Yuxarı

Qeyri-formal iqtisadiyyatda istismar: Maraqlı tərəflər bunu niyə gizlədir?

Qeyri-formal iqtisadiyyatda istismar: Maraqlı tərəflər bunu niyə gizlədir?

Qeyri-formal iqtisadiyyatda istismar: Maraqlı tərəflər bunu niyə gizlədir?


"Uşaq əməyinin istismarı ilə bağlı milli uşaq strategiyası hazırlanmalıdır”.

Bunu Cebhe.info-ya açıqlamasında əmək məsələləri üzrə ekspert Ağamusa Səfiyev Azərbaycanda uşaq əməyinin istismarı və məcburi əməyə cəlb etmə hallarına qarşı mübarizədən danışarkən deyib.

Azərbaycanda uşaq əməyi ilə bağlı rəsmi statistikanın olmadığını deyən ekspert belə halların mövcud olduğuna təəssüflənib:

"Uşaq əməyi əsasən qeyri-formal iqtisadiyyatda istismar olunur. Bu, qanuna zidd olduğuna görə maraqlı tərəflər bunu gizlədir və bu səbəbdən uşaqların məcburi əməyə cəlb edilməsi halları ilə bağlı dəqiq statistikanı aparmaq xeyli çətinləşir. Bu kimi arzuolunmaz halların qarşısının alınması üçün ilk növbədə profilaktik tədbirlərə üstünlük verilməlidir.

Səhiyyə, Təhsil, Polis və Əmək Müfəttişliyi kimi qurumlar arasında əlaqələr gücləndirilməli, uşaqların təhsildən yayınması hallarının monitorinqi aparılmalı, uşaqlara qarşı zorakılıq hallarının,  həmçinin onların küçədə yaşaması və işləməsinin qarşısı alınmalıdır. Həmçinin müvafiq qurumlar  Azərbaycan Respublikası tərəfindən ratifikasiya  olunmuş Avropa Şurasının "Uşaqların Cinsi İstismarı və Cinsi Zorakılığa qarşı Müdafiəsi” Konvensiyası  üzrə tədbirlərin kompleks icrasına səy göstərməli, qanunvericiliyin təkmilləşdirilməsi üzrə müvafiq  tədbirlər görməlidir”.

Ağamusa Səfiyev onu da əlavə edib ki, uşaqların məcburi əməyə cəlb etmə hallarına qarşı mübarizədə Dövlət  Əmək  Müfəttişliyi Xidmətinin nəzarətini gücləndirmək əsas hədəf olmalıdır:

"Uşaqların internetdən istifadəsi və mobil təhlükəsizliyinə, onlara görə valideyn məsuliyyətinin artırılması, eləcə də uşaq əməyinə cəlb olunma hallarında sahibkarların (işəgötürənlərin) cavabdehliyinin artırılmasına yönəlmiş   qanunvericilik bazasının formalaşdırılması vacib sayılır. Bu sahədə ölkə üzrə sorğular və təhlillər aparılaraq, uşaq əməyinin istismarına dair illik forumların  keçirilməsi məqsədəuyğun hesab edilir”.

Alçina Amilqızı