Yuxarı

Tanınmış astroloq: "2021-ci ildə müharibə və devalvasiya olacağı…”

Tanınmış astroloq:

Tanınmış astroloq:

2021-ci ilə sayılı günlər qalıb. İndi hər kəs gələn il nələrin baş verəcəyini, həm dünyada, həm də öz şəxsi həyatında nələrin dəyişəcəyini bilmək istəyir.

2021-ci öküz ilidir.

Maraqlıdır, bu ildə dünyanı, ölkəmizi hansı dəyişikliklər gözləyir?

Tanınmış astroloq Səbuhi Rəhimli  "Cümhuriyət”ə bu haqda xüsusi açıqlama verib.

Onun sözlərinə görə, ümumiyyətlə, astrologiyada ilin düşərli-düşərsiz olması anlayışı yoxdur:

"Hər ilin öz oyun qaydaları, tendensiyaları var, bu baxımdan, ona uyğun olan müvafiq addım atanlar udur, atmayanlar isə uduzur. Məsələn, sıçovul ilində daha çox maliyyəni, səhhəti, əldə edilən mövqeləri, mülkiyyəti qorumaq tələb olunurdusa, öküz ilində başqadır. Öküz ilində yeni iddialara düşmək, yarımçıq qalmış ideyaları həyata keçirmək, natamam planları başa çatdırmağa kömək edir. Həm də sıçovul ili aqressiv, dağıdıcı il idi, ümumiyyətlə, bu il tarix boyu belə gəlib. Bu il pandemiya müəyyən qədər müharibələrin qarşısını aldı. Lakin öküz illəri sanki sıçovul ilinin törətdiyi qarışıqlığı, xaosu aradan qaldırmağa xidmət edir. Məsələn, mən xronoloji ardıcıllığa baxmışam, öküz illərində elə də böyük müharibələr rastıma çıxmayıb. Öküz illərində ayrı-ayrı adamlara sui-qəsdlər olub. Azərbaycanın payına düşür Ziya Bünyadov, dünyada isə Kennedi, Nəriman Nərimanova sui-qəsd olub. Öküz illərində belə sui-qəsdlər olur, amma müharibələr olmur. Öküz ilində eyni bürcdən adam ola bilər ki, ili uğurlu başa vursun, elə də ola bilər ki, uğursuz olsun. Bu da ildən asılı bir şey deyil. İnsanın özünün aktivləşməsi ilə bağlıdır. Sadəcə, öküz ili minillərdir, onillərdir belə keçirsə, xarakteristikası, dövrü belə təhlil olunubsa, həmin ildə yaşamaq qaydaları da qarşımıza qoyulur. Kim həmin qaydalara riayət edirsə, həmin ildən mənfəətli, kim passiv olursa, mənfəətsiz çıxır”.

Səbuhi Rəhimli bildirir ki, indi bir çox insanı, dünyanı pandemiya düşündürür:

"Astrologiyada pandemiyanın nə vaxt bitəcəyi tarixini hesablamaq düzgün deyil. Amma dünyanın özünün bioritmi, passiv, aktiv dönəmi var. Buna nəzərən, mənim hesablamalarım göstərir ki, təxminən may ayının sonlarından dünya aktivləşməyə doğru gedəcək. Bunu da pandemiya ilə əlaqələndirsək, demək ki, may ayının sonlarında, yəni maydan sonra tədricən bu bəla azalacaq və passivlik aradan qalxacaq”.

Astroloq qeyd edib ki, öküz ilində heç bir müharibə gözlənilmir: "Hazırda insanları ən çox düşündürən məsələlərdən biri də müharibədir. Onu qeyd edim ki, heç bir müharibə olmayacaq. Yəni söhbət Qarabağ müharibəsindən gedir. Anti-terror əməliyyatları, minaların təmizlənməsi və s. bir neçə il davam edə bilər. Amma hətta Aprel döyüşləri səviyyəsində belə hər hansı müharibə Qarabağda gözlənilmir”.

Tanınmış astroloq devalvasiyanın olub-olmayacağına da aydınlıq gətirib. O bildirib ki, öküz ilində devalvasiya gözlənilmir:

"Ötən il də demişdim, bu il də heç bir devalvasiya olmayacaq. İndiki proqnozlarım da belədir ki, ilin ilk yarısında, ən azı may ayına qədər hər hansı ciddi devalvasiyanın olacağını göstərmir. 2021-ci ildə hər hansı bir devalvasiya olmayacaq”.

Səbuhi Rəhimli bildirib ki, hər verilən proqnoza inanmaq olmaz, onun etibarlılığını yoxlamaq lazımdır: "Proqnoz verən bütün alimləri də araşdırmaq lazımdır. Hazırda yeganə adam mənəm ki, hər ilin sonunda 25 ictimai-siyasi proqnoz, hər ilin sonunda da proqnozlarım barədə hesabat verirəm. Bu il 2 proqnozum səhv, 1-i də qismən düz, qalan hamısı doğru çıxıb. Vanqadan, Nostradamusdan yalandan proqnozlar verirlər, insanlar da buna inanırlar. Sanki hər il Vanqayla, Nostradamusu qəbirdən çıxarıb, müsahibə alıb yerinə qoyurlar. Vanqa heç vaxt bürclər haqqında heç nə deməyib, yalandan adını yazırlar ki, tiraj yığsınlar. Nə Vanqa, nə də Nostradamus bölgələr haqqında bir şey deyib. Yalandan deyirlər, insanlar da inanır. Əgər 100 proqnozdan 70-i düz çıxırsa, bu şəxsi proqnoz verən kimi təsdiqləmək olar. Hər gün xəbərlər çıxır ki, asteroid gəlir. Mən belə xəbərləri təkzib etməkdən yorulmuşam. Co Bayden də bu yaxınlarda açıqlama verib ki, prezident seçilsəm, ilin ilk rübündə dünyanı bu bəladan xilas edəcəyəm. Yəqin ki, onun da əlində bir əsas, arqument var, hər halda camaatı aldatmaq ehtimalı azdır. May ayından etibarən dünyada sakitlik yaranmağa başlayacaq”.

Tanınmış astroloq qeyd edib ki, öküz ili insanlardan əsas 2 şeyi tələb edir:

"Haqlı və güclü olmaq. Bu iki amili kim özündə cəmləşdirə bilsə, qalib o olacaq. Yəni öküz ilinin insanlardan əsas tələb etdiyi budur. Müharibələr öküz ili üçün xarakterik deyil, amma xarakterik olan daha çox vulkan və zəlzələlərdir. Öküz ilinin son 1000 ilini hesablamışam, bu ildə xüsusən vulkan çox olur. Bu fərdi proqnoz deyil, sadəcə, statistikaya əsasən, bunu proqnozlaşdırmaq olar. Hazırda da eşitdiyimə görə, Meksika tərəfdə bir vulkan aktivləşməkdədir. Bu vulkan ola bilər ki, 2021-ci ildə püskürsün. Öküz ili zəhmətkeş, məhsuldar ildir. 2021-ci ildə nə Rusiya, nə Türkiyənin Azərbaycanda hərbi bazası olacaq. Putin və Ərdoğan üçün sıxıntılı il ola bilər”.

Semra Ələkbərli





Həftənin ən çox oxunanları