Yuxarı

Rusiya SSRİ-nin aqibətini yaşaya bilər

Rusiya SSRİ-nin aqibətini yaşaya bilər

russian ussr“Putinin əsas məqsədi bütün Ukraynanı siyasi cəhətdən tam olaraq Rusiyanın nəzarətinə keçirməkdir”. Rusiyalı ekspert Aleksandr Sıtin belə bir iddia ilə çıxış edib. Sıtinin sözlərinə görə, Putin planının reallaşması üçün Ukraynanın Qərb regionundan imtina edə bilər: “Ukraynanın Qərbi çar dövründə Rusiyanın tabeliyində olmayıb. 1913-cü ildə bu ərazilər Avstriya Macarıstan İmperiyasının tərkibində idi. Nəzarət altında saxlamaq tezisi əslində, Yanukoviç rejimin yenidən bərpa olunması deməkdir. Əgər Yanukoviç olmasa, onu Kreml hansısa başqa şəxslə əvəz edəcək. Putin Krımı anneksiya etməklə Qara dəniz donanmasının taleyini həll etdi. Moskva qorxurdu ki, Krımda NATO bazaları peyda olacaq. Ölkənin şərqinə gəlincə isə, burada Dnestryanı variantının həyata keçirilməsi nəzərdə tutulur”.

Moskvada Qərbə loyal münasibəti ilə seçilən Yeltsin rejiminin hakimiyyət dönəmi bitdikdən sonra Putin Rusiyada SSRİ-nin təkpartiyalı sistemi bərpa etdi. Hələlik Rusiyanın fiziki və siyasi xəritəsi də Putinin imperiya ambisiyası çərçivəsində məhdudlaşır. Sovetin nimdaş mühərriki ilə işləyən avtoritar rejim Rusiya siyasi həyatının monoton gücünü müəyyənləşdirir. Federasiyadakı siyasi proseslər mürəkkəb və çoxhissəsli tapmacalar kimi görünə bilər, lakin o, ölkənin başında ki, Putin kimi Stalin mentalitetinə sadiq rəhbər dayanır, demək, çoxşaxəli görünən hadisələr bir ox ucluğunda birləşir - Sovet İttifaqının gücünü Rusiyaya qaytarmaq.

Yanukoviç rejiminin Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramından imtina etməsi Kremlin maraqlarına xidmət idi. Bu, Ukraynanın Rusiyanın siyasi və iqtisadi asılılığını qəbulunun elanı sayılırdı. Ukrayna Aİ və ABŞ-ın geosiyasi maraqları baxımından əhəmiyyətli faktordur. Eyni zamanda rus mədəniyyətinin beşiyi hesab olunan bu ölkə Moskvanın özünü Qərb təhlükəsindən sığortalaması və Avrasiya İttifaqını qura bilməsi üşün həyati əhəmiyyət daşıyan amildir. Ukraynanın Qərblə Rusiya arasında geosiyasi rəqabət sahəsi olması və Rusiyanın gələcək varlığının təminatçısı statusunu daşıması tərəflər arasında bu siyasi çəkişmənin hələ uzun müddət davam edəcəyini bildirir.

Ukraynanın hansı siyasi kursu seçməsi və ölkənin strateji mövqeyi Qərb və Rusiyanın marağında olan məsələdir. Ukrayna Asiya və Avropanın sərhəd qapısıdır. Qərb bu strateji əhəmiyyətli ölkəni diplomatik tərəfdən ələ keçirmək istəyirsə, Rusiyanın burada iddiası daha şişkindir. Kiyev Ukraynaya “tarixi Rusiya torpaqları” kimi baxır. Sovet İttifaqının çökməsilə 14 respublikanın tabeliyindən çıxmasını qəbul etmədiyi kimi, Kreml Ukraynanın da müstəqil seçim haqqını rədd edir. 1954-cü ildə Krımın Ukraynaya birləşdirilməsinin səbəbi də, Kremlin heç vaxt bu ölkənin Rusiyadan ayrılacağını düşünməməsi ilə bağlı idi. Təbii ki, SSRİ parçalandı və Moskvanın bu düşüncələri alt-üst oldu. Nəticədə Qərbə əyilməsinin qarşısını almaq üçün Rusiya Ukrayna üzərində “böyük qardaş” oyununu inkişaf etdirməyə başladı. Putin dəfələrlə Avropaya səfərlərində dolayı yolla Ukraynanın Rusiyanın ərazi bütövlüyünə daxil olmasına eyham vurdu.

Ukraynanın coğrafi baxımdan Avropanın bir parçası olduğunu qəbul etsə də, Putin Qərbin NATO və Avropa İttifaqı kimi siyasi-hərbi birliklərinə daxil olmayan, Kopenhagen parametrlərindən çox SSRİ meyarlarına uyğun gələn, insan haqları, media azadlığı, şəffaflıq və korrupsiya kimi mövzularda Aİ-nin tələblərinə cavab verməyən, iqtisadi əlaqələrini MDB çərçivəsində inkişaf etdirən Ukraynanın Qərbə inteqrasiyası üçün heç bir əsas görmədi. Lakin Vaşinqton və Brüssel Kiyevdə siyasi çevriliş edərək, Kremlin bu cür düşünməsində heç bir hüquqi əsasın olmadığını isbat etməyə çalışdı.

Ukrayna Aİ-nin Asiya ilə “gömrük məntəqəsi”, qitələrə, Rusiya və Qara dənizə açılan qala qapısı idi, eyni zamanda sahib olduğu məhsuldar torpaqlar və nəhəng iqtisadi potensialı ilə “Avropanın anbarı” hesab olunur. Bütün bunlarla yanaşı, Rusiyadan Avropaya gedən qaz xəttinin 80%-nin Ukraynadan keçməsi ölkənin dalana itələnməsinə əsas səbəb idi. Xüsusilə, Aİ-nin Şərq Tərəfdaşlığına cəlb etmək istədiyi ölkələrlə fiziki yaxınlığı Qərb və Rusiyanın həssas yanaşdığı məsələydi. Brüssel bu dövlətləri proqrama qoşacağı halda, regionda Rusiyanın açıq formada müdaxilə edə bilməyəcəyi bufer zona yaradılacaqdı. Beləliklə, Qərb, Cənub və dünya okeanlarına rahat açılması üçün böyük sədd ortaya çıxacaqdı. Ukrayna Rusiya üçünsə, Balkan yarımadası və Yaxın Şərqdə siyasi-iqtisadi varlığını təmin edəcək nəhəng mərkəz idi. Ukraynasız Rusiya Asiyaya həbs olacaqdı. Bu baxımdan ölkə Kremlin Avrasiya İttifaqı üçün ideal məkan sayılırdı. Yəni, Çindən Balkanlara qədər uzanan “Avrasiya İmperiyası”nın Avropaya açılan qapısı.

Ukraynanı parçalayan Rusiya SSRİ-nin aqibətini yaşayacaq. Məsələnin siyasi və ideoloji əsasları var. Birinci, Putin sonuncu SSRİ  prezidenti Qorbaçov kimi qaldıra bilməyəcəyi yükün altında girib. İkincisi, Putin keçmiş Sovet İttifaqı sərhədlərini 71 il Rusiya əsarəti altında olmuş respublikalar vasitəsilə bərpa etmək istəyir. Hansı ki, həmin xalqlar müstəqillik üçün uzun illər SSRİ-nin parçalanması üçün münbit şəraitin yaranmasını gözləyirdilər. Üçüncü, SSRİ-nin parçalanmasını ABŞ istəmişdi və bacardı. İndi həmin ABŞ Rusiyanın növbəti dəfə tarix təkrarlamasına icazə verərmi?

SSRİ-ni parçalayan əsas faktor Moskva və Vaşinqton arasındakı rəqabət idi. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin agenti hesab olunan Qorbaçovun “demokratik dövlət” yaratmaq istəyi (əslində, Ağ Evin SSRİ-ni parçalamaq planı) SSRİ-ni dağıtdı. Bu gün isə Putinin yeni imperiya ambisiyası Rusiyanı dağıdacaq. Çünki Putinin rus ordusunu Krıma yeritməsi tarixi səhv idi. O, bu işğalla Ukraynanı tabe etmək və yenidən SSRİ-ni yaradacağını düşünür. 1917-ci ildə Ukraynanın Sovet Respublikası elan edilməsi hadisəsi də Krımda baş vermişdi. Putin sırf strateji və tarixi amilləri nəzərə alaraq, Ukrayna üzərində təkid edir. Rusiya, Belarus və Ukrayna SSRİ-ni bərqərar edən əsas dövlətlər idi. Hələ SSRİ dönəmində Rusiya kimi Belarus və Ukrayna da BMT-də təmsil olunmaq hüququna sahib idilər. Putin də tarixin əlilə keçmişi romantik şəkildə geri qaytarmağa çalışır. Lakin kapitalist amilinin dünya idarəçiliyini əlində toplamasını nəzərə alsaq, Putinin sol düşüncəsi heç nəyə yaramayacaq. Qərb və ABŞ Rusiyanın Krıma ordu yeritməsinə sərt reaksiya vermirsə, bu o demək deyil ki, vəziyyət Moskvanın istədiyi istiqamətə cərəyan edəcək. Məsələ belə deyil. SSRİ-ni bir göz qırpımında məhv edən Qərb koalisiyası etniklərə heç bir azadlıq tanımayan, siyasi və iqtisadi böhran içərisində boğulan Rusiyanı parçalaması vaxt məsələdir.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları