Yuxarı

Rus muzdluları Qarabağda?

Rus muzdluları Qarabağda?

“Vaqner” qrupu bölgədə talan və qırğınlar həyata keçirə bilər

Qabil Hüseynli: “Bu, Rusiyanın hiyləgər planından xəbər verir”

Rusiya Müdafiə Nazirliyinin Baş qərargahına Baş Kəşfiyyat İdarəsinin (QRU) qeydiyyatda olmayan muzdlulardan ibarət xüsusi ordu yaratması barədə məlumat siyasi ekspertlərin tənqidi ilə qarşılanıb. “Vaqnerin qrupu” başqa dövlətlərə və xalqlara qarşı təxribat və cunayətlər cinayət törətməkdə istifadə oluna bilər. Bu isə beynəlxalq hüququn prinsiplərinə ziddir. Xatırladaq ki, “Vaqnerin qrupu”nun Krasnodar vilayətinin Molkino xutorundakı düşərgədə yerləşdiyi bildirilir. QRU-nun 10-cu əlahiddə xüsusi təyinatlı briqadası da orada dislokasiya olunub. Muzdluların bazası 2015-ci ilin ortalarından etibarən fəaliyyət göstərməyə başlayıb. “Vaqnerin qrupu”nun məskunlaşdığı ərazinin sahibi haqda açıq mənbələrdə məlumat yoxdur, lakin qonşuluqdakı ərazilər Müdafiə Nazirliyinin meşə təsərrüfatına məxsusdur.

Bildirilir ki, 2015-2016-cı illərdə Müdafiə Nazirliyi “Vaqnerin ordusu”una 14.7 milyon rubl xərcləyib. Bura muzdlularla bağlanmış məxfi müqavilələr daxil deyil. Açıq tenderlərin bəzilərini Peterburqdan olan restoran biznesmeni Yevgeni Priqojin udub. Son iki ildə “Vaqner” Rusiyada Priqojinin adamlarının müşayiəti ilə hərəkət edib. Biznesmen Rusiya Müdafiə Nazirliyinin sifarişlərini yerinə yetirən firmaların sahibidir. Bununla belə “Vaqnerin ordusu”nun həmin firmalar tərəfindən maliyyələşdirildiyinə dair sübutlar tapmaq mümkün olub.

“Vaqnerin qrupu”nun fəaliyyəti barədə ilk dəfə Suriyada eşidilib. Ötən ilin yayında, Rusiyanın Suriyaya hərbi qüvvələr göndərməsi ərəfəsində Latakiyə və Hələb ətrafında muzdlulardan ibarət 2.5 min nəfərlik qruplar yerləşdirilib. Əməliyyata QRU və FTX rəhbərlik edib. 2016-cı ildə isə özəl hərbi şirkətlərin 1000 nəfərdən 1600 nəfərə qədər döyüşçüsü vəziyyətdən asılı olaraq Suriyada olub. “Vaqnerin qrupu”unun əsgərlərinə pulu nəğd verirlər, onlar rəsmən heç yerdə işə götürülməyiblər, silahların və təchizatın alınması isə məxfiləşdirilib. RBC bildirir ki, həmin xərcləri dövlət və adları açıqlanmayan “yüksək rütbəli biznesmenlər” üzərlərinə götürüblər. Suriya döyüşlərində iştirak edən muzdlulara ayda 400-500 min rubl ödənilir. Ölən zabitə görə 1 milyon rubl, əsgərə görə 500 min rubl kompensasiya nəzərdə tutulub. Bunu Müdafiə Nazirliyindəki mənbə deyib.

Araşdırmada daha bir sensasion məlumat yer alır və bildirilir ki, “Vaqnerin ordusu” haqda informasiyaların KİV-lərə sızmasından sonra Müdafiə Nazirliyi Molkinodakı düşərgəni başqa yerlərə, məsələn, Tacikistana, Dağlıq Qarabağa və ya Abxaziyaya köçürməyi nəzərdən keçirir. Müdafiə Nazirliyindəki mənbə deyib ki, istənilən halda “Vaqnerin ordusu”nu ləğv etməyəcəklər. Böyük ehtimalla, başqa ölkələrə müdaxilə zamanı məxfi xüsusi təyinatlı hərbi birləşmələrdən istifadə edilməsi Rusiyanın digər ölkələrdəki eksponsionist siyasətini gizlətməyə xidmət edir. Ona görə də Rusiyanın Suriyada, Ukraynada verdiyi itkilərin rəsmi statistikası yoxdur.

Politoloq Qabil Hüseynli hesab edir ki, “Vaqnerin ordusu” dövlətin nəzarətindən kənar, ayrı-ayrı şəxslərin himayəsində olan quldur dəstələridir. Belə dəstələr dövlət büdcəsi hesabına deyil, müxtəlif imkanlı iş adamları vasitəsilə maliyyələşdirilir:

“Burada həqiqətdən çox blef var. Çünki Rusiyada insan resurslarının bu dəstələrin formalaşdırılması üçün kifayət etdiyi qənaətində deyiləm. İkincisi, bu, ordu peşəkarlıq baxımından ABŞ-ın dəniz piyadaları qüvvələrinə, yaxud Türkiyənin “Bordo berelilər” adlanan xüsusi təyinatlılarına çata bilməz. Bu, ordu quruculuğu prosesində görünməmiş bir hadisədir. Rusiyanın bu hərəkəti beynəlxalq konvensiyalara uyğun olaraq götürdüyü öhdəliklərin pozulması deməkdir. Adi Silahların və Silahlı Qüvvələrin Saxlanılmasına dair Beynəlxalq Konvensiyanın cinah sazişinə görə, hər bir ölkə, o cümlədən, Rusiya qoşun növlərinin saxlanılması üçün kvotaya malikdir. Həmin konvensiya həm də silahlı qüvvələrin təşkilinin qaydalarını müəyyənləşdirir.

Rusiya isə orta əsrlərdə olduğu kimi dəniz quldur dəstələri yaradır, yoxsa, peşəkar ordu formalaşdırır, məlum deyil. Hər halda burada blef daha çoxdur. Ona görə də deyilənlərin çoxunu həyata keçirmək mümkün olmayacaq”.

Qabil Hüseynlinin sözlərinə görə, “Vaqnerin ordusu”nun Dağlıq Qarabağa gətirilməsi barədə məlumat Rusiyanın hiyləgər planının olmasından xəbər verir:

“Rusiya sülhməramlı qüvvələr adı altında Dağlıq Qarabağa qoşun yeritmək istəyir. Halbuki Rusiya sülhyaratma prosesinə məsul dövlətlərdən biridir. Belə quldur dəstələri yaradıb onları Dağlıq Qarabağa yerləşdirmək Azərbaycana qarşı meydan oxumaq deməkdir. Bu, Azərbaycanın qanunlarının və konstitusiyasının pozulmasıdır. Həmin hərbi qruplaşmanın dağlıq Qarabağa gətirilməsi Stepan Razinin qaçaq-quldur dəstəsi kimi talan və qrığınla məşğul ola bilər. Onların Qarabağa gətirilməsi mümkündür, amma burada siyasi blef daha çoxdur”.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları