Yuxarı

Ərdoğan Qarabağın açarını gətirir, yoxsa...

Ərdoğan Qarabağın açarını gətirir, yoxsa...

Aprelin 25-də Bakıda işə başlayan BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna qatılmaq üçün Azərbaycana səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan özüylə bir sıra suallar da gətirir.

Səfər forum çərçivəsində baş tutsa da, Dağlıq Qarabağ münaqişəsinin pik həddə olduğu vaxta təsadüf etməsi xüsusi əhəmiyyətə malikdir. Təsadüfi deyil ki, iki günlük səfərdə münaqişə ilə bağlı qapalı görüşlərin keçiriləcəyi bildirilir.

İkinci raund başa çatır?

Ərdoğanın səfəri həm də o vaxta təsadüf edir ki, Rusiya Ermənistanı Dağlıq Qarabağ münaqişəsinin həllinə, ilkin şərt kimi də 6 rayonu Azərbaycana qaytarmağa məcbur edir. Rusiyanın yeni Qarabağ planından razı qalmayan İrəvan Moskvayla əlaqələrinə soyuqluq qatıb. Xarici işlər naziri Sergey Lavrovun son Ermənistan səfəri də əlaqələri qaydasına sala bilmədi. Paralel olaraq, bu fonda istiləşən Türkiyə - Rusiya münasibətləri var. Bu nöqteyi-nəzərdən Ermənistan hakimiyyəti Qarabağ münaqişəsinin həllindəki dönüş nöqtəsini həm də Rusiya – Türkiyə işbirliyinə bağlayır. Bunun məntiqi nəticəsi kimi Ərdoğanın Bakı səfərində münaqişənin həllində son addımlardan birinin atılacağı gözləniləndir. Gələn məlumatlara görə, Ərdoğanın bu səfəri Azərbaycanın lehinə dəyişikliklərin olacağı ilə yadda qala bilər. Türkiyə prezidentinin səfərindən əvvəl Ermənistan rəsmilərinin Azərbaycanla hədə dilində və müstəqil formada (Rusiyasız) danışmağa başlaması da təsadüf deyil. Bu, münaqişənin ikinci raundunda uduzmuş ermənilərin cığallığı kimi dəyərləndirilir.

Sərhədlərin açılması gündəmdə

Gələn məlumatlara görə, Ərdoğanın səfərində 6 rayonun qaytarılmasından sonra Türkiyə- Ermənistan sərhədlərinin açılması da müzakirə mövzusu olacaq. Türkiyə bundan əvvəl də 2 rayonun qaytarılacağı halda Ermənistanla sərhədlərini açacağını bildirib. Rəsmi Bakının da mövqeyi budur ki, işğal başa çatmadan sərhədlərin açılması xoş qarşılanmayacaq. Bu baxımdan məsələnin səfər çərçivəsində öz həllini tapacağı gözləniləndir.

“Qərb də Türkiyəni qısqanır”

Politoloq Ərəstun Oruclu Cebhe.info-ya Türkiyənin prosesdə həlledici faktora çevriləcəyini gözləmədiyini bildirib. Ə.Oruclu hesab edir ki, bu, birmənalı deyil: “Bu məsələdə Rusiya və Ermənistanın Türkiyəyə düşmən münasibəti və Türkiyə - Azərbaycan strateji müttəfiqliyi əsas rol oynayır. Onu da düşünmürəm ki, Qərb dövlərlərinin özləri də Türkiyəyə qısqanclıqla yanaşmırlar. Bu baxımdan Türkiyənin rolu yardımçı ola bilər, həlledici yox. Türkiyənin bu məsələyə münasibəti birmənalı və birtərəflidir. Hətta Rusiyanın özü Ermənistan və Azərbaycan arasında manevr etdiyini göstərməyə çalışır. Türkiyənin isə rolu birmənalı olduğu üçün vasitəçi olmaq və təsir göstərmək imkanları məhduddur”.

Ərəstun Oruclu münaqişənin həlli ilə Ermənistan – Türkiyə sərhədlərinin açılmasının bir sıra şərtlərdən asılı olduğunu vurğulayıb: “Bəyan etməklə real addım atmaq başqa-başqa məsələlərdir. Ermənistanın Azərbaycana ərazi iddiaları ilə məsələ bitmir. Ermənistanın “Müstəqillik Aktı”nda “Qərbi Ermənistan əraziləri işğal altındadır” adlı bir qeyd var. Söhbət Türkiyənin Şimal – Şərq (Qars, Ərzurum və s.) ərazilərindən gedir. Düşünürəm ki, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsindən sonra bu məsələ ətrafında da narazılıq aradan götürüləcəksə, Ermənistan – Türkiyə sərhədlərinin açılmasından söhbət gedə bilər”.

“Türkiyə Azərbaycanın əlini gücləndirir”

Millət vəkili Fərəc Quliyev Cebhe.info-ya bildirib ki, Türkiyənin istənilən məmurunun Azərbaycana gəlməsi  xoşdur, prezident səviyyəsində olan səfərlər isə iki qat xoş qarşılanır: “Türkiyə çoxdan münaqişənin həllinə ciddi şəkildə əl qoyub. Ciddi şəkildə öz mövqeyini nümayiş etdirir, həmişə Azərbaycana öz dəstəyini verdiyini bəyan edib. Danışıqların indiki fəal dövründə, tərəflərin də çözüm üçün son addımların atılacağının gözlədikləri bir vaxtda, Rusiyanın öz istəkləri üçün fəallaşdığı bir mərhələdə Türkiyənin aktivləşməsi Azərbaycanın lehinədir. Hesab edirəm ki, Ərdoğan səfəri zamanı azərbaycanlı rəsmilərlə Dağlıq Qarabağ münaqişəsinin də müzakirələrini aparacaq. Bu baxımdan səfər həddən artıq əhəmiyyət daşıyır. Pakistan və Türkiyə kimi dövlətlərin Azərbaycana dəstək vermələri ilə biz üstün, haqlı şərtlərimizin qarşı tərəfin qəbul etməsi baxımından yaxşı imkanlar qazanırıq”.

“Ərdoğan təxribata getdi”

Politoloq Elxan Mehdiyev isə Türkiyənin münaqişənin həll prosesində ciddi rol ala biləcəyinə inanmır. E.Mehdiyev Ərdoğanın səfərinin də Qarabağ məsələsinin həllinə təkan verəcəyindən gözləntisinin olmadığını da bildirib: “Ərdoğanın bu işdə edə biləcəyi heç nə yoxdur. Rusiya prosesdə aktivdir. Ermənistan və Azərbaycanda böyük nüfuzu olan dövlət kimi təşəbbüs Rusiyanın əlindədir. Digər tərəfdən Rusiya – Türkiyə münasibətlərinin gərgin olduğu vaxt Ərdoğanın proseslərə təsir imkanları olduqca məhduddur”.

Elxan Mehdiyev 6 rayonun qaytarılacağı ilə sərhədlərin açılacağı məsələsinin nəzəri olduğunu deyib: “Türkiyə tərəfindən vaxtilə ortaya atılmış 2 rayonun qaytarılması məsələsi təxribatdır. Ərdoğan təxribata getdi. Bu gedən proseslərə zərərli yanaşma idi. Çünki heç vaxt 2 rayon məsələsi gündəmdə olmayıb. Bu o deməkdir ki, sadəcə Ərdoğan Ermənistana Türkiyənin qapılarını açmağa hazır idi. Bunun üçün də bəhanə axtarırdı. İndiki halda da Ermənistan bəyan edir ki, bir addım da geri çəkilmək niyyəti yoxdur, nəinki 5, yaxud 2 rayonu qaytarmaq. Bu haqda danışmaq hələ tezdir”.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları