Yuxarı

Klintonun qorxulu kürd planı

Klintonun qorxulu kürd planı

Xanım siyasətçinin fikirləri Türkiyədə narahatlıqla izlənilir ABŞ prezidentliyinə namizəd Hillari Klintonun PKK-nın Suriya qolu PYD-yə silah yardımının lazım olmasına dair bəyanatı Türkiyənin kəskin narazılığına səbəb olub. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bunun terrorizmə dəstək olduğunu bildirib. Nazir qeyd edib ki, əgər PKK, PYD və YPG-yə silah yardımı edilsə, bu, ABŞ-ı terroru dəstəkləyən dövlətə çevirəcək. Klintonun kürd strategiyası Hələ prezident seçkisinin ilkin təbliğat mərhələsində Klintonla yanaşı PKK və Yaxın Şərqdəki digər silahlı kürd qruplaşmalarına hərbi yardım məsələsini digər namizədlər də gündəmə gətirmişdilər. Respublikaçılar və Demokratlar Partiyalarının namizədlərinin əsas ortaq nöqtəsi də iqtidara gəldikdən sonra kürdlərə birbaşa silahlı yardımın edilməsi ilə bağlıdır. Lakin xanım namizədin məsələyə baxışı daha sərt və aqressivdir. Klinton seçicilərinin qarşısında çıxışı zamanı Suriya ilə yanaşı İraqdakı kürdlərin də silahlandırılmasını gündəmə gətirdi. O, qeyd etdi ki, anti-İŞİD koalisiyası kürdlərin silahlandırılması işi ilə məşğul olmalıdır. Bununla bağlı Konqresin Beynəlxalq Münasibətlər Komitəsinə hərəkət planını da təqdim edib. “Kürdlər İŞİD-ə qarşı mübarizədə koalisiya qüvvələrinin əsas portnyoru olmalıdır. Türkiyə də Suriyada İŞİD əvəzinə kürdlərin yaşadığı bölgələrə etdiyi hücumları dayandırmalıdır”, - deyə Klinton plan haqqında qeyd edib. Barak Obamanın Suriyaya yönəlik “yumşaq güc” siyasətini tənqid edən Hillari Klinton bu ölkəyə hərbi müdaxilənin ən doğru qərar olduğunu müdafiə edir. ABŞ-da İŞİD və Əsəd ordusuna qarşı hava hücumlarının təşkil olunmasını da ilk gündəmə gətirən Hillari idi. Onun İŞİD və Bəşər Əsədlə mübarizəsinin təməl prinsipləri bunlardır: İraq, Suriya və Yaxın Şərqdən İŞİD-i çıxarmaq; Qlobal terrorizmlə mübarizə; ABŞ-ın bölgədəki müttəfiqlərinə, o cümlədən kürdlərə silahlı yardım etmək. Təsadüf deyil ki, Corc Buş dönəmində icrasına başlanılmış “Qlobal terrorizmlə mübarizə” strategiyası əsasında NATO və Pentaqonun Liviya, İraq, Əfqanıstan və digər dövlətlərə hərbi müdaxiləsinə imza atan ilk diplomatlardan biri də Hillari Klinton idi. O, Müəmmar Qəddafini hakimiyyətdən uzaqlaşdırmaq planının öz səhvi olduğunu gizlətmək üçün son anda NATO-nun əməliyyatlarına “yaşıl işıq” yandıran şəxsdir. Türkiyə çətin vəziyyətdə ABŞ-ın İraq işğalı ərəfəsində Ağ Ev Şimali İraqda kürdlərə muxtariyyət verilməsinə nail oldu. Həmin planın müəllifi də Hillari Klinton idi. Suriyada savaş başlayan kimi dövlət katibi olan Klinton Suriyada da kürdlərə muxtariyyətin verilməsi məsələsini gündəmə gətirdi. Bu baxımdan Barak Obamadan sonra ABŞ-ın Suriyaya müdaxiləsinin reallaşacağı gözləniləndir. Bu, həmçinin Şimali Suriyada öz muxtariyyətlərini elan etmiş kürdlərin qurduqları iqtidarlarının legitimləşdirilməsi yönündə Ağ Evin fəaliyyətini gücləndirəcəyi də deməkdir. Türkiyənin işi bu zaman çətinləşəcək. Çünki bu zaman İŞİD-lə yanaşı ABŞ-dan silah yardımı alacaq PYD və YPG ilə də mübarizə aparmalı olacaq. Nəzərə alsaq ki, Türkiyənin cənub bölgələrində yaşayan kürdlərin də Şimali Suriya ilə geniş əlaqələri var, demək ki, Hillari Klintonun hakimiyyəti dönəmində Suriyada cərəyan edən proseslərin Türkiyə ərazilərinə sıçramasının da şahidi ola bilərik. “Kürd dəhlizi” planı PKK, YPG və PYD-yə silahlı dəstək Hillari Klintonun Suriya planının əsas hissəsini təşkil edir. O, mütəmadi olaraq, Suriyada uçuşa qadağan zonanın yaradılması, Bəşər Əsədə qarşı döyüşən Suriya Azadlıq Ordusu, o cümlədən PYD-nin silahlandırılmasının vacibliyindən danışır. Dəfələrlə bu məsələyə münasibətində Obama adiministrasiyasını sərt formada tənqid edib. Hillari Klintonun qənaətinə görə, Obama Suriya məsələsinə səthi yanaşır və suriyalı müxalifləri Əsəd qarşısında gücləndirməkdə maraqlı deyil. Prezident seçildikdən sonra Hillari Klintonun yürüdəcəyi Suriya siyasəti Türkiyənin maraqlarını əks etdirməyə bilər. Çünki Suriyada İŞİD və Əsəd güclərinə qarşı mübarizə aparan Türkiyə eyni zamanda PYD və YPG güclərinin Şimali Suriyada “kürd dəhlizi” yaratmaq planının qarşısını almaq üçün də çalışır. PYD-ni isə ABŞ dəstəkləyir. Əgər Klinton prezident seçilsə, yardım daha genişlənəcək. Şimali Suriyada (Türkiyə sərhədlərində) “kürd dəhlizi” qurmaq Hillari Klintonun Suriya strategiyasının əsasını təşkil edir. Barak Obamanın hakimiyyəti dönəmində PYD və YPG-yə bu planı həyata keçirmək üçün verilən praktiki dəstək az oldu. Klinton isə məsəyə daha yaxın olacağına söz verib. Türkiyə Suriyada İŞİD əməliyyatlarına başlamayana qədər ABŞ və PYD rahat şəkildə planlarını həyata keçirirdi. Lakin Türkiyənin Suriyaya girməsi və Şimali Suriyaya nəzarəti ələ alması situasiyanı dəyişdi. ABŞ başa düşürdü ki, türk ordusu Suriyaya girəcəyi halda PYD-nin manevr imkanları olmayacaq, buna görə də əməliyyatlara qarşı çıxırdı. Düzdür, Obama buna o qədər də ciddi yanaşmasa da gələcək hakimiyyət dönəmi üçün hərəkət planını əlində hazır tutan Hillari Klintonun buna reaksiyası sərt oldu. Rojavada ABŞ hərbi bazası Klintonun planına görə, Şimali Suriya kürdlərinə muxtariyyət verilməlidir. Belə bir muxtariyyət Türkiyəni təhdid altında saxlayacaq. Çünki bu, həyata keçəcəyi halda Şimali Suriyadakı kürdlər Türkiyənin sərhəd regionlarında yaşayan kürdlərlə birbaşa əlaqələrini təmin etməklə yanaşı Aralıq dənizinə birbaşa çıxmaq imkanı əldə edəcəklər. Üstəgəl Klintonun Rojavada hərbi baza yaratmaq planı düşünməsi də Türkiyənin narahatlığını artırmalıdır. Türkiyənin Cənub sərhədləri yaxınlığında - Suriyanın şimalında (Rojava) regional “kürd dövləti” yaratmaq Klintonun Suriya strategiyasına daxil olan məsələdir. Həmin bölgə ABŞ-ın Suriyada hərbi varlığını təmin etməlidir. Şübhəsiz ki, regionun enerji resurslarının Rojava üzərindən rahatlıqla Aralıq dənizinə, oradan da Avropa bazarlarına çıxarılması məsələsi yer alır. Nəzərə alsaq ki, Rusiyanın Suriyada hərbi bazaları və Moskvanın dəstəyi nəticəsində Bəşər Əsəd hakimiyyətini davam etdirir, demək ki, Rojava həmçinin ABŞ-ın siyasi planlarını həyata keçirmək üçün mərkəz funksiyasını da yerinə yetirməlidir. Klintonun kürd məsələsini gündəmə gətirməsinin digər səbəbi Türkiyənin Əsədlə bağlı elan etdiyi yeni strategiyadır. Məlumdur ki, Rusiya və Türkiyə arasında Suriya anlaşması əldə olunub. Anlaşmaya görə, Türkiyə Bəşər Əsədin hakimiyyətdən getməsini tələb etməyəcək və ona qarşı apardığı silahlı mübarizəni dayandıracaq. Bu, ABŞ-ın maraqlarını əks etdirmir. Nəticədə də Türkiyəyə təsir etmək məqsədilə Klinton “kürd kartı” məsələsini işə salıb. O, hesab edə bilər ki, bununla Türkiyə və Rusiya arasında olmuş anlaşmanı pozacaq və Ankaranı yenidən Dəməşqə qarşı çevirə biləcək. Digər yandan da Türkiyəni əlində saxlamaq üçün təzyiq vasitəsi kimi “kürd kartı”nı digər əlində hazır vəziyyətdə saxlayacaq. Təzyiq vasitəsi PYD məsələsi Türkiyə və Rusiya arasında təyyarə böhranına qədər Ankara və Vaşinqton arasında olan bir problem idi. Türkiyə sərhədlərini pozan rus təyyarəsini vurduqdan sonra Rusiya və Türkiyə arasında problemə çevrildi. Lakin Türkiyə - Rusiya münasibətləri qaydasına düşdükdən sonra ABŞ - Türkiyə problemi oldu. Görünən budur ki, Suriya savaşında iştirak edən qlobal güclər PYD, yaxud PKK məsələsindən Türkiyəyə təzyiq vasitəsi kimi istifadə edir. Təsadüf deyil ki, təyyarə böhranı dönəmində Suriyadakı Rusiya hərbi birləşmələri PYD və YPG-yə lazım olan hərbi dəstəyi təmin etdilər. Hətta kürdlərin türkmən bölgələrinə hücumlarında da rus hərbi birləşmələri bir sıra əməliyyatları həyata keçirdilər. Lakin prezidentlər Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasındakı Sankt-Peterburqda anlaşma əldə edildikdən sonra Rusiya Şimali Suriyadan geri çəkildi. “Kart” əl dəyişdirdi və Klinton Ağ Evin adından “kart”ı masaya atdı. Mənsur Rəğbətoğlu  





Həftənin ən çox oxunanları