Yuxarı

Gələcək üçün böyük problem: Sayımız azalacaq?

Gələcək üçün böyük problem: Sayımız azalacaq?

Gələcək üçün böyük problem: Sayımız azalacaq?


2050-ci ildən sonra dünyanın 195 ölkəsində əhali sayı azalmağa başlayacaq.2100-cü ildə isə 189 ölkədə doğum səviyyəsi elə həddə çatacaq ki, xaricdən immiqrant gəlməsə, ölkənin işçi qüvvəsinə ehtiyacını təmin etmək mümkün olmayacaq.

Bu ABŞ-ın Vaşinqton universitetinin analitiklərinin hesablamalarında ortaya çıxıb. Universitetinin analitikləri hesablayıblar ki, təqribən 80 ildən sonra - 2100-cü ildə ölkələrin əhali sayına görə dünyanın xəritəsi tamamilə dəyişəcək. 2100-cü ilədək dünyada demoqrafiya sahəsində iki əsas proses baş verəcək - doğum səviyyəsinin aşağı düşməsi və əmək qabiliyyətli əhalinin sayının azalması.

Nəticədə 2100-cü ildə dünyanın ən çox əhalisi olacaq ilk 5 ölkə bunlar olacaq: Hindistan (1,09 mlrd), Nigeriya (791 mln), Çin (732 mln), ABŞ (336 mln) və Pakistan (248 mln). Halbuki, 2017-ci ildə əhalisi ən çox olan 5 ölkənin siyhzısı belə idi: Çin (1,4 mlrd), Hindistan (1,38 mlrd), ABŞ (325 mln), İndoneziya (258 mln) və Pakistan (214 mln).

Universitet alimləri hesablayıb ki, 2100-cü ildə dünyada doğum səviyyəsi (yəni bir qadının ömür boyu ərzində dünyaya gətirdiyi uşaqların orta sayı) 2017-ci ildəki 2,27-dən, 2100-cü ildə 1,66-ya düşəcək.

Halbuki, ölkənin işçi qüvvəsinə tələbatını təmin etmək üçün minimum göstərici 2,1-dir. Hesablamalara görə, dünyada insanların sayı ən yüksək həddə 2064-cü ildə çatacaq - 9,7 mlrd nəfər. 2100-cü ildə isə əhali sayı 8,8 milyard nəfərə düşəcək. 23 ölkədə, o cümlədən Yaponiya, Tailand, İtaliya və İspaniyada isə əhali sayı 50% azalacaq.Rusiya əhalisi də təqribən 40 milyon nəfər azalacaq və 2017-ci ildəki 146 milyon nəfərdən 2100-cü ildə 106 milyon nəfərə enəcək. Hesablamalar göstərib ki, 2017-ci ildə dünyada 5 yaşınadək uşaqların sayı 681 milyon nəfər olduğu halda, 2100-cü ildə bu göstərici 401 milyona düşəcək. Yaşı 80-dən artıq olanların sayı isə indiki 141 milyondan 866 milyon nəfərə yüksələcək.

2017-ci ildə dünyanın ən böyük iqtisadiyyatı ABŞ idi, 2035-ci ildə onu Çin əvəz edəcək, amma 2098-ci ildə ABŞ yenidən ən böyük iqtisadiyyata malik ölkə olacaq.Ümumiyyətlə, Hindistan və Çin kimi ölkələrdə əmək qabiliyyətli əhali sayının kəskin azalacağı gözlənilir.

Bəs Azərbaycanda demoqrafik proseslər hansı istiqamətdə inkişaf edir?

"Cümhuriyət” qəzetinin araşdırmasına görə, hələ ki, ölkəmizdə əhali artımı ilə bağlı problem müşahidə olunmur.Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ölkəmizdə XIX əsrin sonlarında etibarən, əhali sayında yüksək artım müşahidə olunmağa başlayıb.

Belə ki, 1897-ci ildə əhali sayı yuvarlaq qeyd etsək, 1 milyon 800 min nəfər olub.1826-cı ildə 2 milyon 300 min nəfərə çatıb. 1959-cı ildə 3 milyon 600 min, 1970-cı ildə 5 milyon 100 min, 1990-cı ildə 7 milyon 100 nəfər, 2000-ci ildə 8 milyon, 2010-cu ildə 8 milyon 900 min nəfər olub. Sonuncu on il ərzində isə əhalinin artımının həddi 2 milyon nəfərdən çox olub. Belə ki, rəsmi statistikaya görə, yuvarlaq qeyd etsək, əhali sayı 10 milyon 67 min nəfəri ötüb. Rəsmi statistikadan göründüyü kimi, 123 il ərzində əhali artımı təqribən 7,7 milyon olub ki, bu heç də kiçik rəqəm deyil.

Qeyd edək ki, 125 illik siyahıya görə, şəhər və kənd əhalisinin nisbətində kəskin fərq olub, illər keçdikcə şəhər əhalisinin sayında artım, kənd əhalisinin sayında isə eniş müşahidə olunub. Belə ki, əgər XIX əsrin sonlarında 1,8 milyon nəfərin yalnız 305 min nəfəri "şəhərli” idi və 1,5 milyonunu kənd əhalisi təşkil edirdisə, 1970-ci ildə şəhər və kənddə yaşayanların sayı demək olar ki, bərabərləşib, bundan sonra isə şəhər əhalisinin sayı artmağa başlayıb. Qeyd edək ki, son göstəriciyə görə, əhalinin təqribən 5 milyon 3 min nəfərini "şəhərli”, 4 milyon 700 min nəfərini isə kənd yerində yaşayanlar təşkil edir.

Növbəti 100 ildə Azərbaycanı hansı demoqrafik proses gözləyə bilər?

AMEA Fəlsəfə İnstitutunun Sosial fəlsəfə və ekoloji problemlər şöbəsinin aparıcı elmi işçi, fəlsəfə üzrə fəlsəfə doktoru Ağasəlim Həsənov "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, dünyada gedən demoqrafik proseslərə əsasən demək olar ki, Qərb ölkələrində, eləcə də Şimal qonşumuz Rusiyada bu sahədə problemlər yaşanır:

"Əhali artımının qənaətbəxş olmaması bir sıra problemlərlə bağlıdır ki, burada adət-ənənə, dövlətlər tərəfindən tətbiq olunan qadağalar rol oynayır. Alqoqolizmə, müxtəlif xəstəliklərə yuvarlanma faizinin yüksək olması nəticə etibarı ilə əhalinin artımına təsir edən səbəblər sırasındadır. Ümumiyyətlə hazırda əhalinin artımı daha çox islam inanclı ölkələrdə müşahidə olunmaqdadır. O cümlədən də Azərbaycanda demokrafiq vəziyyətlə bağlı narahatlıq doğuran hər hansı bir problem yoxdur. Hazırda müşahidə olunan doğum səviyyəsi qənaətbəxşdir.Digər müsəlman ölkələrində də demoqrafik vəziyyətlə bağlı problemlər müşahidə olunmur”.

Qarşıdakı uzunmüddətli dövr üçün olan proqnozlara gəlincə, sosioloq deyir ki, Azərbaycan gəncliyinin düşüncəsində köklü dəyişiklik var:

"Müasir Azərbaycan gəncliyi artıq "evlənməmək də olar” kimi düşüncəyə sahib olurlar. Bəzi gənclər də var ki, ailə qurmaq, övlad sahibi olmaq arzusunda olsalar da, sosial - iqtisadi problemlərə görə bu arzularının gerçəkləşməsi ləngiyir və bəzən yaşları 30-u keçir. Digər tərəfdən isə cütlüklər az uşağın olmasına üstünlük verirlər. Əksəriyyət 1 və ya 2 uşağın olmasına üstünlük verirlər, hansı ki, 1 uşağın dünyaya gəlməsi nəticə etibarı ilə əhalinin azalmasına təsir edən faktorlardandır. Gənclər isə bunu onunla izah edir ki, 3,4 uşağın olması, onların sağlam böyüməsi, yaxşı təhsil alması xərc tələb edir. Ola bilsin ki, indi Azərbaycan cəmiyyətində başlanan bu proseslər gələcəkdə demoqrafik vəziyyətin arzu olunmayan istiqamətdə inkişaf etməsinə təsir edə bilər. Hesab edirəm ki, cəmiyyət inkişaf etdikcə, düşüncə tərzi dəyişdikcə, dəyərlər transformasiyaya uğradıqca, bir çox məsələlərə, o cümlədən də ailə qurmağa və nəsil artırmağa yanaşma tərzi dəyişir.

Xatirə Nəsirova