqla, ümumilikdə 180 medal qazanılıb.





Həftənin ən çox oxunanları