Yuxarı

Azərbaycan uğrunda böyük savaş

Azərbaycan uğrunda böyük savaş

Rauf Mirqədirov: “Həm Rusiya, həm də ABŞ Azərbaycanı öz təsir dairəsinə salmaq istəyir”

Dağlıq Qarabağ probleminin həlli ətrafında diplomatik fəallıq artıb. Azərbaycan və Ermənistan prezidentlərinin iyunun 20-də Rusiyanın dövlət başçısı Vladimir Putinin vasitəçiliyi ilə Sankt-Peterburqda keçirilmiş görüşündən sonra münaqişənin həlli istiqamətində siyasi səylərin güclənməsi müşahidə olunur. İyunun 29-da Rusiyanın xarici işlər naziri Sergey Lavrov Parisdə fransalı həmkarı Jan Makr Eyro ilə Ermənistan-Azərbaycan münaqişəsinin həlli yollarını müzakirə edib. Dünən isə ATƏT-in fəaliyyətdə olan həmsədri, Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayer Bakıya və İrvana səfərlər edib.

ATƏT-in başçısı Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları ilə də görüşlər keçirib. İyul ayının 4-də isə Sergey Lavrovun Bakıya səfəri zamanı yenidən sözügedən problemin həllinə dair danışıqlar aparılacaq.  İyulun 6-da ABŞ-ın dövlət katibi Con Kerrinin Gürcüstana səfəri gözlənilir. Con Kerrinin Azərbaycana və Ermənistana səfəri ilə bağlı rəsmi məlumat hələ yayılmayıb. Ancaq dövlət katibinin regiona gəlişi çərçivəsində Ermənistana və Azərbaycana da səfər edəcəyinə dair qeyri-rəsmi məlumatlar yayılıb.

Siyasi ekspertlərin fikrincə, Dağlıq Qarabağ problemi ətrafında qeyd edilən aktivlik  əslində, regionda Rusiya və ABŞ arasındakı geosiyasi rəqabətin artmasının nəticəsidir. Gürcüstan ABŞ-ın nüfuz dairəsinə daxil olan ölkə sayılır. Eyni zamanda, Gürcüstanın NATO-ya qoşulması Şimali Atlantika Alyansının şərqə doğru genişlənməsi prosesini sürətləndirib. Hətta NATO sərhədləri demək olar ki, Cənubi Qafqaza daxil olub. Belə bir şəraitdə Ermənistanla hava hücumundan müdafiə barədə müqavilə imzalayan Rusiya bu ölkədə NATO-ya və ABŞ-a qarşı özünün hərbi istehkamını gücləndirməyə çalışır. Bu prosesdə Azərbaycanın tuta biləcəyi mövqe həm Rusiya, həm də ABŞ üçün strateji əhəmiyyət daşıyır. Rusiya Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş beş rayonun qaytarılması müqabilində öz qoşunlarını sülhməramlı adı altında Azərbaycana yerləşdirməklə Cənubi Qafqazda NATO-ya qarşı müqavimətini gücləndirməyə çalışır.

ABŞ da öz növbəsində, NATO-nun şərqə doğru genişlənməsində maraqlıdır.  Eyni zamanda, Vaşinqton Dağlıq Qarabağ münaqişəsinin qalmasını regiondakı strateji əhəmiyyətə malik enerji nə nəqliyyat dəhlizləri üçün ciddi təhlükə hesab edir.

Politoloq Rauf Mirqədirovun fikrincə, Con Kerrinin Cənubi Qafqaza səfəri regiondakı qüvvələr nisbəti ilə bağlıdır: “Söhbət qlobal oyunçuların rəqabətindən gedir. Burada əsasən Rusiya və ABŞ nəzərdə tutulur. Hər iki dövlət regionda öz təsir dairəsini genişləndirməyə çalışır. Həm Rusiya, həm də ABŞ öz maraqlarını yalnız iqtisadi sahədə deyil, siyasi və hərbi müstəvidə artırmaq istəyir. Bu mənada Kerrinin regiona səfərinə daha geniş planda baxmaq lazımdır. Sözsüz ki, Dağlıq Qarabağ probleminin bölgədəki sabitliyin qorunub saxlanılmasına ciddi təhdiddir və bu da ABŞ-ı narahat edir.  Ona görə də Qərb dövlətləri, o cümlədən Birləşmiş Ştatalar Dağlıq Qarabağ probleminin mümkün qədər tez həll olunmasında maraqlıdır. Lakin bu, onların yeganə marağı deyil. Nə də Rusiyanın yeganə marağı bundan ibarət deyil. Hər iki tərəfin əsas marağı ondan ibarətdir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli variantından asılı olmayaraq, reginonda öz mövqelərini möhkəmləndirsinlər. Rusiyanın münaqişənin həllinə yönəlik səyləri də bu məqsədə xidmət edir. Kreml istəyir ki, Azərbaycan nəticə etibarı ilə Rusiyanın maraq dairəsinə daxil olsun. Azərbaycan Rusiyanın nəzarətinə keçsə Gürcüstanın regiondakı əhəmiyyəti azalır. Çünki yalnız Azərbaycan enerjidaşıyıcılarının deyil, həm də Mərkəzi Asiyanın neft və təbii qaz ehtiyalarının gələcəkdə Gürcüstan üzərindən Qərbə daşınmasından gedir. Burada həm də Avropa və Asiyanı birləşdirən nəqliyyat dəhlizinə nəzarət uğrunda rəqbət gedir. Qərb, ilk növbədə, ABŞ çalışır ki, Rusiyanın nüftlə zəngin müsəlman dövlətlərinə çıxışının qarşısını alsın. Əgər Azərbaycan Rusiyanın tərkibinə daxil olarsa, bütün bu planlar puç ola bilər”.

Rauf Mirqədirov hesab edir ki, ABŞ Azərbaycanın Rusiyanın təsir dairəsinə keçməsinə razı olmaz. Dağlıq Qarabağ münaqişəsinin mövcudluğu isə regionun Qərbin maraq dairəsinə keçməsini çətinləşdirir: “Münaqişə hər zaman qaynar fazaya keçərək hərbi müdaxilənin mümkünlüyü ehtimalını artırır. Məsələn, 2008-ci ildə Gürcüstanda münaqişə qaynar fazaya keçən kimi Rusiya hərbi müdaxilə etdi. Ukrayna Avropa Birlyi ilə “Assosiasiya Sazişi”ni imzalamaq qərarına gələn kimi Rusiya Krıma və Donbassa hərbi müdaxilə təşkil olundu. Dağlıq Qarabağ münaqişəsinin də dondurulmuş halda qalması onun qaynar fazaya keçməsi təhlükəsini artırır. Bu da öz növbəsində, xarici müdaxilə təhlükəsini yaradır. Regionda isə hərbi təmsilçiliyi olan yeganə dövlət Rusiyadır. Rusiya bu amildən bölgə dövlətlərinə hərbi təcavüz məqsədilə istifadə edir.  Ona görə də Qərb əlində olan imkanlardan istifadə edərək münaqişənin dinc yolla həllinə nail olmağa və regionun Rusiyanın təsir dairəsinə daxil olmasının qarşısını almağa çalışır”.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları