Yuxarı

“Soyqırım”a aparan Davudoğlu planı

“Soyqırım”a aparan Davudoğlu planı

Türk-alman hərbi əməkdaşlığı təhlükə altında

Almaniya Bundestaqının qondarma erməni soyqırımını tanıması sıradan bir hadisə hesab olunmur. Siyasi müşahidəçilər bu qərarı hüquqi deyil, daha çox siyasi səbəblərlə izah edir. Avropada Türkiyənin ən yaxın strateji müttəfiqlərindən biri sayılan Almaniyanın niyə məhz indiki məqamda belə addım atması sualı daha çox səslənir. Avropada ən böyük türk icmasının yaşadığı Almaniyanın erməni diasporasının maraqlarına uyğun qərar çıxarmasının pərdəarxası məqamları getdikcə daha aydın görünəcək.

Hələlik isə bu qərarın səbəblərindən öncə mümkün nəticələri barədə danışılır. Ekspertlər hesab edirlər ki, Avropa Birliyi qaçqınların qanunsuz axınının qarşısını almaq üçün Türkiyə ilə vizasız gediş-gəliş rejimini qəbul etməyə hazırdır. Hərçənd ki, Avropa Birliyi Türkiyənin bu proqramın reallaşacağına şübhə ilə yanaşır. Ankara ümid edirdi ki, sadələşdirilmiş viza rejimi Türkiyənin Avropa Birliyinə üzvlüyü yolunda növbəti mərhələnin keçilməsi olacaq. Lakin Türkiyənin öz səfirini ən birinci ticarət tərəfdaşı və qaçqınlar və vizasız rejim üzrəproqramın təşəbbüskarı olan Almaniyadan geri çağırması AB-nə gedən yolda çox uğursuz addım oldu.

İndi beynəlxalq müşahidəçilər Almaniya-Türkiyə münasibətlərində rəsmi Ankaranın atacağı cavab addımlarını və Almaniyadakı 3,5 milyon nəfərlik türk icmasının Bundestaqın qərarına reaksiyasını gözləyirlər. Kansler Angela Merkel türk kökənli vətəndaşlara müraciətində deyib: “Biz yalnız sizin burada olduğunuza görə deyil, həm də bu ölkənin bir hissəsi olduğunuza görə şadıq”.

Ancaq görünür ki, prezident Ərdoğan Almaniya ilə əlaqələri dayandırmağa hazırdır. Təbii ki, Ankaradan gözlənilən sərt cavab tədbirləri Almaniyanın özünü d narahat edir. Berlin ilk növbədə, Almaniya parlamentinin qondarma erməni soyqırımını tanımasından sonra Türkiyə ilə bağlanmış hərbi layihələrinin qüvvədən salına biləcəyindən narahatdır. Artıq bu barədə “Shpiegel Online” Almaniyanın Müdafiə Nazirliyinə istinadən məlumat yayıb. Qeyd edilir ki, xüsusilə də “İncirlik” hərbi hava Bazasındakı “Tornado” kəşfiyyat təyyarələrinin və Egey dənizində qaçqınlara bağlı aparılan NATO müşahidəçilərinin fəaliyyəti məhdudlaşdırıla bilər. Almaniyanın müdafiz naziri Ursula von der Leyen bunu nəzərə alaraq, Bundestaqdakı səsvermədən öncə yüksək rütbəli həbçilərlə məsələni müzakirə edib. Çünki “Tornado” təyyarələri İŞİD-ə qarşı mübarizədə də kəşfiyyat məqsədilə istifadə olunur. Ona görə də “Shpiegel Online”a parlamentin qərarının Almaniyanın Yaxın Şərqdə terrorizmə qarşı mübarizə siyasətinə mənfi təsir göstərəcəyini yazır.

Türkiyə analitikləri isə hesab edir ki, rəsmi Ankara Almaniyaya qarşı hərbi məhdudiyyətlər tətbiq etməyəcək. Əks halda, bu Türkiyənin terrorizmə dəstək verməsi və İŞİD-lə mübarizəyə mane olması kimi anlaşıla bilər.

Almaniyanı ən çox narahat edən məqam Türkiyənin mühacirlərin və qaçqınların Avropa Birliyinə qanunsuz daxil olmasının qarşısını almağa dair müqavilədən imtina etməsidir. Əgər Türkiyə rəhbərliyi belə bir addım atmalı olsa, Almaniya yenidən Yaxın və Orta Şərqdən gələn yüz minlərlə qaçqın axınının hədəfinə çevrilə bilər. Bu isə Avropada, o cümlədən Almaniyada terrorun baş verməsi riskini artırır. Ancaq rəsmi Ankara qondarma erməni soyqırımınıntanınması qarşılığında güzəştə getmək niyyətində deyil və yaxın vaxtlarda münasibətlərin gərginləşəcəyi istisna olunmur.

Sözügedən hadisənin baş verməsi səbəblərinə gəlincə, ekspertlər hesab edirlər ki, bu Türkiyənin xarici siyasətindəki boşluqlarla bağlıdır. Burada bağlıca səbəb lobbi fəaliyyətinin zəif olması göstərilir. Hətta Almaniyadakı türk icması arasında fikir birliyi müşahidə olunmur. Xatırladaq ki, uydurma erməni soyqırımının tanınmasına səs verən deputatlardan biri Yaşıllar Partiyasının sədri Cem Özdəmir olub. Əgər türk icması vahid mövqe nümayiş etdirə bilsə bu, qarşıdan gələn parlament seçkilərində Xristian Sosialist İttifaqı Partiyasına ciddi zərbə vura bilər. Ancaq türk diasporasının bu məsələdə yekdil mövqe nümayiş etdirməməsi Almaniya hökumətini narahat etmir.

Almaniyanın belə kəskin qərar qəbul etməsi fonunda son zamanlar Türkiyə hökumətində baş vermiş dəyişikliklər də diqqəti cəlb edir. Avropa Birliyinə yaxınlığı ilə seçilən Əhməd Davudoğlunun istefasından sonra Avropa Birliyinin Türkiyə hakimiyyətinə təzyiqləri nin artması müşahidə olunur. “Türkiyə Avropanın bir hissəsidir”,- deyərək viza rejiminin aradan qaldırılmasına dair sazişə imza atan Davudoğlunun istefaya göndərilməsi bu sənədin Avropa Parlamentində təsdiq olunması ilə eyni günə təsadüf etmişdi. Əslində burada bir təsadüf olduğunu söyləmək çətindir. Prezident Ərdoğanın hökumət üzərində nəzarəti ələ almasından sonra Böyük Britaniyanın baş naziri Devid Kemeronun “Türkiyənin 3000-ci ildə Avropa Birliyinə üzv ola biləcəyini” dilə gətirməsi yenicə istiləşən münasibətlərə yenidən soyuqluq gətirdi.

İndi isə Almaniyanın qərarı ikitərəfli münasibətlərin gərginləşməsində yeni mərhələ açıb. Bu baxımdan, “Əhməd Davudoğlu Avropa Birliyinin maraqlarına cavab verən hansı oyunlarda yer alırdı” sualı meydana çıxır. Rəcəb Tayyib Ərdoğanın daxili və xarici siyasətdə modern islamçılıq siyasətinə üstünlük verməsi Qərbdə müsbət qarşılanmır. Türkiyənin Yaxın Şərqdə bu ideya əsasında hökmranlıq siyasəti aparması isə geosiyasi rəqabət zəminində Ankaraya təzyiqləri daha da artırır.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları