Yuxarı

Suriyada seçki imitasiyası

Suriyada seçki imitasiyası

suriya2

Ekspert: “Bu ölkədə normal seçkilərin keçirilməsi  üçün ən minimal şərait belə yoxdur”

Suriya ətrafında gedən maraqlı proseslər dünya mediası üçün çoxsaylı sürprizlər vəd edir. Belə sürprizlərdən biri də Suriya prezidenti Bəşər Əsədin seçkiyə hazır olması ilə bağlı verdiyi açıqlamadır. Əsədin bu addımı gözlənilməz olduğu qədər də bir çox suallar yaradır və bir çox ehtimal üzərində düşünməyə əsas verir. Bu addımın Rusiya səfərindən sonra atılması da təsadüfi deyil. Bəzi ekspertlə hətta Rusiyanın Amerika ilə birgə ssenari yazdıqlarını bildirirlər.

Xatırladaq ki, Əsəd islahatlara və növbədənkənar prezident seçkilərinə hazır olduğunu açıqlayıb. Suriya lideri bu barədə Rusiyadan olan parlament heyəti ilə Dəməşqdə keçirdiyi görüşdə deyib. Bəşər Əsəd öz gücünə inandığını bildirib. Rusiya aviasiyasının İŞİD terror təşkilatına qarşı keçirdiyi əməliyyatları da təqdir edən Əsəd  İŞİD üzvlərinin kütləvi şəkildə Türkiyəyə qaçdığını iddia edib. Rusiya Federasiyasının millət vəkili Sergey Qavrilov, Əsədin ölkədə terroru bitirdikdən sonra seçkilərə hazır olduğunu qeyd edib.

Şamda “Reuters” xəbər agentliyinə danışan Qavrilov, Əsədin erkən seçkilərə hazır olub-olmadığı sualına, "Mənim əldə etdiyim təəssürat, ilk hədəfin terrora qarşı mübarizə və qələbə qazanmaq, daha sonra məclis və dövlət başçılığı seçkilərinin təşkil olunması şəklindədir" deyə cavablayıb. Sergey Qavrilov söyləyib ki, Əsəd öz ölkəsindəki xristianları qoruyacaq.

Onun sözlərinə görə, Əsəd rus deputatlarla görüşündə Rus Provaslav Kilsəsinin rəhbəri Kirilin mövqeyinə hörmət etdiyini bildirib. Rusiya parlamentinin millət vəkili Aleksandr Yuşenko da Əsədin seçkilərə getməyə hazır olduğunu bildirib.

“Biz tək Bəşər Əsədin maraqlarını  nəzərə almaq istəmirik”

Rusiya XİN rəhbəri Sergey Lavrovun da açıqlamaları diqqət çəkir. O, Moskvanın Suriyada İŞİD-ə qarşı vuruşan “Azad Suriya Ordusu” müxalifət qruplaşmasına havadan dəstək verməyə hazır olduğunu bildirib. Sergey Lavrov “Vesti v subbotu” televiziya verilişində Rusiyanın Suriyada bütün siyasi qüvvələr ilə təmas quran yeganə ölkə olduğunu qeyd edib: “Biz konkret olaraq tək Bəşər Əsədin və ya tək müxalifətin maraqlarını  nəzərə almaq istəmirik. Biz, bütövlükdə, Suriyanın maraqlarını nəzərə almaq istəyirik”.

“Azad Suriya Ordusu” (ASO) silahlı müxalifət qruplaşması İŞİD-lə mübarizədə Rusiyanın köməyindən imtina edib. Bu barədə “Əl Ərəbiyə” telekanalı ASO nümayəndəsi Əhməd Səuda istinadla məlumat yayıb. Onun sözlərinə görə, Rusiya üsyançılarla əməkdaşlıq edə-edə Bəşər Əsəd rejiminə dəstək verə bilməz: “Rusiya aviasiyası əvvəlcə bizim mövqelərə zərbələri dayandırmalıdır”.

Lavrov bildirib ki, Suriya parlament və prezident seçkilərinə hazırlaşmalıdır.  O qeyd edib ki, artıq Suriyada siyasi prosesin irəliləməsi tendensiyası sezilməkdədir. Gələcəkdə suriyalıların xarici ölkələrin təsiri ilə danışıqlar masası arxasına keçəcəyinə ümid etdiyini deyən diplomat bununla belə münaqişədə iştirak edən xarici qüvvələrin Suriya  vətəndaşlarının əvəzinə siyasi məsələləri həll etmək iqtidarında olmadığını vurğulayıb.

Rusiyanın gizli Suriya hədəfləri

Suriyada davam edən müharibənin qarşısının alınması üçün Rusiya, ABŞ, Türkiyə və Səudiyyə Ərəbistanı arasında müzakirə aparılır. Müzakirələrdə Rusiyanın təklif etdiyi həll planı mətbuata sızıb. Rusiyanın təklifləri aşağıdakılardır:

  1. “Hədəflər siyahısı” yaradılmalıdır. Suriya münaqişəsinin siyasi həllini rədd edənlər bu siyahıya əlavə ediləcək və bundan sonra Rusiya, ABŞ və müttəfiqləri onları bombalayacaq;
  2. Suriya müxalifləri ilə Əsəd ordusu arasında bütün döyüşlər dondurulacaq;
  3. Suriya müxalifəti və “Azad Suriya ordusu”nun da iştirak etdiyi Dialoq konfransı keçirilməlidir. Konfransdan əldə olunacaq nəticələr:Bütün tutulanlar azad edilməli, Parlament seçkiləri keçirilməli, Əfv sərəncamı verilməli, Suriya birlik hökuməti qurulmalı, Konstitusiya dəyişikliyi edilməlidir;
  4. Rusiya prezidenti Vladimir Putin yeni seçkilərdə Bəşər Əsədin namizəd olmayacağına, ya da özü tərəfindən namizəd göstərilməyəcəyinə dair zəmanət verəcək;
  5. Rejim və müxalif qüvvələr ortaq Beynəlxalq Müdafiə Qüvvələri yaratmalıdır. “Azad Suriya ordusu” və digər müxalif qüvvələr Suriya ordusu və təhlükəsizlik qüvvələrinə qatılacaqlar;
  6. Rusiya Suriya daxilində və xaricində bütün müxalif qrup üzvləri, fəalları və döyüşçüləri üçün əfv elan edilməsi üçün zəmanət verəcək. Bunun əvəzində müxalifət ölkə daxilində və xaricində Əsədi məhkəməyə verməyəcək;
  7. Bəşər Əsəd və müxalifət tərəfdarları bir-birilərinə hücumlar etməyəcək. İstənilən döyüşə son qoyulacaq və dəstək verən ölkələr hansı qrupa olursa-olsun silah göndərməyəcək;
  8. Rusiya BMT Təhlükəsizlik Şurasın

dan müvafiq qərarı aldıqdan sonra sülh planının həyata keçirilməsini zəmanət altına alınması üçün Suriyadakı hərbi varlığını davam etdirəcək

Suriyada stabillik ideyası - Rusiyanın özəl planı

Siyasi şərhçi Elçin Xalidbəyli isə “Cümhuriyət”ə bildirib ki, Suriyada seçkilərin keçirilməsi təklifi bir oyundur: “Çünki Suriyada vəziyyətin stabilləşməsi ABŞ-ın maraqlarına uyğun deyil. Əksinə, Yaxın Şərq regionunda, o cümlədən, Suriyada vəziyyət nə qədər qəlizləşsə, Ağ Evin uzaqgedən ssenarilərinin reallığa çevrilməsi baxımından daha əlverişlidir. Belə ki, Yaxın Şərqdə situasiya qəlizləşdikcə və xaos dərinləşdikcə, ABŞ bu regionun enerji resurslarını daha asanlıqla mənimsəyə bilir, silah biznesi çiçəklənir, Ağ Evin dünyanın hərbi-siyasi çoğrafiyasını yenidən dizayn etmək planları üçün daha münbit şərait yaranır. Ona görə də, Suriyada stabillik ideyası Rusiyanın özəl planına bənzəyir və prezident Vladimir Putinin bununla bağlı 5 maddəlik planı da bunu təsdiqləyir. Rusiya ABŞ və Qərbi bu planın qəbuluna, birlikdə reallaşdırılmasına razılaşdırmağa çalışır. Ancaq bu planın uğur qazanacağına inanmaq o qədər də asan deyil. Çünki yuxarıda da dediyimiz kimi, belə bir plan ABŞ və Qərbin maraqlarına uyğun gəlmir. Üstəlik, ABŞ və Qərb Suriya böhranının başlanmasından üzü bəri Əsəd hakimiyyətinin öz legitimliyini itirdiyini israrla qabardır və Əsədsiz nizamlama variantını önə çəkir”. Onun fikrincə, indi seçkilər keçirilərsə və prezident B.Əsəd yenidən qalib gələrsə, onda ABŞ və Qərb onun legitimliyini etiraf etmək məcburiyyətində qala bilər: “Digər tərəfdən, Suriya ərazisində normal seçkilərin keçirilməsi üçün ən minimal şərait belə yoxdur. Çünki bu ölkədə vətəndaş müharibəsi davam edir, dövlətin ərazisi parçalanıb və müxtəlif silahlı qruplaşmaların nəzarəti altındadır, Suriyanın siyasi-hüquqi idarəçilik sistemi isə ümumiyyətlə, dağıdılmış vəziyyətdədir. Belə bir vəziyyətdə keçirilən seçkilərin əhatə dairəsi ciddi şübhələr doğurur və maraqlı tərəflər arasında ciddi mübahisələrə yol aça bilər. Bütün bunları nəzərə aldıqda, Suriyada keçiriləcək hər hansı seçki sadəcə, imitasiya xarakteri daşıya bilər və dayanıqlı stabillik vəd etmir. Suriyanın bu vəziyyətdən çıxarılması və stabilliyin təmin edilməsi üçün ən optimal variant beynəlxalq siyasi iradə mərkəzləri arasında bu ölkənin ərazisindəki qeyri-qanuni silahlı qruplaşmaların, eləcə də terrorçu dəstələrin sıradan çıxarılması ilə bağlı birmənalı razılaşmanın əldə olunması ola bilər. Yalnız bundan sonra problemin siyasi tərəflərinin həlli, o cümlədən də seçkilərin keçirilməsi barədə düşünmək ümidverici nəticələrə yol aça bilər”.

Cavad





Həftənin ən çox oxunanları