Yuxarı

Orta Asiyada xaos təhlükəsi

Orta Asiyada xaos təhlükəsi

isid_18İŞİD bölgəni təhdid edir

Suriyada Rusiya və ABŞ liderliyindəki koalisiya qüvvələri tərəfindən manevr imkanları məhdudlaşdırılan İŞİD Orta Asiyada peyda olub. Əfqanıstanın Şimal bölgələrinə yerləşən radikalların Türkmənistan, Qırğızıstan, Özbəkistan və Tacikistana girmək üçün plan hazırladıqları iddia olunur. Artıq bu məqsədlə İŞİD-in bölgədəki qolları Əfqanıstan-Türkmənistan sərhədlərində düşərgə salıb. İŞİD-in hədəfə aldığı növbəti region isə Əfqanıstan və orta Asiya respublikalarıdır. Çünki ABŞ və NATO öz hərbi qüvvələrinin əhəmiyyətli hissəsini Əfqanıstandan çıxardıqdan sonra “Taliban”ın İŞİD-ə beyət etməsi bu terror təşkilatının Əfqanıstandakı mövqelərini gücləndirdi.

Digət tərəfdən isə, Özbəkistan, Tacikistan, Qırğızıstan və Qazaxıstandan çoxlu sayda insanın Suriyaya gedərək İŞİD-ə qoşulmaları regionda narahatlığı bir qədər də artırır. İŞİD sıralarında Özbəkistandan 5 min, Qazaxıstandan 500, Qırğızıstandan 400, Tacikistandan 350, o cümlədən Çindən 500 nəfərin döyüşdüyü bildirilir.  Özbək politoloq Bəxtiyar Şərəfov İŞİD-in Əfqanıstandakı varlığının ölkəsi və bölgə üçün təhdid mühiti yaratdığını bildirib. B. Şərəfov “Özbəkistan İslam Hərəkatı” və “İttihad əl-İslam” adlı radikal qruplaşmaların İŞİD-ə beyət etdiyini açıqlayıb.

İŞİD niyə Orta Asiyaya göndərildi?

Suriya müharibəsinin başlamasıyla Orta və Mərkəzi Asiyadan bu ölkəyə axın edən terror təşkilatları Yaxın Şərqin problemli coğrafiyaya çevrilməsində əsas rol oynamışdısa, bu gün proseslər tərsinə cərəyan edir. Daha dəqiq desək, Yaxın Şərqdə sıxışdırılan terror təşkilatları - “əl-Qaidə”, İŞİD, “ən-Nüsra” kimi radikal qruplaşmaların Orta Asiyaya axını yaranıb. Çin, Rusiya və Pakistanın bölgədə hərbi güc və nüfuzlarını artırması Qərb və ABŞ-dakı müəyyən siyasi dairələri narahat edir. Strateqlər prosesin qarşısına keçmək üçün radikal qruplaşmaları aktivləşdiriblər. Regionda yaradılacaq xaos mühiti Orta Asiyaya nəzarəti ələ keçirməyə yönəlikdirsə, bu, eyni zamanda bölgəyə qonşu olan Çin və Rusiyada terror dalğası yaratmaq marağından qaynaqlanır.

Bu baxımdan, qlobal güclərin Orta Asiyanı təhdid edən xaos nəzəriyyəsi çoxmənalıdır. Əfqanıstandakı radikal qruplaşmaların ölkənin Şimalına - Orta Asiya sərhədlərinə yönəlmələri də bu mənalardan biridir. İraq və Suriyada İŞİD-i hədəf almasına baxmayaraq, çinli və rusiyalı mütəxəssislər Orta və Mərkəzi Asiyada İŞİD qollarının ABŞ tərəfindən dəstəkləndiklərini iddia edirlər.

Regionda xaos mühiti yaradan faktorlar

Orta və Mərkəzi Asiyada yaranmış qarışıq geosiyasi vəziyyət İŞİD-in bu regiona transferi zərurətini yaratdı. Məsələn, ABŞ - Çin arasındakı gizli “soyuq müharibə”yə görə ABŞ-ın Hindistana yaxınlaşması, Pakistanı Amerikadan uzaqlaşdırdı. Pakistan isə ABŞ-a cavab olaraq, Çinlə əlaqələrini genişləndirdi. ABŞ-ın Hindistan və Əfqanıstanla olan isti münasibətlərinə İran da etinasız yanaşmadı. İran Çinlə münasibətlərini qaydasına saldı, hətta Əsəd məsələsində Pekindən dəstək də aldı. Paralel olaraq, ABŞ-ın İranla nüvə danışıqlarında razılığa gəlməsinə cavab olaraq, Səudiyyə Ərəbistanının Pakistanla yaxınlaşması regionun palitrasında rəngarəngliyi artırdı. Orta Asiyada xaosu dərinləşdirən digər amil Fərqanə ovalığı ilə bağlıdır. Qırğızıstan, Tacikistan və Qırğızıstanın müəyyən ərazilərini əhatə edən bölgənin etnik və məzhəb xəritəsi zəngindir. Bura həmçinin radikal dindarların mərkəzi hesab edilir. Artıq Fərqanədən Suriyaya gedən İŞİD üzvlərinin tədricən Orta Asiyaya geri qayıtmağa başladıqları bildirilir.

 “İŞİD yeni cəbhəsini Orta Asiyada açacaq”

Keçmiş Əfqanıstan prezidenti Həmid Kərzayi İŞİD-in Orta və Mərkəzi Asiyada yeni cəbhə açacağı iddiası ilə çıxış etdi. Kərzayinin sözlərinə görə, bölgə üçün İŞİD təhlükəsi realdır. Sabiq prezident qeyd edib ki, ABŞ-ın Əfqanıstanda yaratdığı boşluqlar İŞİD-in Orta və Mərkəzi Asiyaya yolunu açmaq ehtimalını gücləndirir. Rusiyanın BMT-dəki nümayəndəsi Vladimir Safronkov da İŞİD-in son dayanacağının Orta Asiyanın keçmiş Sovet respublikaları olacağını bildirib. Əfqanıstanın BMT-dəki nümayəndəsi Zahir Tənin isə “Taliban”ın zəifləməsindən İŞİD-in istifadə edəcəyini dedi. “əl-Cəzirə” və “Deutsche Welle” kimi nüfuzlu media qurumları İŞİD-in yeni xəttinin Əfqanıstan-Pakistan-Orta Asiya olduğunu iddia etdilər. Qərbli siyasi analitiklər isə bildirirlər ki, Tacikistan istisna olmaqla İŞİD digər Orta Asiya ölkələrinə və Çinin Şərqi Türküstan regionuna girə bilər.

Ağ Evin regional hədəfləri

Orta Asiyada vəziyyətin mürəkkəbləşməsinin əsl səbəbləri ABŞ-Çin və ABŞ-Rusiya rəqabətidir. Çinin regionda artan iqtisadi nüfuzu ABŞ-ın bölgədəki çəkisini azaltdı. Paralel olaraq, Qırğızıstan hökumətinin Amerikanın bu ölkədəki yeganə hərbi bazasını (Manas) ləğv etməsi ABŞ-ın Orta Asiyada varlığına son qoydu. Həmçinin Qazaxıstanla yanaşı, Qırğızıstan və Tacikistanın Rusiyanın Avrasiya İttifaqına olan isti münasibəti Amerikanı narahat edir. Vaşinqtonun əleyhinə cərəyan edən proseslərin qarşısına açıq formada keçmək imkanları olmadığı üçün radikal qruplaşmaların Orta Asiyaya yolunu açdı. Hələ yanvarda ABŞ Dövlət Departamenti Orta Asiya strategiyasını açıqlayanda belə bir ehtimal gözlənilirdi. Amerika Dövlət katibinin müavini Antoni Blinken və Departamentin Cənubi və Orta Asiya regionları üzrə baş məsləhətçisi Riçard Hoqland Ağ Evin bölgə ilə bağlı planlarını açıqladı. ABŞ-ın yeni Orta Asiya siyasəti 4 mövzunu əhatə edirdi: Təhlükəsizlik əməkdaşlıq, iqtisadi əlaqələr, insan haqları və demokratik iqtidarların dəstəklənməsi, 5 Orta Asiya dövlətinin suverenliyinin dəstəklənməsi. Yeni siyasi xəttin elanından az sonra ABŞ prezidenti Barak Obama əfqan həmkarı Əşrəf Qəni ilə görüşdü. Prezidentlərin danışıqlarından sonra Obama ABŞ-ın Əfqanıstandan çıxarılmalı olan hərbi birliklərini bu ölkədə qalacaqlarını açıqladı. Halbuki Ağ Ev 2016-cı ildə Əfqanıstandakı ABŞ hərbi qüvvələrinin tamamilə çıxarılacağını elan etmişdi. Həmin dönəmdə analitiklər bildirdilər ki, bu ABŞ-ın uzaq hədəflərini müəyyən edir. Bu gün isə İŞİD-in Orta və Mərkəzi Asiyada peyda olması ABŞ-ın hansı məqsədlər üçün ordunu Əfqanıstanda saxladığı məlum olur. Əlbəttə, Ağ Evin baş ideoloqları Suriya oyununun növbəti turunun Orta Asiyada oynanılacağını bilirdilər.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları