Yuxarı

“NATO Rusiya ilə açıq savaşa girməyəcək”

“NATO Rusiya ilə açıq savaşa girməyəcək”

[caption id="attachment_1384" align="alignleft" width="259"]Azer-Reshidoglu Azər Rəşidoğlu: “Ankara Suriyadakı hərbi əməliyyatlara qoşula bilər”[/caption] NATO ölkələri pilotlarına, həmçinin Britaniya hərbi təyyarəçilərinə İraqın hava məkanında “həyatları üçün təhlükə yaranarsa”, Rusiya hərbi təyyarələrinə hücum etmək hüququ verilib. Bu iddia ilə Londonun “Daily Star Sunday” qəzeti Birləşmiş Krallığın müdafiə idarəsindəki mənbələrinə istinadən çıxış edib. “Britaniya Hərbi Hava Qüvvələri pilotlarına bununla yanaşı nəyin bahasına olursa-olsun Rusiya təyyarələri ilə təmasdan qaçmaq tapşırığı verilib”, - deyə nəşrdə qeyd edilib. Məqalədə yazıldığına görə, bu addım Britaniya nazirlərinin “Yaxın Şərqdə vəziyyətin Rusiyanın hərəkətləri səbəbindən daha da təhlükəli” olması ilə bağlı xəbərdarlığından sonra atılıb. Rusiya son vaxtlar İraqdakı terrorçuların mövqelərinə zərbələr endirmir və əsasən Suriyadakı əməliyyatlarla kifayətlənir. Bu arada isə Rusiyaya aid “MİQ-29” döyüş təyyarəsinin Suriya-Türkiyə sərhədlərini pozandan sonra Türkiyə qırıcıları tərəfindən vurulmasına dair məlumat yayılıb. Bildirilir ki, Huraytan bölgəsində hərbi-hava əməliyyatı həyata keçirən Rusiya təyyarəsi Türkiyə səmasına keçdikdən sonra vurulub. Şahidlər havada partlayış gördüklərini iddia edirlər. Rusiya və Türkiyə SQ-nə yönəldilən sorğu hələ cavablandırılmayıb. Rusiyanın Avropa Birliyindəki daimi nümayəndəsi Vladimir Çijov deyib ki, Türkiyə bizim üçün dost dövlətdir. Rusiya  NATO-dakı nümayəndəsi Aleksandr Qruşko da bənzər açıqlama ilə çıxış edib. O deyib ki, rəsmi Ankara ilə Moskva bir-birinə düşmən gözlə baxmırlar.    “Rusiya tərəfindən Türkiyəyə qarşı hərbi təhlükə yoxdur. İki dövlət arasında ən xırda problem belə ola bilməz.  Son zamanlar yayılan sərhəd pozulması ilə bağlı xəbərlər lazımsız yerə siyasiləşdirilir”. Baş verən prosesləri dəyərləndirən bir sıra ekspertlər Türkiyənin NATO daxilində Rusiyaya təzyiq göstərəcəyini istisna etmirlər. Amma Türkiyənin Strateji Outlook analitik mərkəzinin sədr müavini Mehmet Fatih Öztarsu Trend-ə deyib ki, Türkiyənin NATO üzvü olması Suriya məsələsində Rusiyaya təzyiqlər etməsinə imkan vermir. M.F.Öztarsu bildirib ki, NATO-ya üzv olduğu üçün Türkiyənin imkanları məhduddur: "Ankaranın tək edə biləcəyi şey hava sərhədlərini qorumaqdır". Siyasi ekspert Azər Rəşidoğlu isə “Cumhuriyət”ə açıqlamasında deyib ki,  Rusiya "Suriya bataqlığı"nda kifayət qədər problemlərlə üzləşə bilər: “Odur ki, NATO-nun Moskva ilə açıq savaşa başlaması inandırıcı deyil. Rusiya iqtisadi baxımdan problemlər yaşayır və Yaxın Şərqdə döyüşlərə müdaxiləsi, Ukraynadakı fəaliyyəti onun iqtisadi çöküşünü sürətləndirə bilər. Türkiyənin də Rusiya ilə açıq savaşa girə biləcəyi ehtimalı azdır. Sadəcə, Ankara Suriyadakı hərbi əməliyyatlara qoşula bilər, lakin inanmıram ki, uzunmüddətli savaşda iştirak etsin”. NATO baş katibi Yens Stoltenberq isə bildirib ki, NATO alyans olaraq Suriyadakı münaqişəyə müdaxilə etməyi planlaşdırmır. Onun sözlərinə görə, alyans üzvü olan ölkələr öz qərarları ilə ABŞ-ın rəhbərlik etdiyi koalisiyada iştirak edirlər. Stoltenberq Suriya münaqişəsinin həllində siyasi nizamlanma yoluna alternativ görmədiyini vurğulayıb: “Suriyadakı müharibənin və döyüşlərin siyasi həlli qeyri-realist görünə bilər. Digər tərəfdən isə başqa bir alternativ yol yoxdur. Gec, ya tez danışıqlar yolu ilə siyasi həll əldə olunmalıdır. Buna görə də, biz bu siyasi həll uğrunda BMT-nin bütün səylərini dəstəkləyirik”. Cavad





Həftənin ən çox oxunanları