Yuxarı

Suriya necə bölüşdürüləcək?

Suriya necə bölüşdürüləcək?

suriya

Hazırda ölkə üç “paytaxt”dan idarə olunur

Son zamanlar Suriyanın din-məzhəb amili, etnik və ya nüfuz dairələrinə görə bölüşdürülməsi məsələsi daha çox gündəmə gəlir. Xüsusilə də, Amerika və Avropa mətbuatında “nizamlanma prosesi”nin başlaması və müharibənin bitməsi üçün alternativ variantlar və versiyalar ortaya çıxarılır. Bu versiyaların doğmasını heç də əsassız saymaq olmaz, çünki nə silahla güc əldə edən qruplar asanlıqla tərksilah olmağa razılaşacaq, nə də Rusiya və İran özlərinin Suriyadakı mövqelərindən çəkilməyi gözə alacaqlar. Suriya prezidenti Bəşər Əsədin iki gün əvvəlki Moskva səfərindən sonra Qərb və Rusiya mediasında “Putinin Əsədi tədricən getməyə razı salması” haqqında informasiyalar peyda oldu. Bu informasiya özü ilə nüfuz dairələrinin bölüşdürülməsi ehtimalını da yenidən gündəmə gətirdi.

Suriyanın müstəqil və ya muxtar bölgələrə, yaxud da keçid prosesi üçün nəzərdə tutulan müvəqqəti bölüşdürülməsi məsələsi az qala ən optimal variant kimi ortaya çıxarılır, hətta Suriyadaxili qruplardan da bu istiqamətdə pozitiv reaksiyalar müşahidə olunur. Bəzi etnik qruplar içində, xüsusilə də kürdlər arasında bu bölüşdürmə ehtimalına yanaşmanın “isti” olduğu sezilir, bu isə həm Türkiyə üçün, həm İran, həm də kürdlərə muxtariyyət verən İraq üçün ciddi təhdidlər yaradır. Düzdür, Türkiyəni razı salacaq əsas məqam kimi türkmənlərə də muxtariyyətin verilməsi məsələsi də gündəmə gətirilir lakin, bu versiya hazırda NATO-dakı müttəfiqlər tərəfdən də xoş qarşılanmır və Əsəd rejiminin belə Suriya türkmənlərinə hər hansı güzəştə gedəcəyi hələlik real görünmür. Suriyada gözlənilən “bölgü”nün perspektivlərini nəzərə aldıqda və özünü praktikada necə göstərəcəyini düşündükdə, hazırkı müharibədən dəhşətli və qanlı nəticələrin ortaya çıxacağı görünür. Suriya istər etnik qruplar, istərsə də təriqətlər baxımından həssas ölkədir və bu ölkəni ən sabit məqamda belə münaqişələrə sürükləmək çətin deyil. İraqdan İŞİD-çilərin Suriyaya keçərək möhkəmlənməsi, “Əl-Qaidə”yə yaxın qrupların yerli sünnilər arasında nüfuza və bütöv şəhərlərə, vilayətlərə yiyələnməsi münaqişənin asanlıqla yatırılmayacağından, müharibənin bitməsindən sonra belə radikal ocaqların qalacağından xəbər verir. Suriyada və digər ərəb ölkələrində münaqişəni potensial təhdid kimi qoruyan əsas amillərdən biri də qəbilələr arasındakı qan davalarıdır. Məsələn, iki əsrə qədər bir-biri ilə didişən, vaxtaşırı silahlı toqquşmalar yaşayan xeyli qəbilələr var. Bu cür qəbilə-tayfa qarşıdurmaları ölkənin gələcəyini və mümkün həll yollarını da şübhə altına salır. Suriyada dövlətçiliyin formalaşmasına müəyyən qədər BƏƏS partiyası və onun təbliğ etdiyi “ərəb sosializmi” xidmət göstərib. Uzun müddət “BƏƏS” rejimini həssas ölkəni nəzarətdə saxlamağı bacarsa da, repressiyalar və qətllər olmadan ötüşmədi. Qəddafinin devrilməsində Benqazi ətrafında yaşayan qəbilələr mühüm rol oynadığı kimi, Əsəd rejiminin də müharibəyə sürüklənməsində da Suriyanın şimalında və şərqindəki sünnilərə, “Müsəlman qardaşları”nın fəallarına qarşı repressiyalar qeyd olunmalıdır. Bu repressiyalar daha çox Hafiz Əsədin hakimiyyəti illərinə düşmüşdü, lakin “Ərəb baharı” dövründə narazı sünnilərin “qan yaddaşı” təzələnmiş, Bəşər Əsəddən “atasının intiqamını almaq” ideyası proseslərə təkan vermişdi.

Suriyanın bölüşdürülməsi nəzərdən keçirilərkən, müxtəlif versiyalar və modellər nəzərdən keçirilir. Xüsusilə də, Hindistan və Pakistanın yaranması (əslində bütöv bir ölkənin bölüşdürülməsi) prosesi də tarixə nəzər salmaq və nəticələr çıxmaq üçün faydalı ola bilər. Böyük Britaniyanın Şərqdəki müstəmləkələri hərbi-inzibati bölgüyə əsaslanırdı, burda tarixi və milli amillər arxa planda idi. Müstəmləkələrə müstəqillik verilməsi məsələsi gündəmə gəldikdə isə, yerli şəraiti nəzərə almadan və ya bilərəkdən müəyyən məqamları buraxmaqla bölgü aparıldı. Hindistanda olmayan, yerli əhalinin adət və ənənələrini bilməyən londonlu bir hüquqşünasa Hindistanın bölgüsü tapşırıldıqda, o, təxmini sərhədlər əsasında təkliflər hazırladı. Siril Redkliffin 2 həftəyə hazırladığı bölgü planı 1947-ci ildən minlərlə insanın qanının tökülməsinə, milyonlarla insanın yurdundan didərgin düşməsinə səbəb oldu. Hazırda Pakistan və Hindistan arasındakı mübahisəli ərazilər və dəqiq sərhəd xətti bilinməyən torpaqlar da çoxdur. Eyni laqeydlik Britaniya və Fransanın nəzarət etdiyi ərəb ölkələrində də göstərildi. Ərəblərin torpaqları nə etnik, nə də dini xüsusiyyətlərə görə bölüşdürülmədi. Demək olar ki, bununla da uzun illər bitməyən və bitməsi hələ də real görünməyən münaqişələrin əsası qoyuldu. İraqda da vəziyyət elə ilk vaxtlardan ürəkaçan deyildi. Krallıq yarandığı dövrdən belə, bu ölkədə daim sünni-şiə, ərəb-kürd münaqişələri olub. İraq ilk anlayışda nə deməkdir? Ərəblərin dövləti? Bəlkə, şiələrin? Yoxsa, uzun müddət idarə olunduğu kimi, ancaq sünnilərin dövləti sayaq - halbuki, əhalinin 70 faizdən şiələr təşkil edir? Kürdlərin və türkmənlərin də varlığını nəzərə aldıqda, İraqın “qaynar bir qazan” olduğu və indiki vəziyyətinə necə gəlib düşdüyü anlaşılır. Eyni vəziyyət Livanda da var: xristianlar, sünnilər və şiələr daim münaqişə içindədir. Suriyada aysorların və marunilərin, druzların varlığı da nəzərə alınmalı olacaq, beləliklə, Suriyanın ən az 6-7 yerə bölüşdürülməsi, insanların bir vilayətdən digərinə köçü, hər şeyi yenidən başlayan təcrübəsiz hakimiyyət komandaları, ərazi iddiaları və qan davalarının çulğaşmaı Suriyadakı qrupları yenidən müharibənin ağuşuna atacaq. Kürdlərin də arasında şiələr, sünnilər və yezidlər var. Bu, bir qrupun içində yeni qruplar ortaya çıxarmış olur. Sünni və şiə qrupları arasında təriqət fərqləri və fikir ayrılıqları da istisna deyil. Beləliklə, bir bölüşdürmə özü ilə yeni müharibə ocaqları gətirmiş olur.

Lakin bütün bölüşdürmə ehtimalı və qarşıdurma təhdidlərinə baxmayaraq, Suriya əsasən 3 “paytaxt”dan idarə olunur: Dəməşq, Hələb və Rəqqa. Üçüncü mərkəzdəki İŞİD qüvvələrinin kim tərəfindən məhv edilməsi ölkənin taleyini müəyyən edəcək. Dördüncü mərkəz olaraq isə PYD-nin gücləndiyi Kobani və ətraf şəhərlər gündəmə gəlir.

İŞİD-in nəzarət etdiyi ərazilər zəngin karbohidrogen ehtiyatına malikdir. Bununla da, ABŞ və Rusiya “priz” daha tez çatmaq uğrunda mübarizə etdiyi vaxtda, avtomatik olaraq Suriyada “rusiyapərəst cənub” və “amerikapərəst şimal”anlayışları yaranmış olur. Əgər yaxın müddətdə muxtar bölgələrə əsaslanan bölgü olmayacaqsa da, növbəti mərhələdə paytaxtları Hələb və Dəməşq olan iki müstəqil dövlətin yaranmasını görə bilərik. Bunu Rusiya da bilir, ABŞ da. Məhz ona görə də, Rusiya inadla keçid hökumətindən söz açır, ABŞ isə ciddi əngəl törətmir. Lakin Amerika Kremlin təşəbbüslərinə birbaşa dəstək versə, qısa müddətdə qərbyönümlü müxalifəti də itirə bilər. Həmçinin kürdlərin müstəqillik iddiaları daha aktual olacaq. Məhz bu baxımdan da, Türkiyə bölgüyə və keçid məsələsinə ehtiyatla yanaşmağa məcburdur.

Rüfət Əhmədzadə





Həftənin ən çox oxunanları