Yuxarı

Qarabağ ətrafında bloklaşma

Qarabağ ətrafında bloklaşma

Rusiya və Fransa ABŞ-a qarşı

Rusiya prezidenti Vladimir Putin ötən cümə axşamı fransalı həmkarı Francois Ollandla telefon söhbəti edib. Söhbət zamanı  Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyətin müzakirə olunduğu xəbər verilir. Vladimir Putin Azərbaycan və Ermənsitan prezidentlərinin iyunun 20-də Sankt-Peterburqda  keçirilmiş görüşünün nəticələri ilə bağlı həmkarını məlumatlandırıb. Yayılan rəsmi məlumatlara görə, Rusiya və Fransa liderləri görüşün nəticələrinin sülh prosesini davam etdirməyə imkan yaratdığını deyiblər.

Xatlırladaq ki, iyunun 29-da hər iki ölkənin xarici işlər nazirləri - Jan Makr Eyro və Sergey Lavrov da Parisdə Dağlıq  Qarabağ probleminin həlli yollarını müzakirə ediblər. Bu səbəbdən də son günlər Rusiyanın  və Fransanın nizamlanma prosesində mövqelərinin yaxınlaşması diqqəti  cəlb edir. Siyasi ekspertlərin fikrincə, Moskvanın  Parislə müzakirələri intensivləşdirməsi  bir sıra məqsədlərə xidmət edir. Belə ki, Azərbaycan və Ermənistan prezidentlərinin  mayın 16-da Vyanada, iyunun 20-də isə  Sankt-Peterburqda keçirilmiş görüşlərində danışıqlar masasına gətirilən təkliflərin münaqişə tərəflərinə qəbul etdirilməsi üçün Kremlin beynəlxalq dəstəyə ehtiyacı var.  Bu baxımdan, Fransanın “Kazan formulu”na  dəstək  verməsi ATƏT-in Mİnsk Qupunda  qüvvələr nisbətini Rusiyanın xeyrinə dəyişə bilər. Bu da Rusiyaya öz təkliflərini  Azərbaycana və Ermənistana qəbul etdirmək imkanlarını asanlaşdırır.

Eyni zamanda,  Fransa  Ermənistana strateji cəhətdən  çox yaxın  ölkə sayılır və dünyada ən çox  erməni diasporası bu ölkədə yaşayır. Ona görə də Fransanın Rusiyanın planına razılıq verməsi  İrəvanı  və hətta Dağlıq Qarabağ ermənilərini Kremlin maraqlarına cavab verəcək qədər  güzəştlərə razı salmaq üçün mühüm təsirə malik ola bilər. Ermənistan hakimiyyəti  Dağlıq Qarabağın ətrafındakı  işğal olunmuş  5 rayonun qaytarılması barədə Rusiyanın təklifini qəbul etməyə ehtiyatla yanaşır.  Serj Sarkisyan qoşunları Azərbaycan ərazilərindən çıxartmağı risqli addım hesab edir və dövlət çevrilişinə səbəb ola biləcək etirazların baş qaldıracağlndan ehtiyatlanır.  Buna görə də ehtiyatlı olmağa çalışır və ya ehtiyat variantlar saxlayır. Rusiya isə prosedə öz hegemonluğunu saxlamaq və keçmiş postsovet ölkələrində söz sahibi olduğunu bütün dünyaya sübut etməkdə israrlıdır. Ona görə Fransanı öz oyununa çəkir. Fransanın erməni diasporuna təsir imkanları böyük olduğundan  rəsmi Parisin nizamlanma  prosesində  fəallaşması və Rusiyanın  mövqelerini bölüşməsi Rusiyanın maraqlarına cavab verir. Digər tərəfdən, analitiklərin rəyinə görə, Rusiyanın Fransa ilə diplomatik həmrəylik nümayiş etdirməsi Dağlıq Qarabağ probleminin həllində ABŞ-ın rolunun azaldılmasına yönəlib. Çünki münaqişənin aradan qalxmasında Vaşinqtonun fəal iştirakı  Birləşmiş Ştatların Cənubi Qafqazda geosiyasi mövqelərinin möhkəmlənməsinə təakn verə bilər. Artıq məlumdur ki, NATO üzvlüyünə qəbul  edilməsi gözlənilən Gürcüstan ABŞ-ın geosiyasi nüfuz dairəsinə daxildir.

NATO-nun iyulun 8-9-da Varşavada keçiriləcək sammitində Gürcüstanın Alyansa üzv qəbul olunmasına qərar verilsə, o zaman NATO-nun sərhədləri Cənubi Qafqaza da daxil olacaq. Bu isə qısa zamanda ABŞ-ın  Gürcüstanda hərbi  bazasını yerləşdirməsinə imkan açmaq gücündədir. Əgər indiyə qədər Cənubi Qafqazda hərbi  baza saxlayan yeganə dövlət Rusiya idisə,  yaxın vaxtlarda regionun  strateji təhlükəsizlik siyasətində ABŞ-ın iştirakı ilə paralellik yaranması ehtiçalı gün-gündən artır. Yəni Cənubi Qafqaz geosiyasi rəqabət baxımından iki qütbə bölünmək üzrədir.  Ermənistan Rusiyanın təsir dairəsinə daxildir və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. İndi həm Rusiyanı, həm də ABŞ-I düşündürən Azərbaycanın bu geosiyasi qütbün hansı tərəfində yer alacağıdır. Bu məsələdə Dağlıq Qarabağ münaqişəsinin həlli mühüm rol oynayıyır. Əgər münaqişə Rusiyanın təklif etdiyi “Kazan formulu”  əsasında həll edilərsə, o zaman proses Kremlin xeyrinə dəyişmiş olar. Əslində, sözügedən model münaqişənin həllini  deyil,  yarımçıq həllini nəzərdə tutur. Rusiya öz qoşunlarını sülhməramlı mandatla Dağlıq Qarabağın ətrafına yerləşdirməklə  erməni icmasını qoruyan hərbi sipər yaratmaq istəyir. İkincisi, Dağlıq Qarabağın statusunun qeyri-müəyyən müddətə təxirə salınması bu torpaqarın  qaytarılması məsələsini şübhə altına alır. Bu da öz növbəsində, ermənilərə  Kəlbəcər və Laçın rayonlarını Dağlıq Qarabağla birikdə qeyri-müəyyən müddətə nəzarətdə saxlamq imkanı verir.

Beləliklə,  5 rayonun Azərbaycana qaytarılması müqabilində münaqişənin yeni dondurulmuş fazaya keçirilməsi, yeni bir status-kvonun saxlanılması nəzərdə tutulur. Ən təhlükəli məqamlardan biri də beş rayonun Azərbaycana qaytarılmasından sonra Ermənistanın  üzərindən işğalçı adının qalxması ehtimalıdır. O halda həm  Ermənistan, həm də ATƏT-in Mİnsk Qrupu işğal edilmiş ərazilərin azad edildiyini, Azərbaycanın danışıqları Dağlıq Qarabağdakı separatçı rejimlə aparmağın vacibliyini irəli sürə bilər. Ona görə də Rusiyanın təklif etdiyi həll modeli Azərbaycanın maraqlarına  uyğun deyil. Kreml isə Fransanı öz tərəfinə çəkməklə bir tərəfdən Azərbaycanı və Ermənistanı bu plana razı salmaq üçün Qərbdən beynəlxalq  dəstək almağa çalışır, digər tərəfdən ABŞ-ın regiondakı münaqişələrin həllində rolunu neytrallaşdırmağa çalışır.

Ancaq  son hadisələr Rusiya və Fransa ilə yanaşı ABŞ-ın da siyasi səylərini gücləndirdiyini göstərir.  ABŞ-ın dövlət  katibi Con Kerri  Serj Sarkisianı və İlham Əliyevi Dağlıq Qarabağda “gərginlikdən yayınmağa” çağırıb. Cənab Kerri razılıq hissi ilə bildirib ki, son həftələrdə Dağlıq Qarabağda atəşkəs rejiminə əsasən riayət edilir və bu, danışıqların davam etdirilməsi üçün yaxşı zəmin yaradır. Dövlət Departamenitinin mətbuat katibi Con Kirbinin və  ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlikin də atəşkəsə əməl etməyə çağıran açıqlamaları Vaşinqtonun Ermənistan-Azərbaycan cəbhə xəttində müharibənin yenidən alovlanmasından daha çox narahat olduğunu deməyə əsas verir.  Cox güman ki, ABŞ hazırkı situasiyada vəziyyətin gərginləşməsini  Rusiyanın  xeyrinə işləyəcək amil hesab edir.  Çünki münaqişənin dərinləşməsi Rusiyanın  regiona hərbi-siyasi müdaxilə imkanlarını artırır. Eyni zamanda, Rusiya və Fransanın bu məsələdə sanki bloklaşma yaratması tezliklə ABŞ-ın Dağlıq Qarabağ probleminin nizamlanması prosesində diplomatik fəallığını artıracağına dair qənaəti  möhkəmlədir.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları