Yuxarı

Əsədi izləyən kabus

Əsədi izləyən kabus

Beser esed45 illik rejimin Suriyanı qorumaq işində fərsizliyi   Ötən əsrin 70-ci illəində Misirin ABŞ-la münasibətləri yaxşılaşdırması və qərbyönümlü xətt tutması ilə, SSRİ özünün Ərəb Dünyasındakı əsas müttəfiqini itirmiş oldu. Moskvanın Qahirəyə olan “sevgisi” üzü şimala, Dəməşqə doğru yönəldi. ABŞ və Britaniyanın nəzarət etdiyi ərəb monarxiyalarının “qapısında”, həm də Aralıq Dənizinin sahillərində yerləşən Suriya Ərəb Respublikası zamanla Sovet İttifaqı üçün əsas tərəfdaşa çevrildi. Dəməşqdə 1970-ci il çevrilişi, hərbi pilot Hafiz Əsədin özünü feldmarşaldan prezidentliyə qədər yüksəltməsi ilk əvvəl Moskvada ehtiyatla qarşılandı.   Lakin məlum oldu ki, Əsəd Sovet İttifaqında hərbi təhsil alıb və bu illərdən “ən yaxşı xatirələr” saxlayıb. Onun ilk işi SSRİ-dən silah istəmək oldu. O, Rusiyadan “istədiyini qoparmağa görə” digər ərəb liderlərini geridə qoymuşdu. Moskva da bu əməkdaşlıqdan az qazanmadı. Çünki Suriya 1970-80-ci illərdə SSRİ-yə milyardlarla dollar xeyir verdi. SSRİ-dən Suriyaya təkcə silah-sursat yox, müxtəlif sənaye və kənd təsərrüfatı məhsulları da böyük həcmdə ixrac olunurdu. Suriya de-fakto “Varşava müqaviləsi” ölkələrindən birinə çevrilmişdi. H.Əsədin qətiyyəti, dövlət idarəçiliyinə hərbçi xarakterilə yanaşması, bütün sahələrdən çox orduya diqqət yetirməsi, xüsusilə də ABŞ və İsraillə barışmazlığı az müddətdə Suriyanı “silahlanmış cəngavər”ə çevirdi, həm də Sovet silahlarının əsas alıcısı etdi. Suriya 1967-ci il müharibəsində İsrailə məğlub olmuş, Qolan təpələrini itirmişdi. Əsəd isə qisas arzusuyla alışıb-yanırdı. 1973-cü ilin oktyabrında yəhudilərin Yom-Kippur bayramı günlərində Misir və Suriya qoşunları iki tərəfdən İsrailə hücum etdilər. Suriyanın hücumda iştirak edən üç piyada və iki tank diviziyasında ümumi 1200 tank var idi. İsrail ordusu isə cəmi 200 tankla şimal sərhədlərini qoruya bildilər. Suriyanın irəliləməsinin qarşısı alındı və ehtiyatda olan İsrail əsgərlərinin orduya səfərbər edilməsi üçün vaxt qazanıldı. Əks-hücum əməliyyatlarında isə Suriya ordusu darmadağın olundu, az qala bütün hərbi texnika ya məhv edildi, ya da düşmənin əlinə keçdi. Suriyalı komandirlər həyəcanla texnikanı döyüş meydanında qoyub geriyə çəkilirdi. Minlərlə suriyalı hərbçi isə İsrail ordusuna əsir düşmüşdü. Əks-hücum zamanı Dəməşq ilə İsrail ordusu arasında cəmi 35 kilometr məsafə qalmışdı. Bütün ərəb dünyası təşviş içindəykən, bu fəlakətdən Əsəd rejimini SSRİ-nin müdaxiləsi qurtardı. Bununla belə, Əsəd rejimi dar ayaqda Amerika ilə də işləməkdən çəkinmir. İsrail və Suriya arasındakı gərginliyi azaltmaqda ABŞ dövlət katibi Henri Kissincer kömək etmiş, hətta Əsədlə birlikdə müqavilə sənədi üzərində işləyərkən, Dəməşqə uçan SSRİ XİN başçısı Qromıkonın təyyarəsi məhz Kissincerin arzusu ilə 45 dəqiqə şəhər üzərində dövrə vurmağa məcbur edilmiş, yanacaq bitdikdə isə Dəməşq aerodromunun ən uzaq küncündə “gözləməyə” göndərilmişdi. Kissincer rusiyalı həmkarının özünü çatdırıb “işləri korlamaması” üçün əlavə vaxt qazanmışdı: “Qromıkonu Suriya xarici işlər nazirinin müavini qarşıladı, çünki bütün rəhbər şəxslər mənimlə danışıqlarda idi”. Lakin buna baxmayaraq, Moskva Dəməşqin yanından çəkilmədi. 1980-ci ilin sentyabrında general-polkovnik Qriqori Yaşkin Suriyaya baş məsləhətçi kimi ezam olundu. Müdafiə naziri marşal Ustinov ona xüsusi tapşırıq vermişdi: “Suriya Silahlı Qüvvələrinin yenidənqurmasına kömək göstərmək lazımdır. Ərəblərin kimin - bizim, yoxsa amerikalıların ardınca getməsi əhəmiyyət daşıyır”. Sovet hərbçilərinin gəlişi heç də hamını məmnun etmirdi. 1981-ci ildə suriyalı hərbçilər sovet zabitlərinin yaşadığı şəhərciyə partlayıcı dolu maşın “göndərməklə"  baş sovet məsləhətçisinin qərargahını partlatdılar. Üç SSRİ vətəndaşı həlak oldu, çox sayda sovet hərbçisi yaralandı. Xayma şəhərində isə suriyalılar tərəfindən 4 hərbi məsləhətçi öldürüldü. SSRİ yenə də ruhdan düşmədi”- Suriyaya sel kimi sovet silahı “axırdı”. Suriya İsraillə barışmağı qəti istəmirdi, digər tərəfdən isə SSRİ müdafiə nazirliyi Suriya ərazisində hərbi-dəniz və hərbi-hava bazaları açmaq arzusunda idi. Aralıq Dənizindəki 5-ci əməliyyat eskadrelyasının daimi bazaya ehtiyacı vardı. SSRİ Hərbi-Dəniz Donanmasının komandan müavini admiral Nikolay Smirnov Latakiya ilə Tartus arasında yer seçdi. Dəniz bazasından əlavə, uzaqmənzilli aviasiya üçün aerodrom inşaatı planlaşdırılırdı. Amma Dəməşqdə gah bazaya icazə verirdilər, gah da “söz yaddan çıxırdı”. 1981-ci ildə Sovet donanmasının material-texniki təchizatı üçün daimi məntəqə yaratmaq barədə razılıq əldə olundu. 1982-ci ilin fevralında isə Suriyanın baş naziri Abdul Rauf əl-Qasım SSRİ-nin səfirinə bildirdi ki, baza məsələsi baş tutmayacaq, çünki digər ərəb dövlətləri buna mənfi yanaşır. Eyni zamanda Suriya xarici işlər naziri Abdel Xalim Xaddam Moksvaya sorğu göndərdi: Sovet qoşunları dostluq və əməkdaşlıq haqqında sazişə uyğun olaraq, Suriyanın düşmənlərini geri oturtmaqda kömək edəcəkmi? Əsəd istəyirdi ki, İsraillə qarşıdurmada sovet əsgərləri də iştirak etsin. Əgər bir sovet hərbçisi İsrail gülləsindən ölsəydi, Moskva buna “sakit” baxmayacaqdı. Suriya qoşunları Livana da soxulmuşdu. Livan prezidenti Fuad Şehabın dediyi kimi, özünü “Yaxın Şərqin prussiyalıları” kimi aparan Əsəd rejimi qonşu ölkəni “süni yaradılmış dövlət” adlandırır və Suriyanın tarixi ərazisi hesab edirdi. Fələstin isə Əsəd üçün “Cənubi Suriya” idi. Hafiz Əsəd Fələstin lideri Yasir Ərəfatla görüşündə belə demişdi: “Siz Fələstini bizdən çox təmsil etmirsiniz. Heç bir Fələstin xalqı yoxdur. Siz Suriya xalqının bir hissəsisiniz. Fələstin isə Suriyanın bir hissəsidir”. Livan 1970-ci illərdə çiçəklənən bir ölkəyə çevrilmişdi. Lakin İordaniyadan qovulduqdan sonra bu ölkəyə getdikcə daha çox gələn fələstinlilərin Livan xristianları ilə münaqişəsi, silahlı toqquşmalar Dəməşq üçün fürsət yaratmış oldu. 1976-cı ildə SSRİ baş naziri Kosıginin Dəməşqə səfəri zamanı, Hafiz Əsəd ona demədən qoşunlarına Livana soxulmaq əmri verdi. Nəticədə isə belə mənzərə yarandı ki, guya bu müdaxilədə “Sovet İttifaqının xeyir-duası var”. Livan ərazisində möhkəmlənən fələstinlilər vaxtaşırı İsrail ərazisinə keçərək, Tel-Əvivə baş ağrısı yaradırdılar. Nəhayət, İsrail ordusu 1982-ci il iyunun 5-də FAT-ın infrastrukturunu dağıtmaq məqsədi ilə Livana soxuldu. Burda da İsrail-Suriya toqquşması baş verdi və suriyalı hərbçilər qaçmağa üz tutdu. Suriyanın XİN başçısı Xaddam düşmənin müasir elektron texnologiyalardan istfiadə edərək Suriyanın radarlarını dağıtdığını deyir, Moskvadan əlavə kömək istəyirdi. Lakin ümumilikdə suriyalılar SSRİ-nin təyyarə və tanklarının işə yaramadığı fikrindəydilər. Buna ən sərt reaksiyanı SSRİ müdafiə naziri Ustinov verdi: “Onların silahları əladır, əsgərləri zibildir, qorxaqdır”. İsrail ordusunun baş qərargah rəisi general Raful Eytan da Ustinovla eyni fikirdə idi: “Sovet tankı əla döyüş maşınıdır. Sadəcə suriyalı tankçılar sovet tanklarının döyüş keyfiyyətindən yararlana bilmədilər. Əgər bu tanklar bizim əlimizdə olsaydı, ərəbləri sovet silahı ilə məğlub edərdik”.   Moskva yenə Suriyanı meydanda tək buraxmadı. Sovet generallarına tapşırıq verildi: “Suriyanı xilas etmək lazımdır”. Həm də ortada sovet texnikasının reputasiyası var idi. Suriya SSRİ-dən aldığı yeni raket-zenit komplekslərini sovet mütəxəssisləri ilə birlikdə Livana yerləşdirdi. Moskvada “sovet hərbçilərini qorumaq üçün” qoşun göndərmək də təklif olunurdu. Lakin birdən Türkiyə boğazları bağlasaydı, onda nə olacaqdı? Birdən İsrail Sovet raketlərinə zərbə endirər, sovet hərbçiləri əsir düşər...   Əsəd SSRİ-dən aldığı üç “Kvadrat” raket diviziyonunu Livana göndərəndə, İsrail raketləri geri çəkməyi tələb etdi, Dəməşqdən rədd cavabı gəldi. Livanda Suriya tərəfindən 19 zenit-raket divizionu yerləşdirildi. Amma qısa müddətdə bunların hamısı İsrail tərəfindən məhv edildi. SSRİ sanki Suriyada Amerika ilə müharibə aparırdı. Əsədin 1982-ci ilin oktyabrında Moskvaya səfərindən sonra bir il ərzində 2 milyard rublluq silah-sursat və texnika göndərildi. Bundan əvvəl isə Suriyaya xüsusi komissiya gəlmiş və “Sovet texnikasının niyə ABŞ-İsrail texnikasına uduzmasının” səbəblərini araşdırmağa başlamışdı. Sovet hərbçiləri “düşmən”in hərbi texnologiyalarının daha irəlidə olduğunu etiraf etdilər. Əsəd yenə Moskvadan silah istəyir, yenə istədiyini alırdı. Lakin nə Livandan, nə İsraildən, nə də Qərbdən istədiyini ala bilmirdi. Suriya müdafiə naziri Mustafa Tlas iki dəfə bəyan etmişdi ki, SSRİ onlara nüvə silahı söz verib. Sonradan bunu Dəməşq də, Moskva da inkar etsə də, Tel-Əviv “onların yaxasından əl çəkməmişdi”. Ümumilikdə, Suriyada 8 min sovet hərbçisi döyüşüb və ya məsləhətçi kimi xidmət keçib. Onlardan 13 nəfəri müxtəlif şərtlərdə həlak olub (öldürülüb), 200-ə yaxını isə yaralanıb. Xaricdəki düşmənlərə qarşı ancaq ordunu gücləndirən, heç bir dialoqa getməyən Əsəd rejimi daxildə islamçı hərəkatla üz-üzə qalmışdı. “Müsəlman qardaşları” ilə qarşıdurmaya gedən Hafiz Əsəd sünni müxalifətini silah gücünə ram etməyi bacardı. Lakin 30 minə yaxın qurbanlardan söz açılır. Və o kabus Hafiz Əsədin oğlu Bəşəri də izləməyə davam edir. Moskva hələ də Dəməşqin yanındadır. Dəyişən bircə şey var. SSRİ öz yerini RF-yə verib.   Rüfət Əhmədzadə





Həftənin ən çox oxunanları