Yuxarı

Azərbaycan bazarına GMO TƏHDİDİ

Azərbaycan bazarına GMO TƏHDİDİ

Azərbaycan bazarına GMO TƏHDİDİ

Genetik Modifikasiya Olunmuş (GMO) məhsullar XXI əsrin bəlalarından biri hesab olunur.

İnsan orqanizmində bir sıra xəstəliklərə səbəb olan bu cür məhsullar dünyanın inkişaf etmiş ölkələrində qadağan edilib. Azərbaycan qanunvericiliyində də GMO bitkilərin ticarəti, eləcə də idxalı qadağan olunur, bununla bağlı cinayət məsuliyyəti də nəzərdə tutulur.

"Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında" Qanunda nəzərdə tutulur ki, Respublika ərazisinə genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarının gətirilməsi, rayonlaşdırılması və dövlət reyestrinə daxil edilməsi qadağandır. Amma ölkəmizə GMO-lu məhsulların idxalı ilə bağlı iddialar mövcuddur. Ərzaq bazarında mövcud olan bəzi məhsulların görkəmi, keyfiyyətindəki ciddi fərqlilik də bunu ehtimal etməyə əsas verir.

Bəs, Azərbaycanda GMO-nu üzə çıxaran laboratoriyalar varmı və onlar necə fəaliyyət göstərirlər?

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin Mərkəzi Gömrük Ekspertizası İdarəsinin nəzdində GMO laboratoriylarının fəaliyyət göstərdiyi bildirilir. Eləcə də bu cür laboratoriyaların Naxçıvan Mərkəzi Gömrük Ekspertizası İdarəsində fəaliyyət göstərdiyi qeyd olunur.

Azad İsteklakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov da "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, Azərbaycanda GMO-nu müəyyən edən laboratoriyalar var:

"Dövlət Gömrük Komitəsinin laboratoriyaları var. Eləcə də əvvəllər Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin laboratoriyası var idi, indi isə yəqin ki, onlar Qida Təhlükəsizliyi Agentliyinə verilib. 4 il əvvəl mən laboratoriyaların necə işlədiyini müəyyənləşdirmək üçün Braziliyadan beş GMO-lu məhsul aldım. Onları anonim formada qablaşdıraraq, laboratoriyalara verdim. Dövlət Gömrük Komitəsinin laboratoriyasından bildirdilər ki, həmin məhsullar GMO-lu deyil, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən isə bildirdilər ki, GMO-ludur. Hər iki qurum mənə rəsmi sənəd verib. O zaman mənə məlum oldu ki, əslində laboratoriyalar 50 faiz işləyir, yaxşı yoxlama aparmırlar”.

Birlik sədri deyir ki, Azərbaycanda GMO məhsulların lobbiçiliyini aparan qurumlar var:

"GMO məhsullar hazırlayanlar bu işi Ümumdünya Ticarət Təşkilatının əli ilə inkişaf etdirilər. Bu baxımdan Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına daxil olmaması məni sevindirir. Ölkədə GMO-nun irəliləməsinə müəyyən baryerlər var. Ölkə Prezidentinin də bununla bağlı əhəmiyyətli göstərişləri var. Lakin ölkədə bəzi məhsullar var ki, onlar şübhə doğurur. Məsələn, toxumları növbəti illərdə cücərti verməyən məhsullar - qarpızlar, pomidorlar, soğanlar, çiyələklər, böyük ölçülü bibərlər şübhə yaradır. Eləcə də içərisində tumu olmayan qarpızlar var. Bu cür məhsullarda GMO əlamətləri var. Amma bu laboratoriyalar bir dənə də olsun məhsul ortaya qoya bilməyiblər. GMO-lu məhsulları gözlə görüb, müəyyənləşdirmək isə çox çətindir. Çünki bəzən hibrit, calaq məhsulları ilə GMO-ları ayırmaq çətin olur. Konkret olaraq, hesab edirəm ki, Azərbaycanda GMO var, onun ölkəyə gətirilməsinə dəstək verən qruplar fəaliyyət göstərir. Buna qarşı mübarizə aparan dövlət adamlarından biri Parlamentin Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimov, ictimai təşkilat olaraq isə "Azad İstehlakçılar” Birliyidir”.

Eyyub Hüseynov deyir ki, Azərbaycanda broyler fabriklərində istehsal olunan toyuqlar əsasən Argentinadan gələn soya bitkisi ilə yetişdirilir ki, bunun GMO olması ilə bağlı iddia var:

"Bu da toyuğun özündə də əks oluna bilər. Buna görə də problemlər təkcə broyler fabriklərinin yetişdirdiyi toyuqlarda deyil, həyət toyuqlarında da müşahidə olunur. Ölkədə elə bir ərazi yoxdur ki, orada toyuğa dərman vermədən saxlamaq mümkün olsun. Ən ucqar dağ kəndlərində belə toyuqlar xəstələnir və onlar baytar əlindən keçir. Hansı məhsulla ki baytarın əli dəyir, onlar yeməli deyil. Yalnız dəniz balığının yeməli hesab etmək olar”.

Hüquq müdafiəçisi bildirir ki, insulin preparatı GMO-dan alınır:

"Yeganə məhsuldur ki, şəkər xəstəliyinin müalicəsində istifadə olunaraq insanların xeyrinə işlənilir”.

Onun sözlərinə görə, GMO-lu məhsulların dünyanı aclıqdan xilas etməsi haqqında fikirlər yanlışdır:

"Hibritləşmə, gübrələmə, GMO məhsullarla bəşəriyyəti yedizdirmək olmaz”.

Qeyd edək ki, mövzu ilə bağlı Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinin rəhbəri Natiq Axundovla əlaqə saxlamaq cəhdlərimiz baş tutmayıb.

Xatirə Nəsirova