Yuxarı

Putinin sürpriz planı

Putinin sürpriz planı

Elçin Mirzəbəyli: “Putinin səfərindən müsbət gözləntim yoxdur”

Cümşüd Nuriyev: “Prezident Azərbaycanın Rusiyanın nəzarətindən çıxmasını istəmir”

Əli Orucov: “O, öz siyasi və iqtisadi maraqlarını gətirəcək”

“Putin Azərbaycana əliboş gəlməyəcək”.

Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin prezident Vladimir Putinin ölkəmizə baş tutacaq səfəri barədə danışarkən belə deyib. “Belə səfərlər hər il baş tutur. Bu ildə müzakirə olunacaq çoxlu məsələlər var. Elə məsələlər yığılıb ki, prezidentlər bunu müzakirə etməlidir. Putin heç vaxt əliboş gəlmir. Azərbaycanda da bu görüşə hazırlaşırlar. Nələrin həyata keçirildiyi, nələrin qaldğı təhlil olunacaq.

Yeni tapşırıqlar ortaya çıxacaq. Ona görə də bu səfər nümayişkəranə səfər deyil, işgüzar səfər olacaq. Digər görüşlər kimi münasibətlərimizə öz töhfələrini verəcək", - deyə Doroxin bildirib.

2017-ci il planı

Azərbaycanın diqqəti Putinə dikilib. Çünki bu səfərin Dağlıq Qarabağ münaqişəsi ətrafında maraqlı proseslərin cərəyan etdiyi vaxta təsadüf etməsi ümidləri bir qədər də artırıb. Bu baxımdan hesab olunur ki, Putin Bakıya münaqişənin qısa müddətdə həllini və Azərbaycanın maraqlarının dəstəkləndiyini özündə əks etdirən planla gələcək. Qeyd olunur ki, “Lavrov” və “Kazan” planlarından fərqli olaraq, Putinin Bakıya gətirəcəyi yeni həll planı münaqişənin iki mərhələli və dinc yolla həllini də nəzərdə tutur. Plana görə, ilkin mərhələdə - ilin sonunadək 7 rayon Azərbaycana qaytarılır və ikinci mərhələdə - 2017-ci ildə Qarabağın azərbaycanlı və erməni icmalarının bölgədə yerləşdirilməsi prosesi başlanılır. Bura eyni zamanda gələn il Qarabağa sülhməramlıların yerləşdirilməsi də daxildir. “Putin planı” adlanan bu plana görə, münaqişənin həlli 2017-ci il ərzində tamamilə həllini tapmalı və Qarabağın aralıq statusunun müəyyən olunması üçün Azərbaycan və Ermənistan tərəflərinin razılığıyla tarix müəyyən olunmalıdır. Ehtimala görə, bu 2020-ci ildən sonrakı tarixi nəzərdə tutur.

“İnsanlar qonaq getdikləri zaman nə aparırlarsa...”

BAXCP sədrinin müavini Elçin Mirzəbəyli “Cümhuriyət”ə bildirib ki, Putinin Azərbaycana səfərindən hansısa müsbət gözləntisi yoxdur. “Doroxin insanların qonaq getdikləri zaman apardıqları həddiyəni nəzərdə tutur. Rusiya yalnız Dağlıq Qarabağ münaqişəsinin həllində obyektivlik nümayiş etdirərdisə, Putinin səfərində hansısa müsbət dəyişiklik gözləmək olardı. İndiki şəraitdə, Putin nəsə başqa bir şey gətirəcəyini gözləmirəm”, - deyə E.Mirzəbəyli qeyd edib.

“Putin ancaq bu məsələləri Bakıya gətirə bilər”

Politoloq Cümşüd Nuriyev “Cümhuriyət”ə deyib ki, Rusiya Qarabağ münaqişəsinin həll prosesində önəmli yer tutmağa çalışır. C.Nuriyev hesab edir ki, Putin dünyada tanınmış lider kimi özünü təsdiq etmək imkanına malikdir: “Suriya məsələsində Putin özünün güclü tərəfini göstərdi. Digər yandan o, Qarabağ məsələsinin əlindən çıxmasından qorxur. Çünki ABŞ Avropa İttifaqı və NATO xətti vasitəsilə Qarabağ münaqişəsini öz nəzarəti altına keçirmək istəyir. Yəqin ki, bu səfərdən sonra gündəmə “Putin planı” gələcək. İnanaq ki, bu müsbət həllini tapsın. Qorxuram ki, “Putin planı” da uzunmüddətli planı nəzərdə tutsun. Amma bütün hallarda Putin Azərbaycanı Rusiyanın nəzarətindən çıxmasını istəmir. Putin ancaq bu məsələləri Bakıya gətirə bilər. Ən azından bu səfərdə o, Dağlıq Qarabağ münaqişəsinin ilkin həllini gündəmə gətirə bilər”.

“Ancaq siyasi və iqtisadi maraqlarını gətirəcək”

AMİP Siyasi şurasının üzvü Əli Orucov “Cümhuriyət”ə Cənubi Qafqaza ancaq sülh və təhlükəsizliyin lazım olduğunu bildirib. Ə.Orucov deyib ki, əgər Putin bunu gətirəcəksə, bu müsbət hal kimi dəyərləndiriləcək: “Amma biz Rusiyanın uzun illər apardığı siyasətə diqqət etdikdə, bunun əksini görürük. Faktiki olaraq, Rusiya Qarabağ münaqişəsinin həllində işğalçı tərəfi dəstəkləyir və bu da bölgənin təhlükəsizliyini təhdid edir. Amma Putinin Bakıya hansı şərtləri gətirəcəyini də əvvəldən demək çətindir. Düşünürəm ki, o, öz siyasi və iqtisadi maraqlarını gətirəcək. Çünki bu gün Rusiyanı daha çox iqtisadi problemləri narahat edir. Bu baxımdan səfərdə bölgədə reallaşdırılacaq iri nəqliyyat və enerji layihələrinin müzakirə olunması da gözləniləndir. Hər-halda Qarabağ məsələsi də müzakirə mövzusu ola bilər”.

Mənsur





Həftənin ən çox oxunanları