Yuxarı

Xalqı zəfərə aparan döyüş ruhu: "Özümüzü müdafiə üçün bizdə o hislər yaranır” - SOSİOLOQ

Xalqı zəfərə aparan döyüş ruhu:


Xalqı zəfərə aparan döyüş ruhu:

Ermənistan Silahlı Qüvvələrinin Tovuz bölgəsində hərbi təxribata əl atması, cəbhədə yaranan gərginlik Azərbaycan cəmiyyətində ciddi rezonans doğurdu.

Azərbaycan xalqının belə dar gündə milli həmrəylik nümayiş etdirməsi, dünya ölkələrinə səpələnmiş soydaşlarımızım erməni təcavüzünə qarşı etiraz hərəkatı düşməni, onun arxasında duran qüvvələri çaşdırıb.

Bakı və digər iri şəhərlərdə möhtəşəm orduya dəstək aksiyaları, prezident İlham Əliyevin çağırışı ilə gənclərin orduya yazılmaq üçün hərbi çağırış məntəqələrinə yollanması, hərbi vətənpərvərliyin ən yüksək səviyyədə nümayişi Azərbaycan xalqında passionarlıq enerjisinin yenidən oyandığını göstərir.

Ekspertlər hesab edir ki, bu passionar enerjini qələbəyə çevirməyin zamanıdır.Bəs bunun üçün nə lazımdır?

Sosioloq Əhməd Qəşəmoğlu "Cümhuriyət”ə açıqlamasında deyib ki, hazırda əsas işimiz bu enerjini dövlətçiyliyin möhkəmləndirilməsinə yönəltmək olmalıdır:

"Bu enerjini 2016-cı il aprel döyüşləri vaxtı da, indi də hiss etdik ki, bizim gənclərdə bu var. İndi biz qayğısına qalmalıyıq ki, bu enerjini düzgün istiqamətləndirək. Bu, birləşdirici bir rol oynasın.Bunun üçün ilk növbədə elə etmək lazımdır ki, enerji, əsasən, dövlətçiliyimizə, dövlətin bütövlüyünə istiqamətlənsin.İndiki müharibə şəraitində ölkədə ancaq vahid ideya ətrafında birləşmək lazımdır. Hiss olnunur ki, gənclərin bu enerjisindən bəziləri başqa məqsədlər üçün istifadə etmək istəyirlər. Buna yol vermək olmaz. Ümumiyyətlə, psixologiyada belə bir şey var ki, körpə uşaq alma istəyir və onu göstərirsən. Elə ki, o körpə uşaq almanı götürmək istəyir, çəkirsən vermirsən. O zaman uşaq psixoloji olaraq sınır. Bu üsulu 1988-ci ildən bu günə qədər Moskva bizə kifayət qədər tətbiq etdi.Müşahidə edirdik ki, Qarabağla bağlı Moskvada müsbət bir danışıq gedir, camaat burada həvəslənir, səhəri günü isə tamamilə fərqli qərar olur.Bu artıq zərbə vurmaqdır.Ona görə də biz çalışmalıyıq ki, gənclərimizdəki bu təbii enerjini itirməyək.İndi əsas məsələ odur ki, bu enerjini düzgün istiqamətə yönləndirək.Bu düzgün istiqamət isə əhalinin hamısının vətəni qorumaq, torpağın uğurunda mübarizə aparmaq istiqamətinə yönəldək”.

Ə.Qəşəmoğlu bildirib ki, bu enerjinin ortaya çıxmasında da bir neçə faktor var:

"İnsanda davranışın formalaşmasına 4 əsas amil təsir edir. Bunlardan biri insanın özünün xisləti, gen, qan yaddaşıdır. Bizim gen yaddaşımızda bu müsbət tərəflər var ki, biz vətənin, torpağın yolunda əsrlər boyu birlik ola bilirik. Bir də psixoloji məsələ var. İnsan həmişə nəsə itirəndə özünümüdafiə instinkti yaranır.Başa düşürük ki, Azərbaycanı parçalayıblar və bizi onun bir küncünə sıxıblar.Biz də başa düşürük ki, bunun başqa yolu yoxdur.Özümüzü müdafiə üçün bizdə o hisslər yaranır, daxili potensialımız oyanır, üzə çıxır.İkinci isə mühit amilidir.Bizim yaşlı nəsildən qaçqın-köçkün həyatı yaşayanlar, ziyalılar, müəllimlər bu barədə gənclərimizi lazımı qədər maarifləndirirlər.İnsanlarımıza bunu inandırırlar.Yaşlı nəsil, hansı ki, torpaqlarından qovulublar, ağrı-acını görüblər, 20 Yanvar, Xocalı hadisəsini yaşayıblar, onlar hələ həyatdadır.Onlar dünyadan gedənə qədər bu proseslər davam etsə, gəncləri həvəsləndirən, düzgün yönələndirən nəsil olmayacaq.Deməli, mühitimiz də vətənpərvər ruhda olmağımıza imkan verir.Üçüncü isə informasiya almaq məsələsidir.

İnformasiya baxımından son vaxtlar çox təəssüf ki, televiziyalarımız heç bir müsbət iş görmədilər. Müəyyən verilişlərdə nələrsə oldu, amma ümumi olaraq lazımı işlər olmadı.Amma sosial şəbəkələrdə bu baxımdan kifayət qədər informasiya mübadiləsi gedir.Dördüncü amil isə insanların üstünlük verdiyi dəyərlərdir.Bu dəyərlərdən mənəvi məsələlər var ki, təəssüf ki, biz hələ də onlara lazımı dəyəri verə bilmirik.Amma vətən, torpaq hissi olan bu dəyər hələ də xalqımız üçün müqəddəsdir.Bunların hamısı onu deməyə əsas verir ki, bizdə bu potensial var. Ona görə də biz çalışmalıyıq ki, bunu itirməyək.

Bunu itirməmək üçün də baş verənləri gözdən salmaq olmaz.Tovuz hadisələri vaxtı Şəhidlər xiyabanında insanların toplaşmasını qaralamaq olmaz ki, bunun sonunda belə oldu.Sadəcə olaraq baş verənləri bir vətən sevgisi olaraq təbliğ etmək lazımdır və bu insanların beyninə bu cür yerləşməlidir.Bu prosesi başqa istiqamətlərə yönəltmək istəyənlərə imkan verməməliyik”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları