Yuxarı

İşğal edilən bölgələrdə toponimlərin saxtalaşdırılması: Faktlar dünyaya çatdırılır

İşğal edilən bölgələrdə toponimlərin saxtalaşdırılması: Faktlar dünyaya çatdırılır

İşğal edilən bölgələrdə toponimlərin saxtalaşdırılması: Faktlar dünyaya çatdırılır

"Vəfa” Ziyalı Qadınlar İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə növbəti layihəni icra edir.

"İşğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonların maddi mədəniyyət abidələrinin və toponimlərinin saxtalaşdırılmasına dair faktların beynəlxalq ictimaiyyətə çatdırılması” adlı layihəni icra edən təşkilatın təsisçisi və sədri Əsmayə Cavadova, layihənin rəhbəri Səbinə Qəhrəmanovadır.

Təşkilat layihə çərçivəsində növbəti məqaləni təqdim edir.

İstənilən ölkənin toponimiyası çox sayda coğrafi ərazi adlarından-toponimlərdən ibarətdir. Azərbaycan ərazisində xalqımızın keçmişini, həmin ərazilərdə məskunlaşma tarixini özündə əks etdirən yüz minlərlə toponim var. Burada mövcud olan yaşayış məskənlərinin böyük əksəriyyəti etnotoponimlər, patronimlər və antroponimlərdir, yəni bu ərazidə yaşamış xalqların, tayfaların, nəsillərin, soyların və şəxslərin ilkin adlarını özlərində daşıyan toponimlərdir. Lakin ermənilər xalqımıza məxsus coğrafi adları dəyişməklə məhz keçmişimizin, tariximizin izlərini o yerlərdən silib, öz saxta, mifik iddia və şovinist ideyalarını bizim ərazilər hesabına gerçəkləşdirmək niyyətində idilər.

30 ilə yaxındır ki, işğal altında olan ərazilərimizin sakinləri kimi coğrafi obyektlərimizin adları da soyqırıma məruz qalıb və qalmaqda davam edir. Azərbaycanlılara məxsus yaşayış məskənlərinin və digər coğrafi obyektlərin adları kütləvi şəkildə dəyişdirilərək erməniləşdirilib. Düşmənin məqsədləri aydındır: qədim türk-Azərbaycan adlarını yaddaşlardan silmək, bu yerlərin guya qədimdən onlara məxsus olduğunu sübut etmək və bununla da işğal etdikləri torpaqları özününküləşdirmək üçün hüquqi zəmin yaratmaq.

Toponimlər milli-mənəvi sərvətdir, ünvandır, gələcəyə ötürülən informasiya kodlarıdır. Bu səbəbdən, onlara diqqət və qayğı göstərilməsi və mühafizə olunması vacib məsələlərdəndir.

Məlumdur ki, indiki Ermənistan ermənilərin deyil, türk mənşəli tayfaların yaşadığı ərazi olub. Elə bu səbəbdən də bu ərazidəki yaşayış məntəqələrinin adları türk mənşəlidir. Təkcə bir fakt-Ermənistan adlandırılan ərazidəki 2310 coğrafi addan 2000-ü türk mənşəlidir. Məhz həmin ərazidə və Dağlıq Qarabağda zaman-zaman Azərbaycan tarixinə aid toponimlər kütləvi şəkildə dəyişdirilib. Ona görə də toponimlərimiz haqqında ictimaiyyət, xüsusilə gənc nəsil daha məlumatlı olmalıdır. Toponimlərin dəyişdirilməsi ilə bağlı tədqiqatlar aparılsa da, yeterli olmayıb. Təşkilatın icra etdiyi layihə tariximizin qaranlıq səhifələrinə işıq salınması, Ermənistanın təcavüzkar siyasətinin ifşası baxımından əhəmiyyətlidir. Bu, həm də onların ölkəmizə qarşı apardığı informasiya çərçivəsində irəli sürdüyü əsassız iddialara tutarlı cavabdır. Belə ki, işğalçı Ermənistanın Dağlıq Qarabağ bölgəsinə iddialarının əsassız olduğunu göstərməyin təsirli yollarından biri də ermənilərin bu əraziyə köçürüldüklərini və burada olan toponimləri sonradan dəyişdirdiklərini sübut etməkdir. Ermənistan tərəfindən Azərbaycan toponimlərinin saxtakarlıq yolu ilə dəyişdirilməsi və müxtəlif üsullarla uydurma erməni adları ilə əvəzləməsi bir neçə üsulla baş verib.

Birincisi, Azərbaycan mənşəli toponimlər bütövlüklə erməni adları ilə əvəz edilib. İkincisi, keçmiş sovet dövründə dəyişdirilən bəzi toponimlərin erməni yazılış variantı saxlanılıb. Üçüncüsü, işğal altında olan ərazilərin toponimlərindən başqa respublikanın digər yer adlarına da təcavüz edilərək toponimlər təhrif edilməklə qismən dəyişdirilib. Dördüncüsü, hərfi tərcümə nəticəsində adlar dəyişdirilib. Beşincisi, bir qisim toponimlər bəzi fonetik dəyişdirilməyə məruz qalmaqla hazırda mövcud olduğu kimi saxlanılıb.

Göründüyü kimi, Ermənistan təkcə Azərbaycanın torpaqlarına deyil, eyni zamanda, tarixinə, toponimlərinə də təcavüz edib. Bu səbəbdən də Azərbaycan mənşəli coğrafi adların düzgün şəkildə dünya ictimaiyyətinə çatdırılması üçün daha əzmlə mübarizə aparılmalı, müntəzəm olaraq Ermənistan tərəfindən təcavüzə uğrayan Azərbaycan toponimlərinin dəyişdirilməsi ilə bağlı yayılan saxta informasiyalara cavab verilməlidir.

Göründüyü kimi, coğrafi adlar sahəsində respublikamızda kifayət qədər hüquqi baza mövcuddur, amma təəssüf ki, bu qanun və qaydalar Azərbaycan dövlətinin iradəsindən asılı olmayaraq, onun ərazisinin beşdə bir hissəsinə, daha doğrusu, Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ və ətraf yeddi rayonun ərazisinə şamil oluna bilmir. İşğal faktoru, xüsusilə coğrafi obyektlərin, o cümlədən yaşayış məskənlərinin adlarının qorunması ilə bağlı həmin qanunların müvafiq bəndlərinin icrasını mümkünsüz edir.

Ermənilər nəinki Qərbi Azərbaycan-indiki Ermənistan ərazisində, eləcə də Azərbaycanın Qarabağ bölgəsində son 200 ildə yüzlərlə türk-Azərbaycan mənşəli yer adlarını mərhələ-mərhələ erməniləşdirərək dəyişdir. Hələ 19-cu əsrin axırlarında rus tədqiqatçısı M.A.Skibitskinin Qarabağ bölgəsinin yay otlaq sahələri haqqındakı hesabatında (1899-cu il) bu ərazidə yaşayanların 70 %-nin azərbaycanlı (tatar), 16,6%-nin erməni, 12,7%-nin kürd və 0,7%-nin tat olduğu bildirilmişdi. Onun tərtib etdiyi xəritədə isə qeyd olunmuş 1035 coğrafi addan 866-sı (84%-i) Azərbaycan (türk), cəmi 5%-i erməni mənşəlidir, qalan 11%-i isə digər dillərə aiddir.

AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun aparıcı elmi işçisi, coğrafiya elmləri namizədi Mahirə Abbasova şöbənin əməkdaşları ilə birlikdə təkcə Qarabağ bölgəsində son 25 ildə erməniləşdirilərək dəyişdirilən 280-ə yaxın coğrafi adın siyahısını tərtib edib və dəyişmə dərəcəsinə görə təsnifatlandırıblar. Məsələn, ermənilər iri yaşayış məskənlərindən olan Ağdam şəhərini Akna, Xocalını İvanyan, Qubadlını Sanasar; Laçını Berdzor; Kəlbəcəri Karvaçar, Cəbrayılı Jrakan adlandıraraq tam, bəzi yer adlarını qismən, digərlərini isə erməni dilinə tərcümə edib. Hətta çap etdirdikləri xəritələrdə və kütləvi informasiya vasitələrində Azərbaycanın ikinci böyük şəhəri olan qədim Gəncəni Qandzak, Bərdəni şəhərini Partav, Kəpəz dağını Alparak kimi yazmaları beynəlxalq hüquq normalarına etinasızlıq, Azərbaycan xalqına qarşı isə mənəvi terror olduğu danılmazdır.

Müstəqil Azərbaycan Respublikasının ərazi bütövlüyünü pozmaqla kifayətlənməyərək, coğrafi adlarımızı təcavüzə, soyqırımına məruz qoymuş Ermənistan, onun səlahiyyətli nümayəndələri beynəlxalq ictimaiyyət və qurumlar tərəfindən qınanılmalı, onların bu şovinist niyyətli əməlləri kəskin pislənilməli, mənəvi terror və işğal kimi qiymətləndirilməlidir.

Ermənistan bu gün də müstəqil Azərbaycan Respublikasının suveren hüquqlarını pozaraq öz mənfur etnik təmizləmə siyasətini kütləvi informasiya vasitələri, o cümlədən internet şəbəkələri vasitəsilə toponimlərimizə təcavüz etməklə, coğrafi adlarımızı dəyişməklə davam edirlər. Lakin Azərbaycan xalqı ermənilərdən fərqli olaraq, heç vaxt öz ərazisində olan digər xalqlara, etnik qruplara mənsub coğrafi adları dəyişdirməyib və indi də dəyişdirmir.

Azərbaycan çoxmillətli unitar dövlətdir, onun ərazisində 10-a qədər dilə mənsub coğrafi adların olmasına baxmayaraq, onların böyük əksəriyyəti, 70 faizi Azərbaycan-türk mənşəlidir. Azərbaycanda dövlət və onun rəhbərləri tərəfindən milli-etnik münasibətlər sahəsində tolerant siyasət yürüdülür və dilindən, dinindən və irqi mənsubiyyətindən asılı olmayaraq, bütün xalqlara, etnik qruplara məxsus coğrafi adlara hörmətlə yanaşılır, diqqət və qayğı göstərilir.





Həftənin ən çox oxunanları