Yuxarı

Məktəbin və parkın yanında "heyvan qətliamı”: Qaradağ rayon İcra Hakimiyyəti və AQTA niyə göz yumur? - FOTOFAKT

Məktəbin və parkın yanında


Məktəbin və parkın yanında

Bakıda daha iki qanunsuz ət kəsimi məntəqəsinin fəaliyyəti ortaya çıxıb. 

Söhbət İbrahimov Seymur Zahir oğlu və Həsənov Ədalət Murad oğluna məxsus ət kəsimi məntəqələrindən gedir. Bu iddia ilə Qaradağ rayonu Lökbatan qəsəbə sakinləri Cebhe.info-ya müraciət ediblər. Sakinlərin bildirdiyinə görə, qəsəbədə yerləşən 166 saylı orta məktəbin və Heydər Əliyev Parkının yanında qanunsuz iki sallaqxana fəaliyyət göstərir.

Aralarında 500-600 metr məsafə olan hər iki məntəqədə diri heyvanlar insanların gözü qarşısında kəsilir. Sentyabr ayında qəsəbə sakinləri Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə hər iki məntəqədəki antisanitar vəziyyət və mənşəyi bilinməyən ət kəsimi ilə bağlı  müraciət etsələr də, nəticəsi olmayıb. Qurum hələ də bu vəziyyətə göz yumur:

"Sentyabr ayında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə müraciət etdik. Bildirdik ki, hər iki məntəqədə antisanitar vəziyyət var və diri heyvanlar gətirilərək insanların gözü qarşısında kəsilir. Qəssablar yoxlanışdan keçməyən heyvanları özləri kəsib satırlar. Bilirik ki, bu qanunsuzdur. Kəsilən heyvanlar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin nəzarətində deyil. Ətlərin yoxlanışdan keçməməsi və orada olan antisanitar vəziyyətdən həm narahat, həm də narazıyıq. Agentlik sözdə bizim müraciətə baxdığını və tədbir gördüklərini bildirsə də, qanunsuz fəaliyyət hələ də davam edir”.

Məlumat üçün bildirək ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi sakinlərin müraciət əsasında həmin ət kəsimi məntəqələri ilə bağlı araşdırma aparıb:

"İbrahimov Seymur Zahir oğluna məxsus ət satışı mağazasında satılan ətlərin qida təhlükəsizliyinə nəzarət məntəqəsində kəsilərək baytarlıq ekspertizasından keçiriləndən sonra satışı həyata keçirilir. Antisanitar vəziyyət mövcud deyil. Həsənov Ədalət Murad oğluna məxsus ət kəsimi məntəqəsində isə baytarlıq ekspedisiyası aparılmadan ətin kəsildiyi həyata keçirildiyi müəyyən edilib. Bu qeyri-qanunidir”. 

Xatırladaq ki, 2018-ci ilin iyununda Prezident İlham Əliyev Azərbaycanda müasir heyvan kəsimi məntəqələrinin yaradılması ilə bağlı sərəncam verib. Bu sərəncam ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, stasionar, modul və mobil tipli kəsim məntəqələrinin təşkil olunması, qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması və istehlakçıların hüquqlarının müdafiəsi məqsədi ilə verilib.  

Sənəd qida təhlükəsizliyinin təmin edilməsi sahəsində tədbirlərin sistemli və kompleks şəkildə həyata keçirilməsinə xidmət etməlidir. Prezident Qida Təhlükəsizliyi Agentliyinə tapşırıb ki, yerli icra hakimiyyəti orqanları ilə birlikdə sahibkarlıq subyektlərini cəlb etməklə baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə uyğun müasir heyvan kəsimi məntəqələrinin yaradılması ilə bağlı tədbirlər görsün. Bu zaman sakinlərin sıxlığı və onlara əlverişli sahələr nəzərə alınmalıdır.  Sərəncama görə, Daxili İşlər Nazirliyi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında satış məqsədi ilə heyvan kəsimi hallarının qarşısı alınmalıdır. Ümid edirik ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, Daxili İşlər Nazirliyi, həmçinin sakinlərin şikayətini görməzdən gələn Qaradağ rayon İcra Hakimiyyəti  məsələnin ciddiliyinə varacaq.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları