Yuxarı

Ənənəvi məktəb dövrü qapanır? - Həftədə 2-3 günlük dərs uşaqlara nə verəcək?

Ənənəvi məktəb dövrü qapanır? - Həftədə 2-3 günlük dərs uşaqlara nə verəcək?

Ənənəvi məktəb dövrü qapanır? - Həftədə 2-3 günlük dərs uşaqlara nə verəcək?

Sentyabrın 15-dən orta məktbələrdə dərslərin başlanacağı gözlənilir.

Dərslərin hansı formada başlanacağı ictimaiyyətə açıqlandı. Məlum oldu ki, dərslər həm onlayn, həm də ənənəvi üsulla keçiriləcək. İbtidai siniflər sentyabr 15-dən, V-IX siniflər oktyabrın 1-dən, X, XI siniflər, eləcə də ali təhsil müəssisələrində təhsil alanlar isə oktyabrın 15-dən ənənəvi qaydada dərslərə davam edəcəklər.

Həftədə 2-3 dəfə keçirilməsi nəzərdə tutulan dərslərə davamiyyət məcburi olmayacaq. Uşaqların məktəbə gedib-getməməsi valideynlərin seçimindən asılı olacaq. Məsələnin digər tərəfi isə ondan ibarətdir ki, Bakıda mərkəzdə yerləşən bir sıra məktəblərdə sıxlıq müşahidə olunur.

Bu şəraitdə ənənəvi təhsil necə təşkil olunacaq? Ümumiyyətlə, açıqlanan şərtlər daxilində təhsilin keyfiyyətinin hansı səviyyədə olacağı gözlənilir?

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilov "Cümhuriyət”qəzetinə açıqlamasında bildirib ki, hazırda təhsilin keyfiyyəti ilə bağlı müzakirə açmağa lüzum görmür:

"Uzun müddət idi ki, içtimaiyyəti bu sual maraqlandırırdı: məktəblər açılacaqmı, dərslər hansı formada davam edəcək. Operativ Qərargahın konfransında vətəndaşları narahat edən məqamlara aydınlıq gətirildi. Sevindiricidir ki, məktəblər açılır. Formasına, qaneedici olub-olmamasına gəlincə, hesab edirəm ki, hazırkı məqama olan vəziyyət budur. Biz istəsək də, istəməsək də bununla razılaşmalıyıq. Çünki dünyanı əhatə edən qlobal məsələdir. Kiminsə iradəsindən asılı olaraq da həll olunmur. Bizim İctimai Şura Təhsil Nazirliyi ilə geniş ictimaiyyət arasında körpü rolu oynayır. Nazir də pandemiya şəraitində təhsil müəssisələrinin fəaliyyətə başlanılması ilə bağlı ilk videokonfrans formasında görüşünü bizimlə keçirib. Bundan sonra da deputatlar, özəl məktəblərin direktorları, hətta müxtəlif regionlardan olan müəllim və şagirdlərlə görüş keçirilib . Yəni demək istəyirəm ki, qərarlar kiminsə subyektiv fikri əsasında verilməyib, bu geniş içtimaiyyətin fikirlərinin öyrənilməsinə əsaslanıb”. Digər tərəfdən isə Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinin olduğunu deyən ekspert qərarlarda bunların nəzərə alındığını bildirib: "Bu hazırda lokal vəziyyət nəzərə alınmaqla məsələyə diferensial yanaşmadır. Bütün məsələlər təhsilin dayanıqlı inkişafına xidmət edir. Sentyabrın 15-nə hələ ki, müddət var, hətta hesab edirəm qərarı bir qədər də təxirə salmaq olardı. Amma geniş ictimaiyyət arasında narahatçılıq olduğu üçün brifinq keçirildi və qərar elan olundu. Müzakirələr isə yenə də davam edir. Bu gün də müəyyən qrupla nazirin görüşü olacaq, sentyabrın 1-də İctimai Şuranın müzakirələri var. Yaranmış situasiyaya uyğun qərarlar veriləcək”.

Pandemiya şəraitində məktəblərdəki sıxlıq problemi necə həll olunacağına gəldikdə isə, Nadir İsrafilov deyir ki, məsafənin gözlənilməsi vacib şərtdir:

"Ölkədə sıxlıqla bağlı ciddi problem yoxdur. 4500-dən artıq məktəb var, amma bu problem 120-130 məktəb üçün xarakterikdir. Ənənəvi təhsil tətbiq olunduğu vəziyyətdə sanitar epidimioloji vəziyyətə riayyət edilməlidir. Təbii ki, üz-üzə təhsilin keyfiyyətini onlayn təhsil verə bilməz. Amma ölkə başçısının da dediyi kimi, bir nömrəli məsələ insan sağlamlığıdır. Bu istiqamətdə də işlər görülür”.

Nadir İsrafilov deyir ki, ənənəvi təhsil tam bərpa olunsa belə, bununla yanaşı, distant təhsil də inkişaf etdirilməlidir:

"Çünki bu 2009-cu ildə qəbul olunan təhsil qanunda öz əksini tapıb və təhsilin əsas formalarından biridir. Amma bunun tətbiqinə ehtiyac duyulmayıb. Teledərslər təcrübəsi də Azərbaycanda Sovet dövründən var. Pandemiya şəraiti göstərdi ki, bu kimi vəziyyətlərə hazır olmaq lazımdır. Biz müəyyən təcrübə qazandıq və yəqin ki, təhsilin bu formalarına da üstünlük veriləcək”.

Xatirə Nəsirova