Yuxarı

İsrailin yeni nazirinin Azərbaycan səfəri

İsrailin yeni nazirinin Azərbaycan səfəri

Elşən Manafov: “İran Azərbaycan-İsrail münasibətlərinə loyal yanaşmalıdır”

İsrailin Baş naziri Benyamin Netanyahu ilə yola getməyən müdafiə naziri Moşe Yalon istefa verib. Netanyahu ilə gərginlik yaşayan Yalonun yerinə ifrat sağçı, keçmiş xarici işlər naziri Aviqdor Liberman gətirilib. Mediada yayılan məlumatlarda göstərilir ki, Liberman qatı ərəb düşməni və Putin fanatıdır. Libermanın Azərbaycanla yaxşı münasibətləri olduğu da sirr deyil. Onun elə ilk səfərini də Azərbaycana edəcəyi gözlənilir. Bəs bu İran-Azərbaycan münasibətlərinə nə kimi təsir göstərəcək?

“Cümhuriyət”ə şərhində politoloq Elşən Manafov Libermanın müdafiə naziri təyin olmasının Azərbaycan-İran münasibətlərinə heç bir təsir göstərməyəcəyini dedi. Onun sözlərinə görə,

İran bu məsələyə müstəqil dövlət aspektindən yanaşmalıdır:

“Libermanın müdafiə naziri təyin olunması və onun Bakıya gözlənilən səfəri İranın Azərbaycana olan münasibətinə mahiyyət etibarı ilə təsir göstərməməlidir. Çünki biz uzun illər İran İslam Respublikasının Ermənistanla münasibətlərinin mahiyyətinə vara bilmişik. Dəfələrlə bəyan olunub ki, İran islam və şiə ölkəsi olmasına baxmayaraq, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsilə bağlı danışıqlarda bu münaqişənin bir qayda olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının vacibliyini vurğulayır və hər zaman bunun tərəfdarı olub. Bu baxımdan da biz İranın Ermənistanla olan münasibətlərinə müstəqil dövlətin hüquqları aspektindən yanaşmışıq”.

Azərbaycan-İsrail münasibətlərinin yaxşı olmasının özəl səbəblərinə toxunan politoloq bunun əsas səbəbini enerji təhlükəsizliyində görür:

“İsrail Azərbaycanın strateji tərəfdaşı olan ölkələrdən biridir. Bizim İsraillə münasibətlərimizin bir sıra özəl səbəbləri var. Azərbaycan iqtidarı, diplomatiyası bir qayda olaraq Qarabağ danışıqlarında ABŞ, Fransa və digər ölkələrdə olan yəhudi lobbisindən istifadə etməyə çalışır. Bununla bağlı müəyyən addımlar da atırlar. Digər tərəfdən Bakı- Tiblisi -Ceyhan xətti ilə bazara çıxarılan Azərbaycan neftinin 22-23 faizini İsrail dövləti alır. Bu da onu göstərir ki, enerji təhlükəsizliyi baxımından bu hər iki dövlət üçün prioritet əhəmiyyət kəsb edir. Münasibətlərdə iqtisadi mənfəətlə yanaşı, enerji təhlükəsizliyi baxımdan da İsrailə önəm vermişik”.

E.Manafov vurğulayıb ki, Libermanın müdafiə naziri təyin olunması və Bakıya gözlənilən səfəri əslində İran -Azərbaycan münasibətlərinə təsir göstərməməlidir:

“Biz həm də Fələstin məsələsinin beynəlxalq hüquq çərçivəsində həll olunmasının tərəfdarı olmuşuq. Bizim Fələstin məsələsində tutduğumuz mövqe, əslində İranın və İslam Əməkdaşlıq Dövlətlərinin tutduğu mövqedən o qədər də fərqlənmir. Bu mənada güman edirəm ki, Libermanın müdafiə naziri təyin olunması və Bakıya gözlənilən səfəri əslində İran- Azərbaycan münasibətlərinə təsir göstərməməlidir.

Qeyd edək ki, İsrailin Ermənistanda səfirliyi fəaliyyət göstərir, ancaq Azərbaycan İranla yarana biləcək müəyyən arzuolunmaz amilləri nəzərə alaraq hələ də Yerusəlimdə Azərbaycan səfirliyinin açılması barəsində qərar qəbul olunmur. Hesab edirəm ki, biz İranın Ermənistanla münasibətlərin xarekterinə və mahiyyətinə varıb onun müstəqil dövlət kimi hüquqlarını qəbul etdiyimiz kimi, İranda başa düşməlidir ki, Azərbaycan müstəqil dövlətdir və özünün iqtisadi, siyasi təhlükəsizlik maraqlarından çıxış edərək bu və ya digər dövlətlərlə münasibət qurmaq hüququ var. Hesab edirəm ki, bu böyük problem yaratmayacaq”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları