Yuxarı

Ölüm faizini artıran daha bir səbəb - AZƏRBAYCANDA

Ölüm faizini artıran daha bir səbəb - AZƏRBAYCANDA

Ölüm faizini artıran daha bir səbəb - AZƏRBAYCANDA

İnsan ölümünün əsas səbəblərindən birinin də hava çirklənmələri ilə bağlı olduğu məlum olub. 

Səhiyyə və Çirklənmə üzrə Qlobal Alyansın yeni hesabatına görə, bu səbəb insanları QİÇS, vərəm və malyariyadan üç dəfə çox öldürür. Ümumiyyətlə, havanın çirkli olmasının qlobal ölüm hallarının 40 faizini təşkil etdiyi məlum olub. Hesablamalara görə, 2017-ci ildə çirkli hava və su, qurğuşun zəhərlənməsi və iş yerlərindəki havanın natəmizliyi səbəbindən 8,3 milyon insan ölüb. 

Bu, tütün, alkoqol və narkotikdən istifadə nəticəsində olan ölüm hallarından çoxdur. Bu göstərici həm də qeyri-sağlam qidalanma, yoluxucu xəstəliklər və müharibə zamanı olan ölüm saylarını da ötür. Hesabatda bildirilir ki, soba və pis sanitariya şəraiti kimi ənənəvi mənbələrdən çirklənmə azaldığı halda, fabriklər, nəqliyyat vasitələri və zəhərli kimyəvi maddələrdən müasir çirklənmələr artıb. Hesabatda Hindistan və Çinin hava zəhərlənməsinə görə ölənlərin ən çox olduğu ölkələr olduğu qeyd olunub.  Bu ölkələrdən sonra Nigeriya, İndoneziya və Pakistan gəlir. ABŞ-ın havasının da heç də təmiz olmadığı məlum olub. Birləşmiş Ştatlar siyahıda yeddinci yerdədir. 

Qeyd edək ki, Səhiyyə və Çirklənmə üzrə Qlobal Alyansına müxtəlif ölkələrin səhiyyə nazirləri, tədqiqatçılar, QHT-lər və BMT üzvləri daxildir. Təşkilatın icraçı direktoru Reyçel Kupka bildirib ki, bu hesabat qlobal sağlamlıq böhranının hələ də aradan qaldırılmadığının göstərdiyini deyib. Kupka həmçinin beynəlxalq sərmayələrin ənənəvi çirklənmələ yönəldiyini qeyd edib: 

"Beləliklə, sərmayə çirkli su və sanitariya kimi sahələrə qoyulur və bunlarla bağlı ölüm halları azalır. Müasir çirklənməyə isə bu dərəcədə diqqət yetirilmir və resurslar ayrılmır. Onluqda demək olar ki, dünyanın hər regionundan ölkə var. Harada olursa olsun, bu durum, bizi narahat edir”. 

Məlumdur ki, ümumilikdə ölkəmizdə hava çirklənməsi ilə bağlı problemlər aktual olmasa da, bir sıra şəhərlər istisna təşkil edir. Xüsusilə son illərdə paytaxt Bakıda hava çirklənmələri ilə bağlı məsələ mütəmadi olaraq gündəmə gəlir. Yay aylarının küləkli günlərində isə vəziyyət daha acınacaqlı olur ki, bu da təbii ki, paytaxt sakinlərinin orqanizminə təsirsiz ötüşmür.  

Ekologiya nazirliyinin ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttarzadə "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, ətraf mühitin mühafizəsi biomüxtəlifliyin, dayanıqlılığın qorunması, insan sağlamlığına mənfi təsirlərin aradan qaldırılması üçün vacibdir:

"Atmosfer havasının çirklənməsinin azaldılması son zamanlar bizdə prioritet istiqamətə çevrilib. Deməzdim ki, Azərbaycanda atmosfer havasının keyfiyyəti pisdir - bu normal vəziyyətdədir. Amma təəssüf ki, son zamanlar atmosfer havasının çirklənməsində avtonəqliyyat vasitələrinin payı durmadan artır. Bu da avtonəqliyyat vasitələrinin sayının çoxalması və əsasən də, bu çoxalmada köhnə, ekoloji cəhətdən təmiz olmayan avtomabillərin faizinin yüksək olmasıdır. Bu komponent üzrə ətraf mühitə, insan sağlamlığına təsirləri minimuma endirmək üçün Ekologiya Nazirliyi tərəfindən müvafiq qurumlarla birgə müvafiq tədbirlər görülür, təkliflər hazırlanır, təbliğat və təşviqat işləri görülür. Bu təkliflərdən biri ekoloji təmiz avtonəqliyyat vaistələrindən istifadənin genişləndirilməsi, bunun üçün stimullaşdırıcı tədbirlərin görülməsi, o cümlədən iqtisadi alətlərdən istifadə edərək, bu cür avtomabillərdən istifadəni daha da asanlaşdırmaq üçün müvafiq vergi, rüsum və s. güzəştlərin tətbiq olunmasıdır. Digər təkliflər avtomabil parkının yenilənməsi ilə bağlıdır - yəni burada  köhnə avtomobillərin mərhələlərlə azaldılması, yeni avtomobillərlə yanaşı  ekoloji təmiz yanacaq növlərindən istifadəsinin stimullaşdırılması nəzərdə tutulur. İqtisadiyyat Nazirliyi tərəfindən mənfi xüsusiyyətli köhnə avtomobillərin utilizasiyası ilə bağlı proqram hazırlanıb, artıq son mərhələdədir. Onun həyata keçirilməsi istiqamətində işlər görülür. O cümlədən də ekoloji təmiz yanacaq növlərindən istifadənin təşviq olunması ilə bağlı işlər görülür”.

Nazirliyin təmsilçisi deyir ki, ümumilikdə havanın çirklənməsində stasionar və səyyar vasitələr var: 

"Stasionar vasitələr zavod, fabriklərdir, səyyar vasitələr isə avtonəqliyyatdır. Ekoloji  təmiz avtonəqliyyat vasitələri dedikdə, yanacaq sərf etməyən elektromobillər və daha az yanacaq sərf edən hibrit mühərriklərə malik olan avtomobillər nəzərdə tutulur. Benzin, dizel və neft məhsulları ilə işləyən avtomobillərdən fərqli olaraq bu cür maşınların mühərriklərinin işlənmiş qazlarında zərərli maddələrin miqdarı ya çox azdır, ya da heç yoxdur. Biz bunları təşviq edirik ki, atmosfer çirklənmələri azalsın”.

Bəs, bu cür tədbirlər effekt verirmi?

Rasim Səttarzadə deyir ki,  effekt sonda hava keyfiyyətinin yaxşılaşması zamanı üzə çıxacaq: 

"Bunun üçün külli miqdarda köhnə avtomobilin istismarının məhdudlaşdırılmasına, yeni avtomobillərin idxalına və istismarına ehtiyac var. Elektomobil və hibrit avtomobillərin istifadəsi genişlənməlidir. Bu zaman tullantılar azalacaq və havanın keyfiyyəti yaxşılaşacaq”.

Xatirə Nəsirova