Yuxarı

TÜRKİYƏNİN GÜCLƏNMƏSİ HAMINI NARAHAT EDİR...

TÜRKİYƏNİN GÜCLƏNMƏSİ HAMINI NARAHAT EDİR...

türk-ordusu-bayrak-yürüyüşü

Hollandiya və Almaniyanın ardınca ABŞ da öz «Patriot»larını Türkiyədən geri çəkmək barədə qərar qəbul edib. Rusiya təyyarələrinin Suriyanın bütün hava sahəsini nəzarətə götürdüyü və bunu rəsmi Dəməşqin xahişi ilə etdiyini bildirərək, Türkiyə və NATO təyyarələrinin Suriyanın hava hövzəsinə girməsinə mane olduğu bir dövrdə ABŞ-ın belə bir qərar alması ilk baxışdan təəccüblü görünə bilər. Lakin ABŞ və Almaniyanın PKK-nı və onun Suriya qolunu açıq şəkildə silahlandırmaq kursu götürdüyünü nəzərə alsaq, "Patriot"ların geri çəkilməsinin təsadüfi olmadığını, bunun Türkiyəyə qarşı təxribat mahiyyətində olduğunu söyləmək olar. Maraqlıdır ki, eyni şeyi Rusiya da edir. Bir yandan kürd terrorçularını silahlandırır, o biri yandan da Suriyanın hava məkanını tam nəzarətə götürməklə, Türkiyə təyyarələrinə terrorçuları bombardıman etməyə imkan vermir.

Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun  PKK-nı  terror təşkilatı kimi tanımadıqlarını söyləməsini deyilənlərə əlavə etsək, hadisələrin Türkiyə üçün necə bir təhlükəli məcrada inkişaf etdiyini görə bilərik. Məlum olduğu kimi, Karlov Suriya və İraqda həyata keçirdikləri əməliyyatları həmin ölkələrin  rəhbərlikləri ilə razılaşdırdıqlarını, lakin PKK-nın Suriya qolu  PYD  ilə də əməkdaşlıq etdiklərini, amma guya Demokratik Birlik Partiyasının (PYD) silahlı qanadı olan Xalq Müdafiə Qoşunlarına (YPG) heç bir şəkildə silah vermədiklərini bildirib. O, "Ria Novosti"yə verdiyi müsahibəsində Türkiyə Xarici İşlər Nazirliyinə çağrılmasından da danışaraq qeyd edib ki, onu bir neçə gün əvvəl Türkiyə Xarici İşlər Nazirliyinə dəvət ediblər: «Biz ikitərəfli əlaqələrlə  bağlı çoxlu məsələ müzakirə etdik. Bunların arasında Suriya  kürdləri məsələsi də vardı. Türkiyəli həmkarım bizim PYD ilə münasibətlərimiz məsələsində narahatlıqlarını dilə gətirdi. Onlara görə, PYD Türkiyədə yasaqlı olan PKK ilə əlaqəli  bir qurumdur. Rusiyanın beynəlxalq təmasları heç bir zaman hər hansı bir ölkənin maraqlarını hədəf almır və heç bir şəkildə də Türkiyənin maraqlarını təhdid etmir».

Rusiyanın Türkiyəyə qarşı əsas silahı: kürd və ələvi kartı

İraqdakı  Kürdüstan bölgəsinə silah daşıdıqlarını etiraf edən  Karlov, bunu  İraq hökumətinin  istəyi və razılığı əsasında etdiklərini deyib: «Türkiyənin beynəlxalq terrorizm problemləri ilə bağlı narahatlıqlarını anlayırıq. Lakin PKK və PYD nə Rusiya, nə də Birləşmiş Millətlər Təhlükəsizlik Şurası tərəfindən terror təşkilatı kimi tanınmır».

Bütün bu deyilənləri təhlil edərək belə bir nəticəyə gəlmək olar ki, Rusiya kürdləri öz tərəfinə çəkməklə, gələcəkdə Türkiyə ilə aralarında yarana biləcək və ya yaranması planlaşdırılan hərbi münaqişədə Türkiyəni daxildən vura biləcək müttəfiq hazırlayır. Və məsələ təkcə kürdlərlə də bitmir.

Məlum olduğu kimi, Suriyada hazırda hakimiyyətdə olan Bəşər Əsəd ələvidir və onun tərəfində vuruşanlar da yalnız və yalnız ələvilərdir. Ölkədəki vətəndaş müharibəsi də əslində ələvi-müsəlman müharibəsidir. Rusiyanın və İranın müsəlman üsyançılara qarşı ələvi rejimi dəstəkləməsi Türkiyədə yaşayan və AKP-yə olan nifrətlərini gizlətməyən, sayları təqribən 10 milyon civarında olan ələvi azlıq tərəfindən də rəğbətlə qarşılanır. Üstəlik də, onların bir qisminin İrana həmişə böyük rəğbəti olub və bu gün də var. Bu gün Türkiyədə ana müxalifət funksiyasını yerinə yetirən və barışmaz anti-İslam mövqeyi ilə tanınan Demokratik Sol Partiyasının (DSP) içində də ələvilər xüsusi nüfuz və mövqeyə sahibdirlər və bu Partiya AKP-nin hakimiyyətdən salınması üçün İblisin özü ilə də müqavilə bağlamağa hazırdır.

Maoçular da təhlükə mənbəyi olaraq qalırlar...

Ələvilər Türkiyədə «Ulusalçılar» kimi tanınan, özlərinin maoçu baxışları ilə fərqlənən, Çinlə ciddi ticarət əlaqələri olan, özlərinin ayrıca TV və mətbuat orqanları olan geniş şəbəkənin içində də şəriksiz nüfuz sahibidirlər. Və öz fəaliyyətlərini eynən DSP-lilər kimi, kamalizm maskası altında sürdürürlər. Maoçular indiyə qədər Türkiyə üçün böyük təhdid mənbəyi hesab ediməsələr də, əksinə Çinlə iqtisadi əlaqələrdə fəal rol oynamaqla Türkiyə iqtisadiyyatına böyük qatqılar saxlayan qüvvə kimi tanınsalar da, Çinin Suriya müharibəsində iştiraka və Rusiya-İran koalisiyasının yanında yer almağa qərar verməsi ilə vəziyyətin 180 dərəcə dəyişəcəyi heç bir şübhə oyatmır. «Ulusalçılar»ın düşmən koalisiyanın tərəfində olacağı qətiyyən istisna edilməməlidir.

Rusiya kimi Çinin də Türkiyə ilə öz haqq-hesabı var. Bu ölkənin ən böyük problemlərindən biri uyğur problemidir və Türkiyənin uyğur məsələsində daim əzilən soydaşlarını dəstəklədiyi məlumdur. Bu isə rəsmi Pekinin Türkiyəni düşmən kimi gözdən keçirməsi üçün tamamilə kifayətdir. Eyni şeyi koalisiyada yer alan, Türkiyəni bölgədə bir nömrəli rəqibi görən, sünni müsəlmanlara nifrəti ilə seçilən, eyni zamanda Səfəvi-Osmanlı müharibələrinin ab-havasını hələ də unutmayan ələvilər üzərində müəyyən təsiri olan İran haqqında da söyləmək olar. Bu ölkə Türkiyəni məhv etməkdə maraqlıdır. Buna nail olmaqla ölkədə yaşayan və farslaşdırma siyasətinə məruz qalan 40 milyondan artıq türkü arxasız qoymağı düşünür.

Ən dəhşətlisi isə budur ki, müharibə başlayarsa, Türkiyə ordusunda parçalanma baş verəcəyi, orduda  xidmət edən kürd və ələvi mənşəli zabit və əsgərlərin bir qisminin düşmən koalisiyanın tərəfinə keçəcəyi və öz ölkələrinə qarşı döyüşəcəkləri qətiyyən istisna edilməməlidir.

Türkiyə təklənirmi?

Türkiyəyə qarşı diş qıcayan ölkələr təkcə, Rusiya, İran və Çindən ibarət deyil. Və məsələ təkcə Suriyanın ələvi rejimində və ABŞ-ın işğaldan sonra İraqda qurduğu, lakin hazırda İranla da əməkdaşlıq edən və müəyyən mənada ondan asılı vəziyyətə düşən Bağdadda hakim olan şiə rejimində də deyil. Hərçənd ki, sonuncu da eynən Bəşər Əsəd rejimi kimi ölkəsinin hava məkanını bütünlüklə Rusiyanın ixtiyarına verərsə, bu, Türkiyənin manevr imkanlarını daha da məhdudlaşdıra və geniş əl-qol açmasına mane ola bilər. Rəqib koalisiyadan söz düşmüşkən, eynən İran kimi Türkiyəni bölgədəki bir nömrəli rəqibi kimi gözdən keçirən və hansı potensiala sahib olduğunu çox yaxşı bilən İsrail də unudulmamalıdır. Bu ölkə prosesdən kənarda qalmış kimi görünsə də, son Putin-Netanyahu görüşməsi zamanı əldə edilən razılaşmalar İsrailin də əslində, koalisiyada yer aldığını, fəqət bunu açıq şəkildə etmədiyini söyləməyə əsas verir. 2 saat yarım sürən həmin görüşdə hər iki ölkənin Suriyada koordinasiyalı hərəkət etmələri qərara alınıb və bu məqsədlə koordinasiya komitəsi də yaradılıb. Ölkələrin Baş Qərargah müavinlərinin rəhbərlik edəcəyi komitənin vəzifəsi guya iki ordu birləşmələrinin üz-üzə gələ biləcəkləri cəbhə xəttində arzulanmayan insidentlərin vaxtında qarşısını almaqdan ibarət olacaq. Guya bu səbəbdən də tərəflər bir-birini kəşfiyyat məlumatları ilə də təmin etməyə boyun olublar. Son zamanlar Türkiyə ilə münasibətləri korlanan İsrailin bunu Suriya siyasi palitrasında qüvvələr nisbətinin Türkiyənın ziyanına işlədiyi bir zamanda etməsinə barmaqarası baxmaq, əlbəttə ki, doğru olmaz.

Görünən budur ki, Türkiyənin güclənərək söz sahibi ola biləcəyi ehtimalı hər kəsi narahat edir. Xatırladaq ki, 2023-cü ildə Lozan sülh anlaşmasının əksər punktları qüvvəsini itirəcək, Türkiyə boğazların tam sahibinə çevriləcək, üstəlik də, əski Osmanlı əraziləri, xüsusən də Mosul və Kərkük üzərində haqq iddia etmək hüququnu əldə edəcək…

Bəxtuyar Tuncay





Həftənin ən çox oxunanları