Yuxarı

Britaniya parçalanır

Britaniya parçalanır

Böyük Britaniyanın Avropa Birliyindən çıxmasına dair referendumun nəticələri dünyanın geosiyasi mənzərəsini dəyişə biləcək hadisə hesab edilir. Artıq bəzi siyasi ekspertlər Böyük Britaniyanın parçalanacağına dair proqnozlar verməyə başlayıb. Avropa İttifaqından çıxmaq barədə qərar qəbul edilməsinin dərhal ardınca Birləşmiş Krallığın özünün parçalanması üçün real perspektiv yaranıb. Referendum nəticəsinin qəribəliklərindən biri də budur ki, Birləşmiş Krallığın iki yarımmuxtar ərazisinin - Şotlandiya və Şimali İrlandiyanın əhalisi İngiltərədən fərqli olaraq Aİ tərkibində qalmağa səs verib.

Şotlandiyanın birinci naziri Nicola Sturgeon bəyan edib ki, Şotlandiyada ikinci müstəqillik referendumu qaçılmazdır. O deyib ki, Avropa İttifaqından kənarda qalmaq Şotlandiya üçün qeyri-məqbuldur. Qeyd edək ki, Şotlandiya əhalisinin 62 faizi Aİ tərkibində qalmağa, 38 faizi isə çıxmağa səs verib. Xanım Sturgeon bildirib ki, Şotlandiyanın Britaniya tərkibindən çıxmasına yol açacaq ikinci referendumun keçirilməsi üçün hüquqi bazanın hazırlanmasına günü bu gündən başlanacaq. Mətbuat konfransında “Şotlandiya ikinci referendum barədə Londonun rəyini nəzərə alacaqmı” sualına xanım Sturgeon “məsləhətləşmə olacaq, lakin son qərarı Şotlandiya parlamenti qəbul edəcək” cavabını verib.

Adada mərkəzdənqaçma meylləri

Şotlandiyaya rəsmi rəhbərlik edən Nicola Sturgeon Edinburqda keçirilən mətbuat konfransında deyib ki, Şotlandiya iki il əvvəl keçirilmiş müstəqillik referendumunda, Britaniyanın Aİ tərkibində qalacağına ümid edərək Birləşmiş Krallıqdan ayrılmamaq qərarına səs vermişdi. İndi həmin şərt aradan qalxıb.

O deyib ki, şotlandlar müasir, xurafatsız və açıq insanlardır və Şotlandiya İngiltərə, Şimali İrlandiya və Uelsə “yaxşı qonşu” olaraq qalacaq. Təhlilçilər bildirirlər ki, indi Şimali İrlandiya ilə bağlı məsələdə də yeni gərginlik müşahidə oluna bilər. Əhalinin çoxluğunu təşkil edən İngiltərəyönlü siyasətçilər Şimali İrlandiyanın daim İngiltərə ilə qalacağını bəyan etsələr, irland millətçilərinin Sinn Fein təşkilatı bildirib ki, Şimali İrlandiyanın İrlandiyaya əsi məsələsi gündəliyə gətiriləcək.

Kemeron: “Seçim xalqındır”

Gözlənildiyi kimi, referendumdan dərhal sonra Böyük Britaniyanın baş naziri Devid Kemeron istefaya getməsi haqda bəyanat verib. Baş nazir deyib ki, Britaniyanın Avropadakı gələcək rolunu müzakirə etmək üçün güclü və qətiyyətli liderəetməyə ehtiyacı var. “Referendumun nəticələri barədə "heç bir şübhə ola bilməz", Britaniya xalqı öz seçimini edib”- Kemeron o deyib. "Mən 6 ildir ki, bu ölkənin Baş naziri olduğumla qürur duyuram. Lakin mən bizim ölkəni növbəti mərhələyə sürəcək kapitan olmayacam".

Devid Kemeron oktyabr ayında yeni partiya liderinin seçiləcəyini düşündüyünü deyib. Bəyanatın sonunda cənab Kemeronun kədərləndiyi və onun səsinin titrədiyi hiss olunub. Britaniyanın Avropa İttifaqında qalması üçün kampaniya aparan cənab Kemeron deyib: “Mən bu kampaniyanı düzgün bildiyim yolla apardım, … düşünürəm ki, Britaniya Avropanın daxilində daha güclüdür və daha yaxşıdır, … amma Britaniya xalqı öz seçimini etdi”. “Biz yeni baş nazir seçməliyik, mən öz kabinetimlə növbəti bir neçə ay ərzində işləməyə davam edəcəyəm”, -deyən baş nazir oktyabr ayında keçiriləcək Mühafizəkarlar Partiyasının qurultayına qədər yeni partiya liderinin olacağını deyib.

Putin və Rusiyapərəstlər sevinir

Referenduma qədər bir çoxları bildirirdilər ki, Böyük Britaniyanın Avropa Birliyindən çıxması Rusiya prezidenti Vladimir Putinin xeyrinə işləyir:

“Bu gecə Putinin xarici siyasətinin möhtəşəm qələbəsidir =” - ABŞ-ın Rusiyadakı sabiq səfiri Maykl Makfol belə bəyan edib: “Putin SSRİ-nin və Varşava müqaviləsinin dağılmasından çox kədərlənmişdi. İndi Avropa Birliyinin çat verməsindən sevinəcək”.

Böyük Britaniyanın Avropa Birliyi tərkibindən çıxması bu quruma üzv olan ölkələrdə mühafizəkar qüvvələrin fəallaşması ilə nəticələnə bilər. Bu isə Fransa, İspaniya, Finlandiya, Yunanıstan kimi ölkələrdə Avropa Birliyi və Avrozona əleyhdarlarının siyasi mövqeyinin güclənməsinə kömək edəcək. Avropa Birliyi daxilində mərkəzdənqaçma prosesinin sürətlənməsi bu ittifaqın Rusiyaya qarşı vahid geostrateji mövqedən çıxış etmək imkanlarının zəifləməsinə şərait yaradır. Hadisələrin belə inkişafı ilk növbədə Rusiyanin geosiyasi maraqlarına cavab verir. İyul ayının əvvəlində Rusiyaya qarşı beynəlxalq sanksiyaların müddəti başa çatır. Artıq Almaniya, İtaliya kimi Avropa ölkələrinin sanksiyaların yenidən tətbiqi məsələsində mövqeyi ABŞ-dan fərqlənir. Böyük Britaniya artıq Avropa Birliyini təmsil etmədiyinə görə, yaxın gələcəkdə Londonun fərqli mövqe tutatcağı istisna deyil.

Rusiya Federasiyası Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Konstantin Kosaçev hesab edir ki, Birləşmiş Krallığın AB-dən çıxması Rusiyanın iqtisadi maraqlarına zərbə vurur. Çünki Rusiyanın xarici ticarət dövriyyəsinin 49 faizini AB ilə əlaqələr təşkil edir. 2015-ci ildə sanksiyaların mövcudluğuna baxmayaraq, bu göstərici 230 milyard avro təşkil edib. Ona görə də Böyük Britaniyanın AB-ni tərk etməsi Rusiya üçün mənfi təsirlər malik ola bilər. Buna baxmayaraq, ABŞ Avropa Birliyinin zəifləməsi fonunda Rusiyanın geosiyasi təsirlərinin artmasından narahatlığını gizlətmir. Bu, həmçinin AB-nin postsovet məkanındakı Şərq Tərəfdaşlığı Proqramı, Assosiasiya Sazişi üzrə strateji inteqrasiya siyasətinin Rusiya tərəfindən alınması təhlükəsi yaradır. Kreml AB-nin gələcək durumundan asılı olaraq, Şərqi Avropa ölkələrində və MDB məkanında öz goesiyasi təsirlərini artırmağa çalışa bilər. Buraya o cümlədən Cənubi Qafqaz regionu və Azərbaycan da daxildir. İki ildən artıqdır ki, Azərbaycanı Avrasiya İqtisadi Birliyinə daxil etməyə çalışan Rusiyanın qarşısında rəsmi Bakının son vaxtlar Qərblə intensivləşən əlaqələri ciddi maneəyə çevrilib. Hətta Rusiya Azərbaycanı AİB-ə qoşmaq üçün Dağlıq Qarabağ ətrafındakı 5 işğal olunmuş rayonu da qaytarmağa hazır olduğunu bildirir. Ancaq Qərbin buna qarşı müqaviməti Rusiyanın Azərbaycanı tam şəkildə öz orbitinə çəkməyə imkan vermir. İndi AB-nin geostrateji mövqelərinin zəifləməsi Rusiyanı bu istiqamətdə daha da fəallaşdıra bilər. Proses qeyd edilən istiqamətdə davam etsə, Rusiyanın Azərbaycan hakimiyyəti daxilindəki “5-ci kolon”unun siyasi mövqeləri möhkəmlənəcək. Onların əlinə isə tutarlı ideoloji silah keçib - Avropa dağılır.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları