Yuxarı

"Paşinyan və onun naziri atəşkəslə bağlı vasitəçilərə də hörmətsizlik göstərdilər" - Rəfail Becanov

"Paşinyan və onun naziri atəşkəslə bağlı vasitəçilərə də hörmətsizlik göstərdilər" - Rəfail Becanov

"Ermənistan humanitar atəşkəsə əməl etmir. İki dəfə Rusiyanın təklifi ilə Azərbaycan tərəfi insani prinsiplərdən çıxış edərək, humanitar atəşkəsə razılaşdı. Faktiki olaraq, bütün cəbhə boyu üstünlüyümüz var və bu, davam etməkdədir. Hərbi və psixoloji üstünlüyə baxmayaraq, Azərbaycan tərəfi bir daha insani prinsiplərə sayğı, beynəlxalq hüquq normalarına hörmətlə yanaşma ortaya qoyaraq, humanitar atəşkəslə bağlı təklifə anlayışla yanaşdı”.

Bunu Cebhe.info və "Cümhuriyət” qəzetinin baş redaktoru Rəfail Becanov deyib.

Baş redaktor bildirib ki, bunun əvəzində Ermənistan humanitar atəşkəslə bağlı razılaşmanın heç bir gününün tamam olmasını gözləmədi:

"Azərbaycan atəşkəsə razılıq verməsi əslində Ermənistanın özünə də bir şans idi. Lakin Ermənistan və onun hərbi-siyasi rəhbərliyi bu şansı da düzgün qiymətləndirmədi. Onlara göstərilən bu humanizmin qarşılığında cəbhə xəttiylə, döyüş ərazisi ilə heç bir əlaqəsi olmayan Gəncə şəhərinə raket hücumu təşkil etdi. Gecə vaxtı öz vəhşiliklərini, faşist düşüncələrini bir daha nümayiş etdirdi və yatmış insanlara faciə yaşatdı.

Ermənistan tərəfi və onun siyasi-hərbi cinayətkar rəhbərliyi bununla təkcə atəşkəsə, beynəlxalq hüquqa sayğısızlıq göstərmədi, eyni zamanda vasitəçilik edənləri də fakt qarşısında qoydular. Paşinyan və onun naziri bununla vasitəçilərə də hörmətsizlik göstərdilər.

Ona görə də proseslərin indiki durumu Azərbaycanın günahı deyil. Azərbaycan tərəfi hər zaman nizamlama prinsiplərinə sadiqlik nümayiş etdirib. İndi danışıqların davam etməsi ilə bağlı proses Ermənistandan və onun rəhbərliyindən asılıdır”.

R.Becanov deyib ki, Azərbaycan ordusunun hərb meydanında hansı üstünlüyə malik olması bütün dünyaya məlumdur:

"Hansı masştabda ərazilərimizin erməni işğalından azad edildiyini hər kəs bilir. Ermənistan ordusu faktiki olaraq, məğlub durumdadır. İstər hərbi texnika, istərsə də canlı qüvvə baxımından itkiləri ölçüyəgəlməz dərəcədə böyükdür. Lakin bütün bu üstünlüklərə baxmayaraq, Azərbaycan tərəfi iradə nümayiş etdirir və əgər Ermənistan danışıqlar masasında konstruktiv mövqe tutarsa, nizamlama prosesinə start verilə bilər. Çünki bizim üçün insan amili önəmlidir. Qan tökülməsini istəmirik. Bunu dəfələrlə Prezident İlham Əliyev şəxsən bəyan edib.

Təəssüf ki, Ermənistan özünü konstruktiv aparmır. Ona görə də Ermənistanın konstruktiv mövqeyi olmayacaqsa, torpaqlarımızdan çəkilməyəcəklərsə, Paşinyanın sərsəm bəyanatları davam edəcəksə, Azərbaycan ordusu öz gücünə torpaqlarımızın qalan hissəsini də Şuşanı da, Laçını da, Kəlbəcəri də, Xankəndini də azad edəcək! Biz bundan əminik!”





Həftənin ən çox oxunanları