Yuxarı

Qapımızı döyən "səssiz ölüm”: Təhlükədən necə qorunaq?

Qapımızı döyən

Qapımızı döyən


Dəm qazı  təhlükəsi ötən illərdə olduğu kimi, bu il də aktual olaraq qalıb. 

Qış fəsli başlayandan dəm qazından zəhərlənən və ölənlərlə bağlı xəbərlər mütəmadi xarakter alıb. Bir neçə gün əvvəl də Qaxda üç nəfərin təbii qazdan zəhərlənməsi ilə bağlı xəbər yayıldı. Əlibəyli kənd sakinləri, 2006-cı il təvəllüdlü Tatiya Riyadovna Barixaşvili, 2007-ci il təvəllüdlü Levani Qiyabiroviç Aslamazaşvili və 1985-ci il təvəllüdlü Natiya Vardovna Qasviyaşvili zəhərlənmə əlamətləri ilə Qax Rayon Mərkəzi 

Xəstəxanasına daxil olublar. Müayinə zamanı hər üç şəxsin yaşadığı evin mətbəxində təbii qazdan zəhərləndiyi məlum olub.

Məlumatda bildirilir ki, zəhərlənənlərin müalicəsi xəstəxananın Reanimasiya şöbəsində aparılır, vəziyyətləri orta-ağır qiymətləndirilir.

Qaz zəhərlənmələrinə səbəb olan əsas faktorlar hansılardır?  Bu təhlükənin qarşısı niyə alınmır? Dəm qazından necə qorunmaq olar?

Azad İstehlakçılar Birliyinin kommunal xidmətlər üzrə mütəxəssisi Nüsrət Qasımov "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, qaz zəhərlənmələri aktual olsa da, insan ölümlərinə laqeyd yanaşılır:

"Əslində, təbii qaz zəhərli deyil, onun yanma məhsulları zəhərlidir. Yəni yanma prosesi düzgün getməyən zaman karbon 4 oksid əvəzinə, karbon monoksid ayrılır. Bu çox təhlükəli maddədir, 7 dəqiqədən 30 dəqiqəyə qədər insanın müqəddaratını həll edir. Təsir konsentrasiyadan, insanın sağlamlığından asılıdır. Zəhərlənmələrin əsas səbəbi qazdan istifadə qaydalarının pozulması, səhlənkarlıqdır. Digər tərəfdən isə səbəb dövlət qurumlarının öz səlahiyyətlərinə məsuliyyətli yanaşmamasıdır. Sovet dövründə hər ay abonentlərin qaz təsərrüfatları yoxlanılırdı, mümkün nöqsanların hamısı aradan qaldırılırdı. İstismara yarasız olan qurğuların işlədilməsinə isə qadağa qoyulurdu. Sonradan isə nəzərə alındı ki, artıq müasirləşmə gedib, müasir texnologiyalardan, yeni cihazlardan, avtomatik qazan ocaq qurğularından istifadə olunur, yoxlamaları 6 aydan bir etdilər”.

Ekspert deyir ki, 2016-cı il aprelin 29-dan etibarən yoxlama və profilaktik xidmət göstərilməsi səlahiyyətləri "Azəriqaz” İstehsalat Birliyindən alınıb Fövqəladə Hallar Nazirliyinə verilib: 

"Nazirlikdə yaxşı mütəxəssislər, Yanğından mühafizə idarəsi var. Həmin idarənin funksiyası yalnız yanğın söndürməkdən ibarət deyil. Həmin idarə ildə iki dəfə tüstü bacalarına, cihazların doğru istifadə olunub-olunmamasına nəzarət etməli, vətəndaşları qayda-qanuna riayət etməyə dəvət etməli, ölüm hadisəsi törədə biləcək cihazların istifadəsinə qadağa qoymalıdır. Bu yoxdur deyə, əhali təhlükə ilə üz-üzə qalıb. Hərə öz bildiyi kimi edir, heç kim gedib hansısa cihazın necə quraşdırılmasını, hansı həcmli otaqda quraşdırlmalı olduğunu mütəxəssisdən soruşmur. Hər bir cihazın öz ölçüsü, istifadə qaydası var”.

Əhali arasında "İran sobalarının” təhlükə mənbəyi olduğu ilə bağlı məlumatlar yayılıb, bunlar nə dərəcədə həqiqətə uyğundur?

Nüsrət Qasımov qeyd edir, Azərbaycana müxtəlif markalı avtomobillər gətirilir və əksər avtomobil şirkətlərinin öz servis mərkəzləri var: 

"Zəmanət müddətində həmin maşınlara pulsuz, zəmanət müddəti keçən zaman isə ödənişli xidmət göstərilir. Amma xaricdən müxtəlif qızdırıcı vasitələr - kombilər, İran, Türkiyə sobaları satılır, heç birinin zəmanət servisi yoxdur. Mağazalar yalandan telefon nömrəsi verirlər ki, guya gəlib quraşdıracaq və 1 il müddətində nəzarət edəcəklər. Amma bu hamısı "sözdür”. Çünki istehsalçılar da bildirirlər ki, ikinci şəxslərin cihazı zəmanət verərək, quraşdırması qadağandır. Abonentlər də onu alıb quraşdıra bilməz, bu qaz idarəsinin, eləcə də FHN-nin səlahiyyətlərinə daxil deyil. Həmin zavodlar burada servis xidməti açmalıdır, vətəndaşlar da onlara müraciət etməlidir. Bu cür qızdırıcıları gətirən şirkətlərdən də heç biri gedib, qaz idarələrinin tövsiyələrini almırlar. Axı hər bir ölkənin öz standartları var. "İran sobaları”nın standartlarında göstərilir ki, onların işçi təzyiqi 178 mm su sütunun təzyiqinə bərabərdir. Bizdə qazın optimal təzyiqi 130 mm-dir. Təzyiqi yuxarı qaldırmaq mümkün deyil. Yuxarı qaldırılarsa, bu zirzəmilərə dola və fəsadlar törədə bilər. Alıcılar təcrübəsiz ustalara müraciət edir, onların cihazdan lazımı effekti almaq üçün qazın çox getməsini təmin edirlər. Bu zaman isə yanma prosesi pozulur”. 

Nüsrət Qasımov deyir ki, 1 kub metr qazın tam yanması üçün 9,5 kub metr hava lazımdır. Müdaxilə etdikdə isə hava-qaz proporsiyası pozulur və bu təhlükəli cihaza çevirilir: 

"Yəni, karbon monoksid-dəm qazının istehsalçısına çevrilir. Tüstü bacası da düzgün quraşdırılmadıqda insan ölümünə səbəb olur”. 

Qeyd edək ki, bir sıra ekspertlər "səssiz ölüm”-ün qarşısını almaq üçün evlərə dəm qazını müəyyən edən detektorların quraşdırmasını təklif edirlər.

Xatirə Nəsirova