Yuxarı

Türkiyə etnik qarşıdurmaya sürüklənir

Türkiyə etnik qarşıdurmaya sürüklənir

 Elxan Şahinoğlu: “PKK silahı yerə qoymasa sülhün əldə edilməsi mümkün olmayacaq” SONY DSC PKK terror təşkilatının törətdiyi silsilə terror aktları  Türkiyədə daxili siyasi gərginliyi artırıb. Türkiyə Silahlı Qüvvələri terrorçulara qarşı mübarizəni gücləndirsə də, günahsız insanların qətlə yetirilməsi ictimai emosiyaların artmasına səbəb olub. Son günlər Türkiyənin bir çox bölgələrində türklərlə kürdlər arasında qarşıdurma yaşanmaqdadır. Terrorizmə etiraz edən insanlar, şəhid ailələri PKK-ya yaxın siyasi kursa malik  Xalqların Demokratik Partiyasının (HDP) 400 qərargahını, o cümlədən Mərkəzi binasını dağıdıb və yandırıb, binalardakı partiya üzvləri isə döyülüb. Kürdlərin toplum yaşadığı Diyarbəkir, Hakkari, Şırnak, Mardindən İstanbul, Ankara və digər şəhərlərə gedən sərnişin avtobusları daşa basılıb. Vəziyyətin gərgin olduğunu görən Türkiyə hökuməti 1 gün müddətində sabitliyi bərpa etmək məqsədilə avtobus reyslərini təxirə salıb. Qəzəblənmiş kütlənin isə terrorçulardan qisas almaq istəyi Türkiyədə etnik münaqişəyə çevrilməsi təhlükəsini yaradıb. Rəsmi Ankara isə bu problemin baş verməsi ehtimalını narahatlıqla izləyir. Ona görə də Türkiyə prezidenti  Rəcəb Tayyib Ərdoğan  xalqa müraciət edərək  “narazı olduqları təşkilatlarla siyasi hesablaşmanı küçələrdə deyil, seçki qutularnda aparmağa” çağırıb. Dövlət başçısı binalara, avtomobillərə ziyan vuranların qanunla cəzalandırılacağını desə də, eyni zamanda qarşı tərəfin, yəni HDP-nin də analoji addım atmasının vacib olduğunu deyib. Lakin cənab Ərdoğan PKK tərəfdarlarının təxribatdan çəkilmədiyini bəyan edib. Bu  səbəbdən də Türkiyə prezidenti terrorçulara daha sərt mesaj verib: “Ya  demokratiyanı, ya da terroru seçin! Bunun ortası yoxdur”. Prezidentin qeyd edilən şərti PKK üçün daha sərt bir siyasi seçim imkanı verilməsi hesab oluna bilər. Əgər PKK silahı yerə qoymasa, terrorçulara hərbi mübarizə hələ davam edəcək ki, bu da problemin yaxın perspektivdə sülh yolu ilə həllinin  mümkün olmayacağını deməyə əsas verir. Bu da öz növbəsində Türkiyədə sabitlik üçün ciddi təhlükə yaradır. Ona görə də Türkiyə hakimiyyəti hazırda iflasa uğramış “çözüm prosesi”nin sonsuzluğa qədər davam etməsini istəmir və bərpasında maraqlı olduğunu nümayiş etdirməyə çalışır. İki il davam etmiş sülh prosesinin sonuncu və real mərhələyə çatanda hər iki tərəfin bundan imtina etməsi AKP hökumətini müxalifətin ittiham obyektinə çevirib. Hakimiyyət isə yaranmış siyasi düyünün nə vaxt açılacağına dair suala  konkret cavab tapmaqda çətinlik çəkir. Eyni zamanda, Türkiyə hazırda PKK-ya qarşı hərbi əmliyyatlar aparmaqla  düşmənin hərbi potensialını məhv etmək üçün real imkan qazanıb. Qeyd edək ki, 1990-cı illərdə Şimali İraqda ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın təhlükəsizlik zolağı yaratmasından sonra 36-cı paraleldən şimaldakı ərazilər PKK-nın əsas hərbi düşərgəsinə və bazasına çevrildi. Beynəlxalq qadağalar səbəbindən nə İraqın, nə də Türkiyənin həmin əraziyə hərbi  müdaxilə edə bilməməsi PKK-nın həmin ərazidə böyük hərbi infrastruktur yaratması ilə nəticələndi. Son dövrlər isə İŞİD-ə qarşı mübarizə Şimali İraqdakı və Suriyadakı kürdlərin əlinə külli miqdarda silah keçməsinə səbəb oldu. İndi  Türkiyə hərbi gücünü kifayət qədər artırmış PKK ilə üzbəüz qalıb. Üstəlik, PKK-nın HDP üzərindən siyasiləşməsi bu təşkilatın gücünü artırıb. Ancaq bu gün anti-terror əməliyyatlarının başlanması Türkiyə dövlətinə Şimali İraqda PKK-nın cəbbəxanasını, sığınacaqlarını və təlim düşərgələrini məhv etmək imkanı verir. Bu da yaxın illərdə PKK-nın xeyli zəifləyərək siyasi səhnədən çıxarılmasına yol aça bilər. Həmin məqsədə çatmaq üçün Türkiyə hökuməti lazım olan beynəlxalq dəstəyi də ala bilib. Prezident Ərdoğanın İŞİD terror təşkilatına  qarşı mübarizədə İncirlik aviabazasını ABŞ-ın istifadəsinə verməsi prosesi Türkiyənin xeyrinə dəyişdi. Daha doğrusu, ABŞ İŞİD-ə qarşı savaşda silahlı kürd qruplarından istifadə etmək taktikasından imtina edərək özünün NATO-dakı müttəfiqinin imkanlarından yararlanmağa üstünlük verdi. Son günlər baş verən hadisələrdən sonra BMT, ABŞ, AB və AŞ Türkiyənin terrorizmə qarşı mübarizə hüququnu tanıdıqlarını bəyan ediblər. Ancaq beynəlxalq güclər Türkiyədə yaranmış daxili siyasi xaosun dərinləşməsindən narahatdır. “Atlas” Araşdırmalar Mərkəsinin rəhbəri Elxan Şahinoğlu isə hesab edir ki, kürdlərlə PKK-nı eyniləşdirmək düzgün deyil. Türkiyədə milyonlarla kürd var ki, türklərlə birgə yaşayır, bir yerdə işləyirlər və Türkiyə cəmiyyəti üçün problem yaratmırlar. Şəhid olan Türkiyə vətəndaşları arasında da kürd əsilli vətəndaşlar az deyil. PKK sadəcə, terrorla məşğuldur və bəzi radikal kürdlərin dəstəyini alır. Ancaq bu, Türkiyədə vətəndaş qarşıdurmasının olması və türklərlə kürdlər arasında milli münaqişənin olması anlamına gəlmir: “Son günlər qəzəblənmiş insanlar PKK-nın siyasi qanadı olan HDP-nin qərargahlarına hücum edib dağıdırlar. Əslində bu da yolverilməzdir. İnsanlar HDP-yə öz nifrətini gizlətmir. Çünki HDP PKK ilə özü arasında fərq qoymadı. Vaxtında bəyan etmədi ki, PKK silahı yerinə qoymalıdır, kürdlərin bir çox problemləri həll olunub və mübarizə artıq siyasi müstəvidə getməlidir. Ona görə də bu gün insanlarda HDP-yə qarşı mənfi münasibət formalaşıb. Amma Türkiyədə milli qarşıdurmanın olması inandırıcı görünmür. Türkiyədəki kürdlərin böyük hissəsi ölkə qanunlarına tabedir. Bu gün  kürdlər ən münasib həyatı Türkiyədə yaşayır. Suriyada müharibə, İraqda müharibə onlara normal həyat yaşamağa imkan vermir. İstanbulda və digər şəhərlərdə isə kürdlər millət vəkili seçilir, dövlət idarələrində çalışır, biznes qurur”. Politoloq bildirdi ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hələ baş nazir olduğu dövrdə “çözüm prosesi”ni təklif etməklə kürd probleminin sülh yolu ilə həllinə nail olmağa çalışırdı. Bu məqsədlə kürd dilində radio yayımına icazə verildi, kürd dilində məktəblər açıldı. PKK-nın həbsdə olan lideri Abdulla Öcalan da PKK-nı silahı yerə qoymağa və siyasi müstəvidə mübarizə aparmağa çağırdı: “Həqiqətən də Türkiyə tarixində görünməmiş bir hadisə baş verdi ki, kürdlərin siyasi partiyası 7 iyun parlament seçkilərində 10 faizlik barajı aşaraq 80 millət vəkili mandatı qazandı. Bütün bunlar çox ciddi addımlar idi. Ancaq sonra baş verən hadisələr göstərdi ki, PKK siyasi mübarizənin də tərəfdarı deyil. İnsanlar prezident seçkilərində HDP sədri Səlahəddin Dəmirtaşa və parlament seçkilərində isə yenə bu partiyaya ona görə səs verdilər  ki, məsələ siyasi vasitələrlə yoluna qoyulsun. Ona görə səs vermədilər ki, o, PKK-nın istəklərini təkrarlasın. Kürdlərin əksəriyyəti münaqişə istəmir. Çünki bundan onlar özləri də böyük zərər görürlər. Türkiyə hökuməti kürdlər yaşayan bölgələrdə  xəstəxanalar, hava limanları, məktəblər tikir, buna mane olan isə PKK-dır. Çünki PKK istəmir ki, kürdlərin həyatı normallaşsın. Ona görə ki, kürdlərin həyatı yaxşılaşsa, onlar terror təşkilatından daha çox uzaqlaşacaq”. Digər siyasi təhlillərə görə, PKK-nın yenidən silahlı qarşdurmaya getməsi 7 iyun seçkilərində 40 faizdən artıq səs toplaya bilməyən AKP-nin maraqlarına uyğundur. Çünki AKP son seçkilərdə əsasən kürd seçicilərin səsini itirib. 7 iyunda səslərini HDP-yə vermiş mühafizəkar kürdlərin əksər qismi “Çözüm prosesi”nin dayanmasından sonra siyasi mübarizədən imtina edərək yenidən dağlara çəkiliblər . Bu da HDP-nin elektoratının zəifləməsinə və həmin dairələrdə AKP-nin namizədlərinin qələbəsinə yol aça bilər. Daha doğrusu, AKP rəhbərliyi istədiyinə nail olmaq üzrədir və hərbi əməliyyatların sürətlənməsi fonunda  siyasi ehtirasların coşması hakim partiyaya noyabrın 1-də millətçilərin də səslərini əldə etmək fürsəti yarada bilər. Digər rəylərə görə, son aylar siyasi güc qazanan PKK Türkiyə dövlətinə daha geniş təsir imkanları əldə edib və bu səbəbdən də atəşkəsi pozmaqla həm də HDP-nin noyabrda keçiriləcək seçkilərdə qatılmasına mane olmağa çalışır. Rəsmi Ankara isə siyasi böhranın kifayət qədər uzanmasında maraqla olmadığından seçkidən dərhal sonra “çözüm prosesi” məsələsi yenidən gündəmə gələ bilər. Çünki təkrar parlament seçkilərinin nəticələri barədə konkret proqnoz vermək hələ mümkün deyil. Elxan Şahinoğlunun sözlərinə görə, sülhə nail olmaq üçün birinci addımı PKK atmalıdır: “PKK-dan yalnız silahı yerə qoyub Türkiyəni tərk etmək tələb olunur. 5 min nəfərə yaxın terrorçu şimali İraqda gizlənir və onlar son vaxtlar 2 min nəfərə yaxın itki verərək pərən-pərən düşüblər. Bu il 1500 nəfərə yaxın PKK üzvü silahı təhvil verməli idi. Amma onlar silahları gizlətdilər. PKK bu addımı atmasa sülhün əldə edilməsi mümkün olmayacaq”.  Müşfiq Abdulla  





Həftənin ən çox oxunanları