Yuxarı

Dəməşqdən Təbrizə qədər uzanan rus əli

Dəməşqdən Təbrizə qədər uzanan rus əli

rus ordusuSuriyada gedən döyüşlərdə mühüm dönüş başlayıb. Əsəd rejiminin qoşunları havadan Rusiya təyyarələrinin müşayiəti ilə mühüm strateji nöqtələri müxaliflərdən və İŞİD-dən geri almağa başlayıb. Son iki ildə blokada vəziyyətində qalan Hələb yaxınlığındakı “Kuveyris” aviabazasında dəhliz əldə edən Suriya qoşunları iki həftə ərzində Şeyx Əhməd məntəqəsində İŞİD-lə ağır döyüşlər nəticəsində buna nail olub.

Suriyanın mühüm strateji obyektini - hərbi aviabazanı ələ keçirmək istəyən terrorçular hazırda xeyli zəifləmiş vəziyyətdədir. Həmçinin Rusiyanın həm Dəməşqi hədəf alan müxalifləri, həm də Aralıq dənizi sahillərinə, xüsusən də Latakiyaya doğru irəliləməyə çalışan ekstremistləri hava zərbələri ilə darmadağın etməsi Əsəd üçün yeni şans yaradıb. Bu şans siyasi cəbhədə də mövcud sayıla bilər. Belə ki, Vyana danışıqlarının ikinci raundu siyasi proses və dialoq qərarıyla nəticələndi, növbəti danışıqlarda da Əsəd və müxaliflər arasında dialoq məsələsinin müzakirə olunacağı gözlənilir.

Lakin ABŞ-ın və Aİ dövlətlərinin Əsədlə isti münasibətlərə maraqlı olmadığı açıq görünür. Digər tərəfdən, İsrail və Səudiyyə Ərəbistanı da Əsədlə belə “asan” həll yolunu qəbul etmir. Bir yandan da, Türkiyə tərəfdən Əsədə “ümidli” yanaşma yoxdur. Ötən əsrin 50-60-cı illərindən bəri regionun mühüm oyunçusu olan Misirin hazırkı prezidenti general əs-Sisi xarici siyasətdə Səudiyyə Ərəbistanı ilə müttəfiq kimi çıxış etməyə başlayıb. O, Əsəd rejimi ilə yaxın olmasa da, “Müsəlman qardaşları” faktorundan narahatdır və Suriyadakı siyasi dəyişikliyin mümkün qədər “ehtiyatlı” aparılmasının tərəfdarıdır.

Əsəd rejimi qoşunlarının bu qələbəsi ilə yalnız aviabazaya deyil, ümumilikdə Hələb regionuna dəhliz açıldı. Lakin Rusiya rəsmilərinin də etiraf etdiyi kimi, Əsəd qoşunlarının əks-hücum əməliyyatı elə də intensiv şəkildə aparılmır. Baxmayaraq ki, Rusiyanın bombardmanları nəticəsində bölgədəki müxalif güclər xeyli sarsılıb və ABŞ-ın dayaqları zəifləyib. Rusiyanın hava əməliyyatlarından öncə, vaxtaşırı ABŞ təyyarələrinin Əsədin mövqelərini bombalaması da müşahidə olunurdu. Lakin Suriyada zenit raket kompleksləri yerləşdirən Rusiya artıq bunu da qeyri-mümkün edib. Beləliklə, Suriyanın hava məkanının böyük hissəsi Rusiyanın nəzarətinə keçib.

Bu günlərdə Rusiya öz  raket komplekslərini Ermənistanda da yerləşdirmək qərarına gəlib. Bu, nəinki Azərbaycan üçün, həmçinin NATO üçün də siqnaldır. Belə ki, Putinin Ermənistanda hava hücumundan müdafiə sistemləri yerləşdirmək barədə sərəncamı ABŞ Dövlət Departamentinin Gürcüstanı NATO-da görmək istədiyi ilə bağlı bəyanatından sonra gündəmə gəldi.

Həmçinin Rusiyanın əsas müttəfiqi İranda demokratik oyanış işartılarının hiss edildiyi bir zamanda, S-300 sistemlərinin vaxt itirmədən ölkəyə gətirilməsi məsələsi diqqəti çəkdi. Ötən həftələrdə dəfələrlə bildirilmişdi ki, S-300 sistemlərinin İrana çatdırılması 2016-cı ilin ilk yarısında baş tutacaq. Lakin noyabrın 8-dən başlayaraq Güney Azərbaycandakı etiraz dalğasının istər İran, istərsə də Rusiya rəhbərliyini ciddi şəkildə narahat etdiyi şübhə doğurmur.

Belə ki, İran müdafiə nazirliyi S-300 sistemlərinin artıq gələn həftədən etibarən Rusiyadan gətiriləcəyini və ilin sonuna kimi bu sistemlərin İranda yerləşdiriləcəyini açıqlayıb.

Çox güman ki, Rusiyadan digər hərbi texnika da gətiriləcək. Hətta Güney Azərbaycanın və İİR-in şimal ərazilərinin ciddi şəkildə silahlandırılacağı ehtimal oluna bilər. Burda söhbət Azərbaycan amilindən yox, Qərbin “törədə biləcəyi hər hansı təxribat”dan gedir. Tehran Güney Azərbaycanda etirazların silahlı mübarizəyə keçməsindən narahatdır və bu istiqamətdə “hər yerdən zərbə” gözləyir. Bu ehtimalın qarşısını almaq üçün isə regional güc imici əhəmiyyət daşıyır. Lakin Güney Azərbaycanda proseslərin silahlı mübarizəyə qədər inkişaf etməsi güman ediləsi deyil. İstənilən halda, Moskva Tehranın narahatlığından lazımınca istifadə edir. Hətta yaxın illərdə məhz Güney Azərbaycanda Rusiyaya aid hər hansı hərbi obyekti də görə bilərik. Bununla, regionla Qərbin arasındakı əlaqələr tamamilə kəsiləcək.

Rüfət Əhmədzadə





Həftənin ən çox oxunanları