Yuxarı

Gürcüstanda seçki: Şovinist meyllərə meydan veriləcəkmi?

Gürcüstanda seçki: Şovinist meyllərə meydan veriləcəkmi?

Qonşu Gürcüstanda rəsmən parlament seçkiləri başlamasa da, artıq qeyri-rəsmi olaraq siyasi blok və qruplaşmalar fəaliyyətə başlayıb.

Cebhe.info xəbər verir ki, Gürcüstan azərbaycanlıları siyasi cəbhələşmədə ancaq fərdi şəkildə iştirak ediblər. Təbii ki, bunun obyektiv səbəblərindən başqa subyektiv səbəbləri də var. Bütün fəaliyyəti boyu Gürcüstanı monodövlət kimi görmək istəyən, qeyri-gürcülərə, xüsusən də, azərbaycanlılara qarşı fəaliyyəti, təbliğatı və çıxışları ilə tanınan bəzi şəxslərin yenidən hakimiyyətə gəlmək arzusu təsadüfi sayıla bilməz. Həmin dövrdə şovinist ideyaların daşıyıcıları zaman keçsə də, səsləndirdikləri çıxış və fikirlərində dəyişiklik etmədilər.

Görünür, son illərdə baş verən demokratik islahatlar və Avropaya doğru addımlar, xüsusən də, Gürcüstan azərbaycanlılarının məskunlaşma faktorlarının güclənməsi bəzi siyasi qüvvələri o qədər narahat edib ki, siyasi kartlarını açıq oynamağa başlayıblar. Azərbaycanlılar yaşayan regionda şovinist çıxışların güclənməsi əslində hadisələrin təkrarlanmasına xidmət etmək cəhdi olsa da, qorxulu məqam odur ki, bu adamların təxribat və qızışdırmaları nəticəsində Gürcüstan azərbaycanlıları milliyyətçi və separatçı qüvvələrlə üz-üzə qala bilər. Belə bir şəraitdə azərbaycanlı namizədlərə də təzyiqlərin olması gündəmdədir.

Mövzu ilə əlaqədar "Borçalı” cəmiyyətinin sədri Zəlimxan Məmmədli deyir ki, belə bir meylin olması həqiqətdir. O bildirib ki, azərbaycanlı namizədlərə təzyiqlər ola bilər:

"Gürcüstanda soydaşlarımızla bağlı yeni bir mərhələ başlayır. Azərbaycanlı namizədlərə təzyiq ola bilər, bəlkə birinci seçkidir ki, ümumi götürəndə soydaşlarımız siyasi təfəkkürlə, yeni düşüncə ilə demokratik, dünyəvi tərəflərə uyğun davranışla seçki texnologiyasını mənimsəyib və seçki kampaniyasını da elə aparırlar. Təbii ki, seçki prosesində aqressiv davranış da ola bilər və rəqiblər  qara PR-dan istifadə edə bilər. Amma mən onu milli məsələ səviyyəsində dəyərləndirməyin əleyhinəyəm. Epizodik bir haldır, əlbəyaxa dava da olub, biri-birilərini təhqir də ediblər. Bunlar arzuolunan olmasa da, seçkidə elə şeylər da gözlənilən olur. Yəni, bizim iradədən asılı olmayaraq. Onu gürcü şovinizmi və yaxud da bir etnik ayrımçılıq kimi təqdim etməyin əleyhinəyəm. Amma, ümumiyyətlə götürəndə mənfi bir meyl var. Bu meylin arxasında hansı qüvvələr durur, hansı qruplaşmalar durur, hansı dövlətlər durur bu tamam başqa bir mövzudur. Belə bir meylin olması bir həqiqətdir. Azərbaycanlıların Saakaşvilini dəstəklədiyi haqda deyilənlər birmənalı deyil. Çünki çoxvektorlu seçki blokları qeydə alınıb, namizədlər çoxdu, ayrı-ayrı bloklarda təmsil olunan insanlar çoxdur. Təbii ki, rəqabətin indiki iqtidarla Saakaşvilinin komandası arasında getdiyi də bir həqiqətdir”.

Əslən Borçalıdan olan ziyalı Kərəm Məmmədli isə bildirib ki, milli qarşıdurma yaratmaq baxımında həmişə bu təxribatlar olub. Belə hallar ilk növbədə Gürcüstan dövləti üçün ziyandır:

"İstənilən halda, Borçalıda yaşayan azərbaycanlıların Gürcüstan qanunvericiliyinə görə azad seçkidə iştirak etmək və istədikləri namizədə səs vermək hüquqları var. Müxtəlif konvensiyalara qoşulmuş Gürcüstan dövləti də təbii ki, bu qaydalara riayət etmək məcburiyyətindədir. O ki qaldı partiyalararası ixtilaflar, şovinizm yüklənməsi, borçalılardan heç kim istəməzdi ki, milli zəminə doğru yönəldilsin. Daha çox partiyalarası sağlam rəqabəti üstün bilirəm, nəinki şovinizmin güclənməsini. Bugünki seçkilərə gedən azərbaycanlıların da hamısına uğur diləyirəm. İş burasındadır ki, orada namizədlər milli mənsubiyyətə görə yox, müxtəlif siyasi partiyalarla seçkilərə gedirlər. Xüsusilə son vaxtlar türk iş adamlarına dükanlarının dağıdılması kimi provakasiyalar var. Həmişə bu təxribatlar olub. 1989-cu ildə biz bunların real şahidi olduq, 1991-ci ilədək də davam etdi. Hər halda, Gürcüstan dövlət orqanları nəzərə almalıdır ki, hazırda regionda faktiki olaraq, iki strateji müttəfiqi var: sağındakı Türkiyə, solundakı Azərbaycan. Ona görə Gürcüstan dövləti təbii ki, bunu nəzərə almalıdır. Hər hansı milli qarşıdurmaya gedilməsi birinci növbədə Gürcütanın özünə ziyandır.”

Yeddi Dövlət – Bir Millət Konseyinin Başqanı Azər Həsrətin sözlərinə görə, azərbaycanlıların orada hansısa iddialar ortaya qoyması bəzilərini qıcıqlandırır və bütün dövrlərdə onlar azərbaycanlılara qarşı belə mənfi münasibət bəsləyiblər:

"Gürcüstanda bütün seçki dövrlərində müşahidə etdiyimiz bir hal indi də təkrarlanıb, orada azərbaycanlı namizədlərin biri-birinə güzəştə getməməsi, qüvvələri təmərküzləşdirir, vahid namizədlər ətrafında birləşməməsi, bu da nəticədə məğlubiyyətə gətirib çıxarır. Bu məsələnin bir tərəfi. İkinci tərəfdən isə, Gürcüstan elə bir dövlətdir ki, xüsusən də gürcülər özləri üçün çalışıblar, hər şeyi əldə etmək istəyiblər. Ona görə də, azərbaycanlıların orada hansısa iddialar ortaya qoyması onları qıcıqlandırır və bütün dövrlərdə onlar azərbaycanlılara qarşı belə mənfi münasibət bəsləyiblər. Azərbaycanlılara meydan verməməyə çalışıblar. İndi də həmin hal baş verir. Təbii ki, bu arzuolunan hal deyil, təəssüfləndiricidir. Üstəlik də nəzərə alsaq ki, Gürcüstan guya Avropa, dünya dəyərlərinə uyğun bir dövlət quruculuğu yolu tutub, amma görürsünüz ki, azərbaycanlılara münasibətdə heç də dünya dəyərləri demək deyil. Yəni faktiki olaraq, onlar Avropa, quruculuq yolunda iddia etsələr də, reallıqda bu belə deyil. Azərbaycanlılara qarşı ayrı-seçkilik müşahidə edilməkdədir. Bu da təbiidir ki, təəssüfvericidir. Digər bir tərəfdən, Azərbaycan dövləti Gürcüstan dövlətinə öz kömək əlini uzatıb. Gürcüstanın ən çətin günlərində onun yanında olan tək dövlət Azərbaycan olub, Gürcüstanı ən çətin anlarda vəziyyətdən çıxarıb. Təəssüflər olsun ki, Gürcüstanda bir çoxları bunu anlamır, anlamaq istəmir və əllərindən gələni edirlər ki, Azərbaycanla, azərbaycanlılarla münasibətlər korlansın. Mən ümid etmək istərdim ki, Gürcüstanda ağlı başında olan, Azərbaycanın gerçək dəyərini düzgün qiymətləndirən gürcü siyasət adamları önə çıxsınlar və bu cür təxribatçıların qarşısına keçsinlər. Yəni biz arzu etməzdik ki, azərbaycanlılarla gürcülər arasında xoşagəlməz hallar yaşansın, azərbaycanlılar o dövlətin vətəndaşları olaraq, özlərini küncə sıxılmış hiss etsinlər”.

Məcid Həsənli





Həftənin ən çox oxunanları