Yuxarı

Sarkisyanı danışıqlara gətirən silahlar

Sarkisyanı danışıqlara gətirən silahlar

Vyanada qismən də olsa atəşkəs razılığının əldə edilməsi düşmənlə təmas xəttində də özünü biruzə verdi. Belə ki, Vyana görüşündən öncə təmas xəttində atəşkəs 120-130 dəfə pozulurdusa, vəziyyət son günlər əsaslı şəkildə dəyişib. Bu göstəricilər hətta 20-10 arasına enib. Lakin bu ərəfədə Raket və Artilleriya Qoşunlarının komandanı, general-mayor Zahid Hüseynovun “Azərbaycan dövlətinin özünü qoruması üçün 200, 300, 500 km-ə qədər mənzilli operativ-taktiki raketləri olmalıdır” açıqlaması fırtına qabağı səssizliyin pozulacağı kimi qəbul edilib.

Hərbi ekspert Ramil Məmmədli Cebhe.info-ya bildirib ki, sülhsevər ölkələrin belə arsenalında daha dağıdıcı silahlar var:

“Silahlı Qüvvələrimizin arsenalında bu günə qədər də ortamənzilli raket komplekslər olub, lakin bu barədə heç bir yerdə məlumat getməyib. Bütün bunlar Azərbaycanın müdafiə potensialının artırılması üçün alınır. Zərurət isə yalnız və yalnız birdir- Azərbaycan hal-hazırda müharibə şəraitində yaşayır, ərazilərinin 20%-i işğal altındadır. Bu gün müharibə taktikası, müharibə qaydaları keçmişə nisbətən köklü şəkildə dəyişib. Əvvəl avtomatlar, pulemyotlar savaşırdısa, zaman keçdikcə tanklar, toplar savaşdı, bu gün isə raket kompleksləri savaşır. Aprel ayının əvvəlində 4 günlük müharibə bir daha arsenalı zənginləşdirmək, ortamənzilli raket komplekslərinə zərurət yaratdı. Ona görə də belə bir addımın atılması tam olaraq məqbuldur. Hətta müdafiə naziri Zakir Həsənov da çıxışlarının birində bildirmişdi ki, artıq əsgərlərin daşın arxasında dayanıb atəş açması dövrü keçmişdə qalıb. Bu gün ortamənzilli raketlərin alınması cəmiyyətimizdə müzakirəyə səbəb olacaq ki, müharibə başlayır.

Xeyr. Mən deməzdim ki, müharibə başlayır. Əksinə, sülh danışıqları silahlardan keçir. Bu gün əgər Azərbaycanın güclü silahları olmasa, gücə sahib olmasa, heç bir sülh danışıqlarından, danışıqlar masasından söhbət gedə də bilməzdi. Silahların gücünün artırılması düşmən tərəfi dəyirmi masaya vadar edir. Hətta nəzər salsaq görərik ki, dünyanın ən sülhpərvər dövlətləri- Skandinaviya ölkələri, İsveç və başqalarında belə silahlar var. Gəlin diqqət edək İsveçə. Onların arsenalındakı bir döyüş təyyarəsi dünyanın ən güclü döyüş təyyarəsidir. Amma İsveçin bu günə qədər heç bir döyüşdə, savaşda olması haqqında söhbət gedə də bilməz. İştirak etdiyinin də şahidi olmamışıq. Ona görə də bu artilleriyanın alınması heç də müharibədən yox, sülhdan və danışıqlar prosesindən xəbər verir”.

Rövşən Əsədov





Həftənin ən çox oxunanları