Yuxarı

Rusiya dənizlərdə güclənir

Rusiya dənizlərdə güclənir

Cümşüd Nuriyev: “Moskva NATO-nun qarşısını almaq istəyir”

Elxan Mehdiyev: “Hədəf Türkiyədir”

Qara Dəniz və Xəzər donanmaları gəmilərinin dəniz səfərlərinin intensivliyi 1.7 dəfə artıb. Rusiyanın Cənub hərbi dairəsinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, Qara Dəniz və Xəzər donanmasının gəmiləri 2016-cı ildə dənizdə hərbi-təlim tapşırıqlarını yerinə yetirərkən 197 min mil (366 min km) məsafə qət ediblər:

Gəmilərin və sualtı qayıqların dənizdə keçirdikləri vaxt isə 2,3 min sutkadan artıq olub ki, bu da ötən ilin göstəricilərindən 1.7 dəfə artıqdır. Şəxsi heyətin hərbi hazırlığının intensivliyi Qara dəniz və Xəzər donanmalarına yeni gəmilərin və sualtı qayıqların daxil olması ilə mümkün olub. Bu həmçinin yeni silahlanma və hərbi texnikanın istifadəsilə hərbi əməliyyatların aparılmasında yeni üsulları tətbiq etməyə imkan verib. Dəniz təlimlərində hərbçilər 470-dən çox hərbi tapşırıq yerinə yetirib. Onların sırasında 300-dən çox artilleriya və raket atışı və 150 mina-tral hərbi əməliyyat yer alır, bu isə keçən təlimlərin göstəricilərindən 40% artıqdır. Bununla yanaşı praktiki hərbi təlimlərin yerinə yetirilməsinin intensivliyi 1.5 dəfə artırb.

Üçüncü Dünya Müharibəsinin ayaq səsləri...

Politoloq Cümşüd Nuriyev “Cümhuriyət”ə deyib ki, ABŞ və Rusiya arasında hələ 1991-ci ildə imzalanmış sazişə görə, nüvə başlıqları azaldılmalıdır. C.Nuriyev vurğulayıb ki, eyni zamanda Varşava müqaviləsi özünə xitam verdikdən sonra NATO Şərqə doğru genişlənməməli idi:

“Amma ABŞ sözünü tutmadı. Daha doğrusu Amerika geo-iqtisadi siyasəti yürüdür. Bu siyasətə görə də, dünyanın bütün iqtisadi, enerji resurslarına ABŞ nəzarət etməlidir. Amerika psixoloji olaraq, buna özünü hazır bilir. Buna görə də, ABŞ və NATO Şərqə doğru genişlənməyə başlayıb. Rusiya da başa düşür ki, bu hərəkətlənmə ona qarşıdır. Çünki, dünya resurslarının 21%-i Rusiyanın nəzarətindədir. Buna görə də, Rusiya ABŞ-ın qarşısını almaq üçün addımlar atır. Təəssüf ki, bu addımların içərisində Azərbaycan və Qafqaz da var. Azərbaycan Qərb və Rusiya arasında bir bufer zonası kimi görünür”.

“Dünya əhalisinin 80%-i məhv olacaq”

Cümşüd Nuriyevin sözlərinə görə, hadisələrin bu gedişi narahatlıq yaradır:

“Çünki Azərbaycan da bundan ziyan görə bilər. Bütün hallarda bu ağılsızlıqdır. Bu Üçüncü Dünya Müharibəsinə gətirib çıxarsa, nə ABŞ, nə də Rusiya qalib gələcək. Çünki, dünya əhalisinin 70-80%-i məhv olacaq. Bunlar hələ ki, qarşıdurmaya gedirlər. Lakin Rusiyanın qərar qəbul etməsi üçün elə bir problemi yoxdur. Əgər ABŞ hansısa qərar qəbul etsə, bu NATO-nun da sonuna gətirib çıxaracaq. Şərqə doğru genişlənmənin də əsas səbəbi, Rusiyanı qorxutmaqdır. Amma Rusiya artıq qorxmur. Rusiyanın Xəzər və Qara dənizdə möhkəmlənməsi də, NATO üzvü olan Türkiyə, Rumıniya və Polşaya yönəlikdir. Çünki, NATO son zamanlarda bu ölkələrdə raktedən-müdafiə sistemlərinin gücləndirilməsi işiylə məşğuldur”.

Politoloq hesab edir ki, NATO - Rusiya qarşıdurması gözlənilən idi:

“Amma hər iki tərəf ağıllansa, daha yaxşı olar. İki fil vurşanda həmişə ən çox ziyan ətrafdakılara dəyir. Rusiya da geri çəkilmək istəmir. Buna görə də, Cənub və Qərb sərhədlərini möhkəmlədir. Bütün hallarda Rusiya öz təhlükəsizliyi üçün NATO-ya qarşı kəskin addım atacaq. Əgər proseslər bu şəkildə davam etsə, Üçüncü Dünya Müharibəsi qaçılmaz olacaq”.

“Hədəf 2023-cü il və Türkiyədir”

Politoloq Elxan Mehdiyev “Cümhuriyət”ə bildirib ki, Rusiya 2023-cü ilədək öz silahlı qüvvələrini modernizasiya etmək siyasətini yürüdür. E.Mehdiyev qeyd edib ki, Rusiyanın Qara dənizdəki hərbi donanmasının keyfiyyəti və imkanlarına görə, Türkiyədən geridə qalır:

“Krıma qarşı beynəlxalq təzyiqlərin davam etməsi və Türkiyə ilə münasibətlərinin soyuq olmasına görə, Rusiya bölgədə öz hərbi dəniz qüvvələrinin sayını artırır. Lakin Xəzər dənizindən Rusiyaya qarşı bir təhlükə yoxdur. Həm Türkiyə ilə mü-nasibətlər, həm də 2023-cü ilə olan hədəfləri Rusiyanı bu addımları atmağa məcbur edir”.

Mənsur





Həftənin ən çox oxunanları