Yuxarı

Məktəblərin yanında kafe, restoran açıla bilərmi? – Baş Plansızlığın daha bir PROBLEMİ ortaya çıxdı

Məktəblərin yanında kafe, restoran açıla bilərmi? – Baş Plansızlığın daha bir PROBLEMİ ortaya çıxdı

Məktəblərin yanında kafe, restoran açıla bilərmi? – Baş Plansızlığın daha bir PROBLEMİ ortaya çıxdı


Demək olar ki, bir çox təhsil ocaqlarının yaxınlığında iaşə obyektləri fəaliyyət göstərir.

İnternet kafelər, çayxanalar və digər bu tipli məkanlar məktəblərə yaxın ərazilərdə yerləşir. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BKTİ) müdiri Rəşad Tağıyev də mətbuata açıqlamasında bu məsələyə toxunub.

"Məktəblərin yaxınlığında yerləşən internet kafelərin şagirdlərin davamiyyətinə təsir göstərməsi halları mövcuddur. Bundan başqa, tütün məmulatları və alkoqollu içkilərin satıldığı ticarət obyektləri ilə bağlı bizə məlumatlar daxil olduqda yerli icra hakimiyyəti orqanlarına və Daxili İşlər Nazirliyinin yerli rayon polis idarələrinə müraciət olunur və lazımi ölçü götürülür. İnternet klublarla da bağlı rayon polis idarələri ilə əməkdaşlığımız mövcuddur, müvafiq reydlər aparılır. Əgər belə hallar aşkarlanarsa, şagirdlər və onların valideynləri ilə profilaktik-maarifləndirici işlər aparılır”.

Maraqlıdır, ümumiyyətlə, təhsil ocaqlarının yaxınlığında hər hansı iaşə obyektinin fəaliyyətini qadağan edəcək qanun varmı?

Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov Cebhe.info-ya açıqlamasında deyib ki, Bakının Baş Planı hazır olmadığı üçün iaşə obyektlərinin məktəblərdə hansı məsafədə yerləşməsi qanunvericiliklə tənzimlənməyib:

"Sadəcə olaraq qeyd olunur ki, azyaşlıların kütləvi hərəkət etdiyi, təlim-tədris aldığı yerlərdə xidmət, iaşə obyektlərinin olması tövsiyə olunmur. Amma bu o demək deyil ki, həmin obyektlər şagirdlərin təhsilə davamiyyətinə təsir göstərir. Məsələn, şagirdlər internet kafelərə gedə bilərlər, amma ona nəzarət mexanimzi olmalıdır. Söhbət ondan getmir ki, şagirdlər ancaq qadağan olunmuş internet saytlarına girirlər. Bu gün informasiya dövrüdür, ola bilər ki, informasiya alırlar. Amma şagirdlər internet kafelərə mütləq qaydada nəzarət olunaraq getməlidirlər.

Məsələn, biz görürük ki, təhsil müəssisələrinin yaxınlığında ət kəsimi məntəqələri var. Bu, təbii ki, uşaqların psixologiyasına mənfi təsir göstərir. Dərsə davamiyyət məsələsi qeyd olunan obyektlərin imkanları xaricindədir. Əsas məsələ həmin obyektlərin uşaqlara psixoloji və fizioloji təsiridir. Yay aylarında görürük ki, məktəbin ətrafında yolboyu çayxanalar fəaliyyət göstərir və şagirdlər onun içindən keçib gedir. Orada isə siqaret çəkirlər və ya kənara söz atırlar. Məktəblərin qarşısında köşklər qoyulur və spirtli içki, enerji içkiləri, tütün məhsulları satılır. Hazırda isə Azərbaycanın hər hansı bir Qanunvericilik Aktında qeyd olunmayıb ki, məktəblərin ətrafında bu obyektlər olmamalıdır və ya 100 metr məsafədə olmalıdır. Sadəcə belə bir qayda var ki, obyektlər hərəkətin aktiv olduğu yoldan 17-20 metr məsafədə olmalıdır. Amma görürük ki, yolun hətta 1 metr məsafəsində belə obyektlər var. Deməli, Bakının və digər regionların Baş Planı təsdiq olunmalıdır və ancaq o zaman bu məsələ nəzərə alına bilər”.

Vilayət Muxtar