Yuxarı

20 Yanvar - 30: Qanla yazılmış qəhrəmanlıq salnaməsi

20 Yanvar - 30: Qanla yazılmış qəhrəmanlıq salnaməsi

20 Yanvar - 30: Qanla yazılmış qəhrəmanlıq salnaməsi


O qanlı yanvar faciəsindən xalqımızı 30 illik zaman fasiləsi ayırır. 

Azərbaycan xalqı zaman-zaman ağır faciələrlə üzləşib, haqsızlıqlarla qarşılaşıb. Xalqımızın başına gətirilən belə faciələrdən biri də qanlı 20 Yanvar faciəsi idi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərinə və Azərbaycanın bir neçə rayonuna keçmiş Sovetlər İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən yeridildi, dinc əhaliyə divan tutuldu, yüzlərlə insan qətlə yetirildi, yaralandı, itkin düşdü. Sovet ordusunun, xüsusi təyinatlı dəstələrin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə müşayiət edildi. 

Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirib, 20 nəfəri ölümcül yaralayıb. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində daha 21 nəfər öldürülüb. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda -yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilib. Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və respublika rayonlarında 131 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunub. Hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilib. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin, təcili yardım işçiləri və milis nəfərləri olub. Keçmiş SSRİ və keçmiş Azərbaycan SSR konstitusiyaları kobudcasına pozulmuş, Azərbaycan Respublikasının suveren hüquqları tapdalanmışdı. Bu, süqut etməkdə və çökməkdə olan nəhəng imperiyanın-Sovetlər Birliyi imperiyasının son akkordları idi. Yanvarın 19-da hərbi əməliyyatın növbəti mərhələsi kimi Azərbaycan televiziyasının enerji bloku partladılmış, respublika televiziyası və radiosunun verilişləri tamamilə kəsilmişdi. Faciə baş verən gündən isə digər kütləvi informasiya vasitələrinin fəaliyyəti dayandırılmış, xalq informasiya almaq hüququndan məhrum edilmişdi. Yanvarın 22-də Bakıda şəhidlərin izdihamlı dəfn mərasimi təşkil edildi. Lakin təpədən-dırnağa qədər silahlanmış, "müzəffər sülh ordusu” kimi dünya ictimaiyyətinə həmişə təqdim edilən Sovet ordusunu dinc əhalinin qarşısına çıxaranlar, hətta iqtidar rəsmiləri də dəfn mərasimində iştirak etməyi lazım bilmədilər. Yalnız, o zaman Moskvada məcburi təqaüdə göndərilmiş ümummilli lider Heydər Əliyev özünün və yaxınlarının həyatını təhlükə qarşısında qoyaraq, yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, buraya yığışmış azərbaycanlılar qarşısında çıxış etdi. O, imperiya siyasətini, Qorbaçovun xalqımıza məkrli siyasətini kəskin tənqid etdi. Ümummilli lider Heydər Əliyev elə həmin tarixdə Azərbaycan KP MK-ya, Ali Sovetə, Nazirlər Sovetinə, Azərbaycan xalqına 20 Yanvar faciəsi ilə əlaqədar başsağlığı teleqramı göndərmiş, teleqramın respublika mətbuatında dərc olunmasını, radio və televiziya ilə verilməsini, matəm nitqində oxunmasını xahiş etsə də, həmin teleqramın rəsmi mətbuatda dərc edilməsi məsləhət belə bilinmədi, başqa sözlə, xalqa çatdırılmadı.

Haqlı sual doğur: 20 Yanvar faciəsinin qarşısını almaq mümkün idimi? Bu suala ümummilli lider Heydər Əliyev yuxarıda qeyd etdiyimiz çıxışında dəqiq cavab verib: 

"...Dağlıq Qarabağ hadisələrinin ilkin mərhələsində ölkənin ali partiya, siyasi rəhbərliyi tərəfindən vaxtında zəruri tədbirlər görülsə idi, gərginlik indiki həddə çatmaz, tərəflər itkilərə məruz qalmaz, başlıcası isə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə çoxlu insan qırğını ilə nəticələnən hərbi müdaxilə üçün də zəmin yaranmazdı”. 

Mən möhkəm əqidədəyəm ki, ümummilli lider Heydər Əliyev həmin vaxt hakimiyyətdə olsa idi, bu ağır hadisənin qarşısını ala bilərdi. 1990-cı il yanvarın 19-dan 20-nə Bakı şəhərinə qoşunların yeridilməsi ilə əlaqədar faciəli hadisələrin təfsilatının və səbəblərinin təhqiqi üzrə Azərbaycan Respublikası Ali Sovetinin deputat-istintaq komissiyasının yaradılmasına və Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 19 yanvar 1992-ci il tarixli iclasında həmin komissiyanın işinin yekunlarının müzakirə edilməsinə baxmayaraq, 1994-cü ilə qədər bu məsələyə siyasi-hüquqi qiymət verilmədi. Yalnız ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan Respublikası Milli Məclisinin 29 mart 1994-cü il tarixli iclasında 1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr müzakirə olunub və bu hadisələrə siyasi-hüquqi qiymət verilib. Qərarda göstərilir ki, qabaqcadan düşünülüb hazırlanmış bu təcavüzkarlıq aksiyası Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqa mənəvi zərbə vurmaq məqsədi daşımışıb. 20 Yanvar hadisələri ərəfəsində Sovet İttifaqı Kommunsit Partiyasının rəhbərliyinin xalqın mənafeyinə zidd olan siyasəti, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı Mərkəzin, şəxsən Mixail Qorbaçovun apardığı qeyri-obyektiv və qərəzli xətt geniş xalq kütlələrinin qəzəbinə səbəb olmuşdur. Azərbaycan xalqını dəhşət və müsibətə düçar etmiş 20 Yanvar faciəsi bütün dünyada böyük əks-səda doğurub, mütərəqqi qüvvələrin qəzəb və hiddətinə səbəb olub. Bir çox ölkələrin radiostansiyaları da Yanvar faciəsi haqqında hərtərəfli informasiya verir və imperiya qüvvələrini lənətləyirdi. Xalqımız artıq 20 Yanvar faciəsinin 30-cu ildönümünü qeyd etməyə hazırlaşır. Azərbaycan Prezidenti cənab İlham Əliyev deyib: "20 Yanvarda sovet rejiminin hərbi, siyasi və mənəvi təcavüzünə məruz qalmış Azərbaycan xalqı öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu bütün dünyaya nümayiş etdirdi.

Azərbaycanda haqq-ədalətin müdafiəsi yolunda canlarından keçmiş Vətən övladları Qanlı Yanvarda xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar”. 20 Yanvar faciəsinin qondarma "Dağlıq Qarabağ problemi” ilə əlaqədar olduğunu nəzərə alaraq bir məqamı da qeyd etmək xüsusilə yerinə düşər. Xalqımız bu problemin beynəlxalq hüquq normalarına müvafiq dinc yolla yaxın vaxtlarda ədalətli həllini səbirsizliklə gözləyir. Lakin Qarabağ probleminin dinc yolla həlli istisna olduğu halda, şübhəsiz, xalqımız möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə öz torpağını hərb yolu ilə azad etmək hüququnu özündə saxlayır. Bu, bizim təbii, ayrılmaz, konstitusion hüququmuzdur. Bu matəm günü ərəfəsində biz bir daha çağdaş milli azadlıq mübarizəsinin öncülləri, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində örnək olan şəhidlərimizə Allahdan rəhmət diləyirik. 

Arifə Qasımova

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi

Ağstafa rayon qeydiyyat şöbəsinin rəisi, ədliyyə müşaviri

cumhuriyyet.biz





Həftənin ən çox oxunanları