Yuxarı

“İran-Qərb yaxınlaşması daimi deyil”

“İran-Qərb yaxınlaşması daimi deyil”

[caption id="attachment_1448" align="alignleft" width="217"]mahmudeli cohreqanli Mahmudəli Çöhrəqanlı: “İndiyədək də heç bir addımımız hüquqa qarşı olmayıb,  Qandi metodlarından istifadə etmişik”[/caption] Bu gün dünyada, o cümlədən bölgədə baş verən proseslər bir sıra məsələləri arxa plana keçirdi. Hazırda gündəmdə olmayan milli problemlərimizdən biri də Güney Azərbaycan məsələsidir. İran-Qərb yaxınlaşması, Suriya, PKK məsələsi, Rusiya-ABŞ qarşıdurması daha çox medianın gündəmini zəbt edir. Amma bu o demək deyil ki, Güney Azərbaycan Milli Azadlıq Hərəkatı davam etmir. Bu istiqamətdə çalışan təşkilatlarımız və fədakar insanlarımız fəaliyyətlərini davam etdirirlər. Bunlardan biri də Güney Azərbaycan Milli Azadlıq Hərəkatının liderlərindən olan, Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) lideri Mahmudəli Çöhrəqanlıdır. O, “Cumhuriyət”ə müsahibəsində hazırkı durum və perspektivlərdən söz açdı...   - Millətimiz, xüsusilə gənc nəsili tarixdə örnəyi olmayan bir şəkildə milli məsələlərlə maraqlanmaqdadır. Bizim üçün hər yeni bir soydaşın hərəkata qoşulub yurdu üçün çalışması, fəaliyyət göstərməsi fars şovinizmi əleyhinə apardığımız mübarizədə qazanc və qələbədir. Gənclərimiz artıq təkcə meydanlarda və futbol yarışlarında deyil, hər fürsətdə rejimə öz etirazlarını bildirirlər. Onlar İran adlanan ölkənin dövlət başçısını və bu rejimin idarəçiliyində olan yüksək vəzifəli şəxslərinə mitinqlərdə açıq şəkildə etiraz edir və onların apardığı yanlış siyasəti qorxmadan dilə gətirirlər. Güney Azərbaycan türkü bunu yaxşı bilir ki, İran adlanan ölkədə zalım rejimin dəyişməsi dinc yolla olacaq.   - Güney Azərbaycan Milli Azadlıq Hərəkatının bugünkü durumu sizi qane edirmi?   - Bir milli hərəkat yaranır və bu prosesdə heç bir dövlət yardımcı olmur. Bu hərəkat vətənin qorxmaz oğulları tərəfindən yaranır, təzyiqə məruz qalır. Bundan sonra da yavaş- yavaş millətin istəyi və dəstəyi ilə yenilməz  bir gücə çevrilir. Bu hərəkat Güney Azərbaycan Milli Oyanış Hərəkatıdır. Bu gün Quzey Azərbaycan və Türkiyə Güney Azərbaycan mücadiləsinə dəstək vermir. Ona görə də belə şəraitdə birdən-birə bundan artıq böyüməni gözləmək doğru olmaz. Biz, millət olaraq içimizdə yaranan hərəkatı içimizdə olan güclərlə idarə edirik. Ona görə də çoxsaylı xarici güclər müstəqil olan hərəkatımıza və onun öncüllərinə yaxınlaşmaqdan çəkinirlər.   Biz, yalnız bütün insanlığa tanınan ən ibtidai haqlarımızı almaq yolunda mübarizə aparırıq, başqa da dərdimiz yoxdur. Bu müqəddəs yolda indiyədək zalıma baş əymədik, bundan sonra da sayımız az da ola bilər, ancaq zülmə göz yummarıq.   - GAMOH-un planları nədən ibarətdir? Güneylə bağlı digər təşkilatlarla əlaqələr hansı səviyyədədir?   - Güney Azərbaycan Milli Oyanış Hərəkatı bu gün güneyli soydaşlarımızın danılmaz bir arxası və gerçək işidir. 1995-ci ildə başlayan tarixdən indiyə qədər İran adlanan ölkədə haqları tabdalanan Azərbaycan türkünün müdafiəçisi və haqq harayıdır. Bizim istəyimiz demokratiya və insan haqlarıdır, indiyədək də heç bir addımımız hüquqa qarşı olmayıb, tam əksinə qeyri zorakı və Qandi metodlarından istifadə etmişik. Biz, Güney Azərbaycan sevdalıları əsasən milli hərəkat və GAMOH-la yaxın əlaqədəyik.   - İranla Qərb arasında yaxınlaşma bölgəmiz üçün nə vəd edir və bu prosesin milli hərəkata təsiri nədən ibarət olacaq?   - Bu yaxınlaşma real olmadığı kimi qalıcı da deyil və elə görünür ki, arada olan dərin boşluğu siyasi baxımdan təbii görünməyən yollarla pərdələmə məqsədi var. BBC və “Reuters”in şərhinə əsasən Xamneyinin açıqlaması ölkənin siyasətçilərinə Amerika ilə müzakirəni yasaqladı. Eyni zamanda Amerika dövləti tərəfindən İrana qarşı sanksiyaların hələ də davam etdiyini görürük. İranın qanunsuz hərəkətlərinin İran üçün problem yaradacağı xatırladılır. Bu xatırlatma xüsusən dünya bankı və neft şirkətləri fonunda baş verir. İran rejiminin bölgədə Qərbə qarşı siyasəti aydındır və göz önündədir. Bu rejimin Yaxın Şərqdə hansı oyundan çıxdığı və hansı qrupları dəstəklədiyi aydın məsələdir.   Ona görə Qərbin İranla apardığı bu sintetik yaxınlaşma prosesinin fiaskoya uğrayacağı dəqiqdir. Bölgə getdikcə daha böyük problem və potensial münaqişələrə hamilə olmaqdadır. Bölgədə varlığı olmayan güclərin və bəzi dövlət başçılarının proseslərə seyrçi mövqedən yanaşması müsbət heç nə vəd etmir. Bu onu göstərir ki, bölgədə yaşayan xalqlar hələ çox transformasiyalara məruz qalacaqlar. Bu həm sosial, həm də siyasi baxımdan baş verəcək.   - “Traktorsazi” futbol klubunun milli hərəkata təsiri barədə düşüncələriniz necədir? Klubun prosesə qatqısı nədən ibarətdir?   - Əvvəlcə bilməliyik ki, “Traktorsazi” bir klub olaraq var. Bir də onu dəstəkləyən cameə və tərəfdar qrupu mövcuddur. “Traktorsazi” klubu klub olaraq SEPAH-ın əlindədir. Ötən çempionatda çempionluq haqsız olaraq klubun əlindən alındı. Buna isə klubun sahibləri tərəfindən gerçək etiraz olmadı və haqsızlığa göz yumuldu. “Traktorsazi”nin bizim üçün əsas önəmi və dəyəri onu milli hərərkatın simvolu halına gətirən müxtəlif yaş qruplarından olan şərəfli və qeyrətli  tərəfdarlarıdır. O on və yüz minlərlə tərəfdar ki, heç qorxmadan oyunlarda milli şuarlar səsləndirirlər. O gənclər ki, tutulurlar, işgəncə görürlər, həbs edilirlər və yurdları üçün müxtəlif fədakarlıqlar edirlər. Klubun oyunçularının içində isə yalnız barmaqla sayılacaq qədər milliyətçi və milli şuura malik futbolçular var. Ona görə də əslində tərəfdar cameəsi “Traktorsazi”ni milli hərəkatla iç-içə gətirib. “Traktorsazi” tərəfdarlarının demək olar ki, hamısı milliyətçidir, eyni şəkildə bütün milliyyətçi soydaşlar da “Traktorsazi” tərəfdarıdır.   - Bölgələrimizin hansında milli hərəkat daha güclüdür? Hansı şəhərlərimizdə farslara uduzuruq?   - Güney Azərbaycanımızın İraq və Türkiyə ilə sərhəddəki qərb bölgəsi sistematik şəkildə etnik baxımdan riskli oyunlarla və layihələrlə üz-üzədir. Bölgənin demoqrafik vəziyyətini sosial vasitələrlə dəyişdirməyə çalışırlar. Xüsusilə azərbaycanlılar yaşayan yaşayış məntəqələrinə kürdlərin yerləşdirilməsi xoş olmayan nəticələr yarada bilər…   - Azərbaycana nə zaman gəlməyi düşünürsünüz?   - Quzey Azərbaycan və Türkiyənin başında olanlar öz siyasətlərini yürütmürlər, bölgədə olan güclərin siyasi maraqlarına uyğun olaraq addımlarını tənzimləyirlər. Biz insan haqları müdafiəçisi və danılmaz türk milliyətçisiyik. Türklüklə uzaqdan-yaxından əlaqəsi olmayan bu fərdlərin milli olmayan hakimiyyətləri vasitəsi ilə türk ölkələrini idarə etmələri nə yazıq ki, sosioloji baxımdan faciədir. Bizim hər millət və etnik qruplara sayqımız var. Ancaq təəssüf ki, başda olan bu şəxslərin Türk və türklük problemləri var. Bizə qardaş qapıları praktiki olaraq bağlıdır və bunda İran rejimi ilə rusların böyük rolu var. Dəfələrlə vurquladığımız kimi, bizim bölgədə olmamızı istəməyən və öz varlıqlarına təhlükə olaraq görən Rusiya və İranın siyasi görüşləri Türkiyə və Quzey Azərbaycanın da dəstəklədiyi siyasətdir. Vətən üçün darıxmışıq, ancaq heç bir zaman zalımın qarşısında boynumuzu əymədik, əymərik. Əlbəttə ki, Bakımıza da, Ankaramıza da, Təbrizimizə qovuşacağıq, amma bu şərəfimizi və millətimizə bağlılığımızı qoruyaraq olacaq.   - GAMOH-dan başqa hansı təşkilat sizcə Güney hərəkatı  ilə bağlı  ciddi fəaliyyət göstərir?   - Biz, əsasən Güney Azərbaycanımızda olan milli hərəkat və Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH) ilə sıx bağlıyıq. Digər təşkilatlar da fədakarlıq və sədaqətlə işğalda olan vətən və əsir olan millətimizin qurtuluşu uğrunda çalışırlar. Buna sayqı və simpatiya ilə yanaşırıq.   - Güney Azərbaycan Mühacir Parlamentinin yaradılması ilə bağlı atılan addımlarla hansı effekti verdi? Bu barədə yaranan narazılığın əsası varmı və sizcə daha hansı addım atılmalıdır ki, narazılıq olmadan hədəfə çata bilək?   - Güney Azərbaycan və Quzey Azərbaycanımızın ən böyük çatışmazlıqlarından biri də lobbiçilik platformasıdır. Təəssüf ki, ortaq məxrəcə gəlmək mümkün olmur. Bizdə də imkanlar yuxarıda vurğuladığımız kimi geniş deyil. Ona görə bu prosesi normal qarşılamaq lazımdır. Quzey Azərbaycanımız hələ yeni yaranıb və başında milli olmayan bir hakimiyyət var.   Güney Azərbaycanımız isə hazırda yalqız və dəstəksiz buraxılıb. Bizlərin imkan daxilində verməsi gərəkən dəstək zamanında bu cəhd və səylərə verildi. Yenə də millətimizin xeyri üçün gələcəkdə ata biləcəyimiz addımlar üçün varıq.   Ancaq unudulmasın ki, bizlər real dünyanın adamlarıyıq və atacağımız addımları ona görə müəyyənləşdiririk.   Azərbaycan Türklüyü ümidli olmalıdır. Kənardan yox sayılacaq dərəcədə dəstəklə bu mərhələyə gəlib çatmışıq. Çoxlu şəhidlər, itkilərimiz olub, birlikdə saysız əngəlləri aşmışıq və aşmaya da davam etməkdəyik. Millətimiz bunu bilməlidir ki, özündən başqa onu gərçəkdən sevəcək başqa bir güc yoxdur. Ona görə sıx birləşməli, düşməni haqq yumruğu ilə ədalətə məcbur etməliyik... Türkün xanı da xaqanı türk, türk sevdalısı olmalıdır...   Cavad





Həftənin ən çox oxunanları