Yuxarı

Bayram süfrəsindən sağlam qalxmaq üçün:Nəyi necə yemək lazımdır?- BİZİM MƏSLƏHƏT

Bayram süfrəsindən sağlam qalxmaq üçün:Nəyi necə yemək lazımdır?- BİZİM MƏSLƏHƏT

Bayram süfrəsindən sağlam qalxmaq üçün:Nəyi necə yemək lazımdır?- BİZİM MƏSLƏHƏT

Azərbaycanda Yeni il bayramı təmtəraqlı şəkildə qeyd olunur, hər kəs çalışır ki, süfrəsində çoxsaylı nemətlər olsun.

Çeşidli soyuq və isti yeməklər, salatlar hazırlanır, müxtəlif spirtli və spirtsiz içkilər süfrəyə qoyulur. Təəssüf ki, Yeni il axşamında aksessuarların uyğunluğu, süfrənin təmtərağı nəzərə alındığı halda, ərzaqların bir-biri ilə uyğun olub-olmaması nəzərə alınmır. Qeyd edək ki, hər hansı aksessuarlardan istifadə, süfrəyə bayram ab-havası gətirir. 

Bunun üçün stola yeni il atributlarının maketi olan şamlar, küknar ağacının kiçik bir hissəsi və ya qozasını qoymaq olar. Süfrə və salfetlərin seçimində də Yeni ili xatırladan atributlara və rənglərə üstünlük verilə bilər ki, bütün bunlar bayram əhval-ruhiyyəsini daha da canlandırmış olar. Amma Yeni il süfrəsində ən vacib olan məqam ərzaqlara diqqət yetirilməsidir. Heç də təsadüfü deyil ki, Yeni ilin qeyd olunduğu günün səhəri mətbuatda çoxsaylı zəhərlənmə xəbərləri yayılır. Həddindən artıq, eləcə də bir-birləri ilə uyğunluğu olmayan qidaların qəbulu həm də hipertoniyadan əziyyət çəkən insanların orqanizmində öz fəsadlarını göstərir.

Bəs Yeni il süfrəmizdə hansı qidalar olmalıdır, hansı qidaların istifadəsi yolverilməzdir?

"Cümhuriyət” qəzetinin araşdırmasına görə, süfrədə adi, qazsız su olmalıdır. Sudan çox istifadə məsləhət görülməsə də, spirtli içkidən sonra su içilməsi mədə bağırsaq bulantısını aradan qaldırır. Süfrəyə qoyulması məsləhət bilinən başlıca nemətlərdən biri də tərkibi bol miqdarda minerallar, mikroelementlərlə zəngin olan göyərti çeşidləridir. "Paytaxt salatı” Yeni il bayramının atributlarından birinə çevrildiyini demək olar. Əslində, ziyafət axşamında salatların istifadəsi məqsədəuyğundur. Amma daha çox təzə tərəvəzlərdən olan salatlar məsləhət görülür. Kartof, soğan, qarğıdalı, yerkökü, zeytun həm də mədə bağırsaq sisteminin funksiyasını yaxşılaşdırır. Qaynadılmış ət, yumurta tərkibli salatlar da ziyanlı hesab edilmir. Amma salatların mayonezlə hazırlanması tövsiyyə edilmir. Ət məhsulları arasında balıqdan istifadə etmək olar. Bəzi balıq növləri xüsusilə D və E vitamini ilə bol olur. Yeni il axşamında meyvələrdən də bol istifadə etmək olar. Amma meyvə səbəti yemək süfrəsinə deyil, çay süfrəsinə qoyulmalıdır və yeməkdən ən azı 1 saat sonra yeyilməlidir. Bu zaman meyvələrin tərkibində olan bol vitaminlərin, mineralların orqanizmə faydası olur.

Professor Adil Qeybulla "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, ölkəmizdə bütün bayramlar, toy məclisləri, ziyafətlər günün ikinci yarısında keçirilir: "Bunun özü də qida gigiyenasına ziddir.  İnsanlar həddindən artıq qida qəbul edirlər, amma bu kalorinin sərf edilməsi baş vermir. Yeni il axşamı da eyni vəziyyət yaranır. Dünyanın hər yerində yeni il axşamı insanlar yeməkdən sonra gəzir, əylənir, müxtəlif tədbirlər keçirirlər. Bunlar kalori ifrazıdır. Azərbaycanda isə Yeni il bayramı evə və ya restorana yığışıb yeyib-içməkdən ibarətdir. Hesab edirəm ki, əgər biz bu günü bayram kimi qəbul etmişiksə, bunu yalnız yeməklə qeyd etməməliyik. Qəbul edilən kalorinin sərfi də baş verməlidir - insanlar küçələrə çıxmalı, gəzməli, əylənməlidirlər”.

Həkim bildirir ki, günün ikinci yarısı həddindən artıq qida qəbul edilməməlidir: "Gecə həzmi çətin olan yağlı qidalardan imtina olmalıdır, hədsiz spirtli içkilərin qəbulu doğru deyil. Yeni il axşamı yüngül yeməklərin istifadəsi məqsədəuyğundur - bu quş ətlərindən, müxtəlif salatlardan, meyvə-tərəvəzlərdən ibarət ola bilər. Ümumiyyətlə, insanlar Yeni il axşamında qidalanmanı adi qaydada aparmalıdırlar - yəni bayramdır deyə, çox yeməməlidirlər. İkinci tərəfdən yaxşı olardı ki, bayramı daha çox şənlik məclislərinə çevirsinlər. Yəni bu tədbirlərin hərəkətlə müşayiət olunan hissəsi də olsun”.

Xatirə Nəsirova





Həftənin ən çox oxunanları