Yuxarı

İŞİD xilafət qurur

İŞİD xilafət qurur

İyunun 28-də İstanbulun “Atatürk” hava limanında baş vermiş terror aktı bir sıra məqamları ilə diqqəti çəkdi. Son dövrlər Türkiyədə silsilə şəkildə həyata keçirilən partlayışların təşkilində və həyata keçirilməsində bir qayda olaraq Yaxın Şərqdən olan ərəblər iştirak edirdilər. Ancaq bu dəfə Türkiyədə qanlı faciəni törədənlər çeçenlər, taçiklər oldu. Radikal terrorçular arasında Elçin Bünyadov adlı bir nəfər azərbaycanlının da aşkar edilərək saxlanılması İŞİD üzvləri olan qeyri-ərəblərin fəallaşmasından xəbər verir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın da öz çıxışında Qafqazdan və Mərkəzi Asiya ölkələrindən olan terrorçuların fəallaşdığını xüsusi vurğulaması təsadüfi sayıla bilməz. Görünür, sözügedən fakt Türkiyə xüsusi xidmət orqanlarının diqqətini cəlb edib. İŞD-in son vaxtlar Suriyada mövqelərininzəifləməsi ilə əlaqədar Əfqanıstana və Mərkəzi Asiyaya yayılacağı barədə proqnozlar tez-tez səslənir. Xüsusilə də İŞİD-in paytaxtı Raqqa şəhəri terrorçulardan təmizlənərsə, o zaman bu proses daha sürətli hal ala bilər. Analitiklər bildirir ki, İŞİD üzvləri Əfqanıstanın Mərkəzi Asiya ilə sərhəd bölgələrində Nanqarhar əyalətində daha çox yayılıb.

Mərkəzi Asiya üzrə mütəxəssis Andrey Zaxvatovun sözlərinə görə, İD təşkilatının tərəfdarları 3-12 min nəfər arasındadır. Onların əksəriyyəti Yaxın Şərqdən olan ərəblər, Əfqanıstan və Pakistandan olan puştunlardır. “İslam Dövləti”nin silahlı dəstələri sırasında ya ideyasına görə, ya da muzdlu şəkildə onlara qoşulmuş gənclər döyüşür. Andrey Zaxvatov qeyd edir ki, İD Əfqanıstandan öz ideyalarını Tacikistan, Özbəkistan, Türkmənistan və Pakistana yaymaq üçün bir dayaq nöqtəsi kimi baxır. Həmin ərazi İD-nin 2015-ci ilin yanvar ayında Əfqanistanda yaradılmış şöbəsi olan “Vilayəti-Xorasan”ın təsirin zonasına daxildir. Onlar həmin ərazidə xilafət qurmaq istəyirlər.

İyunun 5-də Qazaxıstanda dövlət çevrilişinə cəhd zamanı “Xilafət əsgərləri” adlanan və sələfilərdən ibarət qrupun da silahlı mübarizəyə qalxmasını həmin prosesin tərkib hissəsi hesab etmək olar. İŞİD Suriyada məğlub olub sıxışdırılarsa, təşkilatın mübarizə mərkəzi Əfqanıstana və Mərkəzi Asiyaya keçə bilər. Terrorçuların Əfqanıstana və Mərkəzi Asiyaya keçməsi üçün Azərbaycan və Şimali Qafqaz əsas dəhliz rolunu oynaya bilər. Bu baxımdan, Türkiyədə tacik, çeçen və azərbaycanlı terrorçuların fəallaşması diqqəti cəlb edir. Onların bir qisminin öz ölkələırinə qayıtdıqdan sabitlik üçün potensial təhlükə mənbəyinə çevrilməsi ehtimalı isə bir ayrıca problemdir.

Şərqşünas alim Rafiq İsmayılın fikrincə, son hadisələr İŞİD-in daha geniş şaxələnmiş struktura malik olduğunu göstərir. Əgər İŞİD əvvəllər yalnız İslam Dövlətinin yaradılması haqqında düşünürdüsə, indi onun mübarizə obyektləri daha da genişlənib: “Bu genişlənmə həmin dövlətlərin İŞİD-ə qarşı çıxmasından qaynaqlanır. O ki qaldı, Türkiyədə baş verən terrorda post-sovet məkanından olan ölkələrin vətəndaşlarının iştirak etməsinə, bu artıq gerçəklikdir. Azərbaycanın, Tacikistanın, Çeçenistanın, Özbəkistanın vətəndaşlarının bu prosesdə iştirak etməsi İŞİD-in strukturunun genişlənməsi ilə bağlıdır. Bu ölkələrdə həm kifayətə qədər fanatik müsəlmanlar var, həm də maddi ehtiyacına görə, bu prosesə qoşulanlar var. Hətta bəziləri o dünyanın gözəl gələcəyinə inanırlar. Belələri də bu cinayətin həyata keçirilməsində istifadə olunur.

İŞİD klassik, Yaxın Şərqdə özlərinə məxsus müsəlman dövləti qurmaq istəyirdilər. Bu dövləti isə şiələrdən və kürdlərdən təmizləmək istəyirdilər. Amma bu baş tutmadı. Ilkin mərhələdə bu siyasət bəzi dövlətlər tərəfindən dəstəklənirdi. Çünki kürdlər Türkiyə üçün, şiələr sünni ərəblər üçün problemlər yaradırdı. İndi isə həmin dövlətlər İŞİD-in fəaliyyət dairəsinin genişlənməsindən narazıdırlar və ona qarşı çıxırlar”. Rafiq İsmayıl hesab edir ki, İŞİD terror təşkilatının Mərkəzi Asiyada və Əfqanıstanda “Xorasan xilafəti” yaratmaq ideyasını həyata keçirmək heç də asan deyil. Çünki terrorçular bu məqsəd çatmaq üçün geniş kapitala, silahlara, təlim düşərgələrinə və siyasi dəstəyə malik olmalıdır. Bunlar isə demək olar ki, real görünmür. Ekspert onu da bildirdi ki, İŞİD terrorçularını Mərkəzi Asiyada birləşdirən başlıca amil sünnilik təriqətidir: “Onlar müxtəlif xalqları təmsil etdiklərindən, bu terrorçuları bir araya gətirən amil yalnız Ərəb Xilafəti dövrünün sünniliyinə dayanan bir dövlət yaratmaq ideyası ola bilər. Onlar artıq Suriya ilə kifayətlənmirlər, öz hüdudlarını Tacikistana, Xorasana qədər uzadırlar”.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları