Yuxarı

Rusiya diplomatik hücumda

Rusiya diplomatik hücumda

Aprelin 5-də Ermənistanla Azərbaycan arasında atəşkəsin imzalanması Rusiyanın Cənubi Qafqazda geosiyasi fəallığını artırıb. Siyasi ekspertlərin fikrincə, Dağlıq Qarabağda 4 gün davam edən hərbi əməliyyatların Rusiyanın vasitəçiliyi ilə dayandırılmasından sonra diplomatik təşəbbüslər ön plana keçəcək. Yəni yaxın vaxtlarda Dağlıq Qarabağ probleminin həllinə dair danışıqlar prosesinin yeni mərhələsi başlana bilər. Artıq bu istiqamətdə müzakirələrin başladığını da söyləmək olar. Ermənistan və Azərbaycan arasında diplomatik təmasın nə vaxt qurulacağı hələ müəyyənləşməyib. Ancaq danışıqlarda “Madrid prinsipləri” və Rusiyanın təklif etdiyi Kazan formulunun masa üzərinə gətirilməsi ehtimalı yüksəkdir. Hələlik ABŞ və Fransadan fərqli olaraq, Rusiya bu prosesdə daha fəal görünür. Kreml rəsmiləri öz təkliflər qovluğunu münaqişə tərəflərinə təqdim etmələ məşğuldur. Bu təkliflər paketində Azərbaycanın maraqlarına cavab verməyən məqamların yer alması, paralel olaraq da Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsinin artması indiki məqamda Kremlin planlarını həyata keçirməyə mane olur. Ancaq proqnozlara görə, atəşkəsin imzalanmasına nail olan Rusiya Azərbaycan və Ermənistana təsir şansı qazandığından yaxın gələcəkdə keçiriləcək danışıqlar prosesində diplomatik üstünlüyü əlində saxlayacaq. Politoloq Elşən Manafovun sözlərinə görə, ATƏT-in Minsk Qrupunun həmsədrliyi ilə aparılan bütün danışıqlarda diplomatik üstünlük indiyə qədər Rusiyanın əlində olub. Kremlin bu fəallığı özünü son vaxtlar xarici işlər nazi Sergey Lavrovun təşəbbüsü ilə Dağlıq Qarabağ probleminin həllinə dair təkliflərin irəli sürülməsində göstərdi. Rusiyanın belə üstün mövqe nümayiş etdirməsi ABŞ və Fransanın siyasi passivliyi ilə müşahidə olunur: “Prezident Putinin Azərbaycan və Ermənistan prezidentləri ilə telefon danışığından sonra tərəflər atəşin dayandırılması barədə razılığa gəldilər. Bu faktın özü göstərdi ki, danışıqlar prosesində Rusiyanın mövqeyi həlledici olaraq qalır. Güman edirəm ki, Rusiya indiki mərhələdə hərbi əməliyyatların dayandırılmasına nail olmaqla status-kvonun Azərbaycan tərəfindən dəyişdirilməsinin qarşısını almaq istəyirdi və demək olar ki, buna nail oldu. Amma cəbhə xəttindəki son hərbi əməliyyatlar göstərdi ki, Rusiyanın müdaxiləsi olmasa, Azərbaycan ordusu işğal altındakı əraziləri qısa müddətdə tamamilə azad etməyə və ölkəmizin ərazi bütövlüyünü təmin etməyə qadirdir. Eyni zamanda, hər il Azərbaycan Silahlı Qüvvələrinə dövlət büdcəsinə ayrılan vəsait Ermənistanla müqayisədə qat-qat çox idi. Rusiya status-kvonun dəyişilməsinin qarşısını almaqla Qərblə daha bir regionda qarşıdurmaya getmək istəmədiyini göstərdi. Bu prosesdə Azərbaycan hakimiyyəti ilə Rusiya rəhbərliyinin yaxın münasibətlərini də nəzərə almaq lazımdır. Bu münasibətlər dövlətin maraqlarına cavab verir. Hərbi əməliyyatlar davam edəcəyi təqdirdə Putin Ermənistana dəstək verə bilərdi. Hərçənd ki, Azərbaycan Ermənistana qarşı müharibə aparmır. Ancaq Azərbaycan Dağlıq Qarabağda separatizmə qarşı anti-terror əməliyyatları həyata keçirsə idi, nə Ermənistan, nə də Rusiya buna müdaxilə edə bilməzdi. Ümumiyyətlə gözlənilir ki, Rusiya Suriyada Bəşər Əsəd rejiminin qalmasını təmin etdiyi üçün Cənubi Qafqazda da status-kvonun dəyişməsinin qarşısını alacaq”. Elşən Manafov hesab edir ki, Rusiyanın danışıqlar müstəvisində səyləri ələ alması münaqişənin Azərbaycanın maraqlarına zidd şəkildə həlli təhlükəsini artırır. Bu əsasən Rusiya silahlı qüvvələrinin sülhməramlı adı altında Azərbaycan ərazisində yerləşdirilməsi ola bilər. Digər tərəfdən, S.Lavrovun 5 rayonun qaytarılması və sonrakı mərhələdə Dağlıq Qarabağın statusu ilə bağlı hüquqi məsələlərə baxılması ilə bağlı təklifi qaneedici görünmür: “Çünki bu təklif “Madrid prinsiplər”ində də var. Ermənistanın təkid etdiyi məsələ də 5 rayonun qaytarılmasından sonra Dağlıq Qarabağın statusunun referendum yolu ilə müəyyən edilməsidir. Amma bu referendumun nəticələri Azərbaycanın xeyrinə olmaya da bilər. Ona görə də hələ danışıqlar predmeti Laçın və Kəlbəcərin müqəddəratı ilə bağlı olacaq. Azərbaycan diplomatiyası diqqətli olmalıdır. Azərbaycanın xeyrinə olmayan məqamlar var və düşünürəm ki, rəsmi Bakı bu məsələdə çox ehtiyatlı mövqe tutacaq”. Müşfiq Abdulla





Həftənin ən çox oxunanları