Yuxarı

Əsəd üçün “Putin planı”

Əsəd üçün “Putin planı”

Diktator sürgünə getməyə razı olacaqmı?

Rafiq İsmayıl: “Bu məsələdə ABŞ-ın və Türkiyənin mövqeyi daha həlledicidir”

ABŞ Dövlət katibi Con Kerri Suriya prezidenti Bəşər Əsədin üçüncü ölkəyə sürgün edilməsi ilə bağlı Rusiya ilə razılaşdıqlarını açıqlayıb. Kerri bu barədə bir neçə ərəb ölkəsinin lideri ilə danışarkən deyib.  Lakin Vaşinqton rəsmisi Əsədin sürgün ediləcəyi tarixi açıqlamayıb. ABŞ və Rusiya arasında başqa bir razılıq isə yeni konstitusiya ilə bağlıdır. İki ölkə arasında əldə olunan razılığa əsasən, bu ilin avqustuna qədər Suriyanın yeni konstitusiyası hazırlanacaq.

Qeyd edək ki, Bəşər Əsədin dinc yolla hakimiyyətdən uzaqlaşdırılması və Suriya böhranına son qoyulması üçün “yol xəritəsi” planı hələ ötən il avqust ayının sonlarında hazırlanmışdı. “Putin planı” adlanan bu siyasi təkliflər paketinə əsasən ABŞ, Rusiya və Səudiyyə Ərəbistanının Bəşər Əsədi başqa bir ölkəyə sürgün etmək üçün razılığa gəldiyi bildirilirdi. Plan Bəşər Əsədin təhlükəsizliyinə təminat verilməklə Rusiyaya, İrana və ya üçüncü bir ölkə mühacirətə göndərilməsini, Suriyada isə keçid hökumətinin qurulmasını nəzərdə tuturdu. Növbəti mərhələdə isə Suriyada növbədənkənar prezident və parlament seşkiləri keçirilməli idi. Bəşər Əsədi dinc yolla hakimiyyətdən uzaqlaşdırmaq planı Türkiyənin Suriya ərazisində 90 km-lik təhlükəsiz zona yaratmaq ideyasından sonra meydana çıxmışdı. Əsəd rejiminin başlıca dəstəkçisi olan Rusiya və İran müzakirələrdən sonra “Putin planı” adlanan təklifləri ortaya qoydular. Həmin “yol xəritəsi” daha böyük koalisiyanın yaradılmasını nəzərdə tuturdu. Söhbət ABŞ-ın rəhbərliyi ilə koalisiyanın havadan,  Suriya, PYD terror təşkilatı, İran və Rusiyanın qurudan İŞİD-ə zərbələr vurmasından gedirdi. Siyasi ekspertlərin fikrincə, burada əsas niyyət Əsəd rejiminin legitimləşdirilməsinə yönəlmişdi.

Lakin sentyabrın 30-da Rusiya Hərbi Hava Qüvvələrinin Suriyaya müdaxiləsindən sonra “Putin planı”  pozuldu. Türkiyə ilə Rusiya arasında münasibətlər hərbi qarşıdurma səviyyəsinə çatdı, Səudiyyə Ərəbistanı Rusiya və İranın Suriyada hərbi iştirakına qarşı sünni müsəlman dövlətlərindən ibarət antiterror koalisiyası yaratdı. Nəhayət, Yaxın Şərqdə yaranmış dərin geosiyasi qarşıdurmadan sonra müəyyən hərbi uğurlar əldə etmiş Rusiya hava-kosmik qüvvələrini Suriyadan çıxardı və bir sıra əməliyyatları dayandırdı.

ABŞ dövlət katibinin açıqlaması göstərir ki, Rusiya yenidən “Putin planı”na qayıtmaq üzərində düşünür. Böyük ehtimalla Kreml bu təklifi Ağ Evlə razılaşdırmaqla Suriyanın gələcək siyasi taleyinin müəyyənləşməsində rol oynamaq istəyir. Post-Əsəd dövründə Rusiyanın yer alması Moskvaya Yaxın Şərqdə  özünün geosiyasi mövqeyini və Aralıq dənizinə çıxış imkanlarını saxlamaq imkanı üçün  lazımdır. ABŞ və Rusiya arasında fevralın 27-dən icrasına başlanmış atəşkəs müqaviləsi isə bu anlaşma üçün zəmin yarada bilər. Ancaq Suriyada hakimiyyət dəyişikliyinin mexanizmi hələ tam müəyyənləşmədiyindən ekspertlər bu planın icrası üçün ciddi problemlərin hələ qaldığını bildirirlər. Son vaxtlar Rusiya və İranın hərbi dəstəyi hesabına mövqelərini möhkəmlədən Bəşər Əsəd isə Suriyada 2017-ci ildə keçirləcək prezident seçkilərində iştirak etmək fikrindədir. İran da hələ Suriya məsələsində Səudiyyə Ərəbistanın rəhbərlik etdiyi sünni koalisiyasına güzəştə getmək istəmir. Ona görə də planın icrasından əvvəl Suriyada marağı olan dövlətlər öz aralarında bir sıra məqamları razılaşdırmalıdır.

Şərqşünas alim Rafiq İsmayılın fikrincə, Bəşər Əsədi hakimiyyətdən getməyə razı salmaq hazırda asan deyil. Çünki Suriya diktatoru seçkilərin keçirilməsinə razı olduğunu desə də, əslində,  xalqın ona səs verəcəyinə inanır. Lakin ekspert hesab edir ki, dünya birliyi Bəşər Əsədin hakimiyyətdən kənarlaşmasında maraqlıdır: “Türkiyə yalnız Bəşər Əsədsiz Suriya haqqında düşünür. ABŞ da bu plana razıdır, Avropa Birliyi də çox güman ki, eyni mövqedən çıxış edəcək. Ona görə ki, Əsəd prinsip etbarı ilə böyük bir canidir. 400 minə yaxın insanın məhv olması, milyonlarla insanın qaçqın düşməsi, yaxud da Aralıq və Egey dənizlərində sulara qurban  getməsi Əsədin siyasi inadkarlığının nəticəsidir. İndi təklif edilən  Əsədin sürgünə göndərilməsi planı real görünür. Ancaq  Bəşər Əsədinbuna nə qədər razı olacağını demək çətindir. Əgər o razılıq versə, bu plan qısa müddətdə həyata keçə bilər”.

Qeyd edək ki, Suriya ordusunun Palmira şəhərini İŞİD terrorçularından azad edilməsindən sonra Əsəd rejimi bu tarixi abidələr məkanının təhlükəsizliyinin təminatı və bərpası üçün beynəlxalq ictimaiyyətə müraciət edib. Bu təklifə yalnız Rusiya müsbət cavab verərək öz silahlı qüvvələrini Palmiraya göndərməyə hazır olduğunu bildirib. Ona görə də Rusiya hərbi qüvvələrinin yenidən Suriyaya qayıtması gərginliyin artmasına səbəb olmaqla Əsədin sürgün planını poza bilər.

Rafiq İsmayılın sözlərinə görə, Palmira şəhəri yaxınlığında Rusiyanın hərbi donanmasının yerləşməsinə baxmayaraq, təhlükəsizlik və bərpa işlərində ciddi rol oynaya bilməz. Bu bəyanatlar daha çox siyasi reklam xarakterlidir: “Mən Orta  Şərqi tədqiq edən bir mütəxəssis kimi deyə bilərəm ki, Rusiyanın bu regionda yer tutmaq cəhdi həmişə uğursuzluqla başa çatıb. Bu dəfə Rusiyaya qismən hörmət olunur ki, proseslərin inkişafına mane olmasın. Amma Rusiya istəsə də, istəməsə də ABŞ-ın, Qərbin və Türkiyənin mövqeyi daha həlledicidir. Rusiyanın rolu hərbi və siyasi cəhətdən həlledici deyil. Rusiya Suriya probleminin həllində ürəkbulandırıcı rol oynayır”.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları