Yuxarı

Sabun köpüyünü xatırladan uğur

Sabun köpüyünü xatırladan uğur

[caption id="attachment_401" align="alignleft" width="219"]natiq miri Natiq Miri: "Proseslər göstərdi ki, müxalifətdən əraziləri geri almaq asan olmayacaq"[/caption]

Oktyabrın 20-də Suriya prezidenti Bəşər Əsədin gözlənilmədən gecə saatlarında Moskvaya səfəri heç də birmənalı qarşılanmadı. Çünki bu görüş Bəşər Əsədin Suriyada vətəndaş müharibəsi başlayandan bəri xarici ölkəyə ilk səfəri idi. Ölkəsindən kənara çıxa bilməyən Suriya prezidenti Bəşər Əsədin Moskva səfəri sonadək gizli saxlanılıb. Suriya prezidentinin təhlükəsizliyinin təminatı olmadığı bir vaxta necə ola bilər ki, Rusiyaya gələ bilib? Putinin məqsədi nədir? Suriya prezidentinin Rusiyaya gəlib-getməsi bölgəyə nə vəd edir?

Politoloq Natiq Miri “Cumhuriyət” qəzetinə bu gözlənilməz görüşü şərh edərkən deyib ki, təhlükəsizlik baxımından özünə qapanmış, izolə olunmuş bir prezidentin Suriyadan Rusiya prezidentinin ayağına qədər gətirilməsi, xüsusilə heç bir xüsusi xidmət orqanlarının xəbəri olmadan bunu edə bilməsi, Rusiyanın dünyaya güc nümayişi və boy göstərişidir: “Bu gün bütün dünya xüsusi xidmət orqanlarının diqqəti bilavasitə Suriyadadır. Dünyanın bir nömrəli gündəmi, məhz bu ölkədir. Suriyada belə bir kəşfiyyat əməliyyatının bu cür məxfiliklə aparılması, Rusiyanın uğuru sayılır. Digər tərəfdən, təcili olaraq Bəşər Əsədin Moskvaya çağırılmasının arxasında daha ciddi səbəblər dayanır. Bu səbəblərdən biri ondan ibarətdir ki, sentyabrın 28-də ABŞ prezidenti ilə Rusiya prezidenti arasında görüş oldu. Bu görüş əsnasında Barak Obama Vladimir Putinə Suriyada keçid dövrü üçün həll planı təqdim etdi. O gündən bu günə Rusiyanın bu həll planı ilə bağlı fikirləri bəlli deyildi. Ümumiyyətlə, daha çox bu məsələnin üstündən keçilirdi və susqunluq nümayiş etdirilirdi. Bu, ona görə edilmirdi ki, Rusiyanın bu barədə konkret fikirləri yoxdur. Düşünürlər ki, Rusiya öz müttəfiqləri, yəni Suriya və İranla bu məsələdə ciddi müzakirə obyekti olub. Ancaq məsələ ondan ibarətdir ki, ABŞ-ın təqdim etdiyi planın bu vaxta qədər ləngiməsinin kökündə duran əsas məsələ ondan ibarət idi ki, Rusiya bu məsələni dərhal müzakirə obyektinə çevirmək istəmirdi. Niyə? Çünki Rusiya Suriyada hərbi əməliyyatları başlamaq və konkret bir neçə hərbi uğurlar əldə etməklə daha güclü mövqe ilə çözüm prosesinə başlamaq istəyirdi. Qısa müddətli olsa da, Rusiyanın belə uğurları var. Fikir verirsinizsə, bu gün beynəlxalq ictimai rəydə Putin və Rusiyanın mövqeyi daha da güclüdür. Rusiyanın terrora qarşı yeganə güc olaraq fəaliyyəti bütün dünyada danışılır. Belə bir imic sabun köpüyü olsa da, Rusiya üçün yaradılıb. Hesab edirəm ki, bundan ötəsini istəmək, daha çox əraziləri əldə etmək Rusiya üçün çətin olacaq. Rusiya bunu anlamamış deyil. Rusiyanın bu hərbi əməliyyatlarda iştirak etməsi üçün Suriyaya cəlb etdiyi güclər bundan ötəsini əldə etmək üçün yetərli deyil. Başqa bir tərəfdən Rusiyanın bu prosesdə quru əməliyyatlar keçirmək üçün Suriyaya etdiyi hərbi yardımlar da nailiyyət əldə etməyə imkan vermir. Bu baxımdan havadan dəstəkli quru əməliyyatlarının ilk günlərində Əsəd ordusu 20-dən artıq texnikasını itirdi. Bunu təbii ki, Əsəd rejiminin müxalifətində olan hərbi güclər etdilər və proses göstərdi ki, müxalifətin əlində olan əraziləri geri almaq o qədər də asan olmayacaq.

Nəhayət, bu prosesi davam etdirmək üçün təbii ki, Bəşər Əsədə həm texnika, həm də silah-sursat ehtiyac idi.

Moskva səfərinin səbəblərindən biri də budur. Nəzərə almaq lazımdır ki, Rusiya anlayır ki, ABŞ-ın razılığı ilə ABŞ-ın müttəfiqləri Əsəd rejiminin müxalif güclərinə qırıcı təyyarələri vurmaq üçün stinger raketləri və tankları zərərsizləşdirmək üçün hərbi texnikalar verməyə başladılar. Bu da onu göstərir ki, Rusiya çox ciddi itkilərlə üzləşmək məcburiyyətində qalacaq. Buna görə də Rusiya hələlik beynəlxalq imicdə ciddi uğur qazandığı təqdirdə bu imici itirməmək üçün dərhal siyasi danışıqlara başlamaq zərurətini hiss etdi. Buna görə də Əsəd Moskvaya çağırıldı və Barak Obamanın təqdim etdiyi planın müzakirə  olunduğu qənaətindəyəm. Burda hansı razılığın əldə olunub-olunmadığını demək tezdir. Ancaq onu da nəzərə almaq lazımdır ki, Suriya prezidenti Bəşər Əsədin seçimi o qədər də çox deyil. Bu baxımdan ki, məhz Bəşər Əsədin özünün də imkan verdiyi kimi, Rusiya artıq bu proseslərdə həlledici səslərdən birinə çevrilib. İndiki şəraitdə Rusiyanın istəklərinə qarşı Bəşər Əsədin ciddi mənada dirəniş göstərəcəyini düşünmürəm. Başqa tərəfdən Rusiya öz geosiyasi maraqları kontekstində istənilən zaman Bəşər Əsədi qurban verə bilər. Yəni Əsəd faktoru Rusiya üçün vazkeçilməz geosiyasi bir amil deyil. Sadəcə Rusiyanın bəzi geosiyasi istəkləri var ki, ABŞ-la bazarlığa oturduğu və buna təminat aldığı təqdirdə Rusiya çox asanlıqla Əsədi xərcləyəcək. Rusiyanın həm regionda, həm possovet məkanında, eyni zamanda Ukrayna məsələsində bəzi geosiyasi maraqları var. Bunun üçün uzun bir proses lazım olacaq. İndiki şəraitdə dərhal razılığa gəlinməsi hələlik üfüqdə görünmür.

Suriyada bütün qüvvələr qarşı-qarşıyadır. Bu qüvvələrin hərəsinin özünün maraqları var. İŞİD hələ də Suriyada və İraqda ciddi mənada fəaliyyətdədir. Hələlik İŞİD-in zərərsizləşdirilməsi müzakirə mövzusu deyil. Başqa tərəfdən kürdlərin özünün həm İraqda, həm Suriyada muxtar bir bölgə yaratmaq istəyi var ki, bu yöndə onların fəaliyyəti var. Bu fəaliyyət təbii ki, region güclərindən olan Türkiyənin maraqlarına uyğun deyil. Bu cür fəaliyyət təbii ki, Türkiyənin təhlükəsizliyini təhdid edir. Bu baxımdan Səudiyyə - Ərəbistanı və Qatar kimi regional aktorlar var ki, onların da öz istəkləri var. İstəklər ondan ibarətdir ki, bu dövlətlər Əsədlə birgə Suriyanın gələcəyini görmür. Nəzərə almaq lazımdır ki, bu prosesdə iştirak edən ABŞ və onun müttəfiqləri, eləcə də Rusiya və onun müttəfiqi İranın da geosiyasi maraqları var. Bu gün Rusiya prezidenti Əsədi müəyyən mənada öz maraqları çərçivəsində xərcləməyə hazır olmuş olsa belə, bu cür görünə bilsə də, nəzərə almaq lazımdır ki, İran hələlik Əsədin hakimiyyətdən getməsini istəmir. Buna hazır görünmür. Buna görə də bu xəmir bir xeyli su aparacaq. O zamana qədər daşlar tədricən yerinə oturacaq. Bu prosesdə Yaxın Şərqdə yeni şəkillənmə necə olacaq, indidən konkret proqnozlar vermək çox çətindir. Çünki Suriyada və Yaxın Şərqdə gedən proseslər o qədər dinamik inkişaf edir ki, hətta iki həftədən sonra hansısa geosiyasi proqnozlar vermək çətindir”.

Bəşər Əsəd özü ilə bir qurup kürd liderlərini də Rusiyaya gətirdi və Putin onlarla əl tutdu. Bu, Türkiyə ilə Rusiya münasibətlərinə necə təsir göstərəcək?

Bu suala cavab verən Natiq Miri hesab edir ki, bu səfər Əsədin bir növ güc nümayiş etdirməsi kimi də dəyərləndirmək olar: “Mən hələ də Suriyada ayaqdayam, yeganə hesablanılası legitim lider mənəm, eyni zamanda mənim Suriya toplumu içərisində etniklər arasında müəyyən siyasi dəstəyim var"

Yəni bu gəlişin bir anlamı da budur. Əslində bu, Türkiyəni qıcıqlandırmaq üçün ortalığa qoyulmuş bir jestdir. Rusiya bunu bilməmiş deyil. Təbii ki, kürd liderlərin Əsədlə Moskvaya gəlməsi əvvəlcədən razılaşdırılmış məqamdır. Bundan əvvəl Rusiyanın kürd silahlı qüvvələrinə həm Suriyada, həm də İraqda kürdlərə silahlı yardım etməsi ilə bağlı xəbərdarlığı var.

Eyni zamanda Amerikanın kürd qüvvələrinə 50 tona yaxın verdiyi silah yardımı var ki, bunun nəticəsində Türkiyənin baş naziri Əhməd Davudoğlu bəyanatla çıxış etdi ki, bu silahlar Türkiyəyə qarşı istifadə olunduğu təqdirdə silahların haradan alınmasından asılı olmayaraq məhv edəcəyik. Bu da son dərəcə Rusiya və Türkiyə münasibətlərin gərgin məqamların ortada olduğunu göstərdi. Kürd hərbi qüvvələrinin başçılarının Suriya lideri ilə Moskva səfəri də Türkiyə, Rusiya münasibətlərinə yenidən kölgə salacaq. Bu münasibətlərə yeni gərgin notlar əlavə edəcək”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları