Yuxarı

Vətən müharibəsi: Qələmi ilə döyüşən Azərbaycan mətbuatı - BİZİM TƏQDİMAT

Vətən müharibəsi: Qələmi ilə döyüşən Azərbaycan mətbuatı - BİZİM TƏQDİMAT

Vətən müharibəsi: Qələmi ilə döyüşən Azərbaycan mətbuatı - BİZİM TƏQDİMAT

Xəbər verdiyimiz kimi, sentyabrın 27-i səhər saatlarından etibarən ermənilər Azərbaycanın bütün cəbhə xətti boyu ərazilərində təxribat törədib.

Buna cavab olaraq, Azərbaycan Ordusu əks-həmlə əməliyyatına başlayıb. Hazırda atəşkəs olsa da, Ermənistan təxribatını davam etdirir, ordumuz da bu təxribatların qarşısını alır.

Məlumdur ki, savaş həm də informasiya cəbhəsində aparılır. Media qurumları, televiziyalar tez və operativ şəkildə xəbərləri cəmiyyətə, eyni zamanda, dünyaya, beynəlxalq təşkilatlara çatdırmaq yönündə fəaliyyət göstərir.

Maraqlıdır, media qurumları əməkdaşlarını cəbhə bölgəsinə ezam edib? Media qurumları xəbərləri daha operativ çatdırmaq üçün hansı addımlar atır?

"Azvision” xəbər portalının baş redaktoru Vüsal Məmmədov bildirib ki, hazırda cəbhə bölgəsində fəaliyyət göstərən müxbirləri yoxdur:

"Cəbhə bölgəsində fəaliyyət göstərən müxbirlərimiz yoxdur. Döyüş gedən ərazilərdən, cəbhə bölgəsindən rəsmi məlumatları gözləyirik”.

Cebhe.info və "Cümhuriyət" qəzetinin baş redaktoru Rəfail Becanov bildirib ki, cəbhə bölgəsində müxbirləri var:

"Cəbhə bölgəsində müxbirimiz var. Əks-həmlə əməliyyatı başlamazdan əvvəl də məhz həmin müxbirimzi vasitəsilə bölgədən məlumatlar verirdik. İndi də müxbimiz yerlərdən reportaj və məlumatlar təqdim edir. Əsasən isə Müdafiə Nazirliyinin rəsmi məlumatlarına istinad edirik".

"Telegraf” media qurumunun baş redaktoru Aynur Camal bildirib ki, hazırda cəbhə bölgəsində çalışan müxbirləri var:

"Təbii ki, cəbhə bölgəsində olan müxbirlərimiz var. Eyni zamanda, bilirsiz ki, orada Operativ Qərargah var. Prezidentin köməkçiləri, Müdafiə Nazirliyinin mətbuat xidməti tərəfindən tez-tez vaxtı-vaxtında məlumatlar verilir. Qeyd edim ki, agentliklər də cəbhə bölgəsində operativ fəaliyyət göstərir. AzərTAc, AzTV, REAL TV vasitəsilə biz də vaxtı-vaxtında cəbhə bölgəsindən olan informasiyaları alırıq. "Telegraf” xəbər portalı olaraq isə bizim də hazırda 2 müxbirimiz cəbhə bölgəsində fəaliyyət göstərir”.

"525-ci qəzet”in redaktoru Rəşad Məcid bildirib ki, rəsmi məlumatlardan daha çox istifadə edirlər:

"Müdafiə Nazirliyinin xəbərlərindən istifadə edirik. Müxbirlərimiz hərdən cəbhə bölgəsinə gedir və reportajlar hazırlayırlar”.

"Report" İnformasiya Agentliyinin daxili siyasət şöbəsinin məsul şəxsi Pərvin Abbasov bildirib ki, hazırda cəbhə bölgəsində fəaliyyət göstərən müxbirləri var:

"Bizim cəbhə bölgəsində 3 müxbirimiz və operatorlarımız var. Hazırda burada da gücləndirilmiş iş rejimində çalışırıq. Cəbhə bölgəsində də operativ çalışan əməkdaşlarımız var”.

"Yeni Müsavat” media qurumunun redaktoru Azər Ayxan bildirib ki, hazırda cəbhə bölgəsində fəaliyyət göstərən müxbirləri var:

"Hazırda həm Füzuli, həm də Tərtər cəbhəsində "Yeni Müsavat" media qurumunun əməkdaşları var. Əsas xəbərləri onlardan alırıq. Onlar gün ərzində bir neçə dəfə reportajlar göndərirlər. Həmçinin də Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı rəsmi məlumatlara istinadən hadisələr haqqında cəmiyyətə məlumat veririk”.

"Modern.az” saytının redaktoru Əfqan Qafarlı bildirib ki, qurumun cəbhə bölgəsində ştatlı müxbiri yoxdur:

"Lakin ştatdankənar əməkdaşlıq etdiyimiz müxbirlər var. Başqa KİV-in əməkdaşı olub, eyni zamanda da bizimlə əməkdaşlıq edən, cəbhə bölgəsində fəaliyyət göstərən jurnalistlər var. Bundan başqa Müdafiə Nazirliyin rəsmi məlumatlarından da istifadə edirik”.

"Unikal.org” xəbər portalının baş redaktoru Zaur Əhməd bildirib ki, hazırda Azərbaycanda müharibə şəraiti olduğu üçün media da müharibə şərtlərində çalışmalıdır:

"Media qurumu olaraq müharibə qaydalarına uyğun fəaliyyət göstəririk. Yəni operativlikdən daha çox milli maraqları üstün tuturuq. Cəbhə bölgəsində baş verənlərlə bağlı xəbərləri daha tez yox, daha dəqiq çatdırmağı planlamışıq. Əsasən rəsmi xəbərləri yayımlayırıq. Eyni zamanda, Azərbaycanda mövcud durum Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın ədalətli mövqeyini həm Azərbaycan ictimaiyyətinə, həm də dünya mediasına çatdırılması istiqamətində müəyyən araşdırmalar, açıqlamalar, müsahibələr də hazırlayırıq. Bundan əlavə cəbhə bölgəsində daimi əməkdaşımız olmasa da, ora ezam olunan əməkdaşlarımız olub. Artıq 2 gün öncə həm Gəncədə, həm də digər ön cəbhədəki hadisələrlə bağlı müəyyən araşdırmaları, yazıları, reportajları həm televiziya variantında, həm də sayta xəbər qoymaq baxımından hazırlayıb təqdim etdik. Çalışırıq ki, bu məsələdə biz də üzərimizə düşən öhdəliyi yerinə yetirək".

Semra Ələkbərli





Həftənin ən çox oxunanları