Yuxarı

ABŞ-Rusiya müharibəsi başlayır

ABŞ-Rusiya müharibəsi başlayır

Barak Obamaya Suriyaya raket zərbələri endirilməsi təklif edildi Türkiyə-Rusiya yaxınlaşmasına Suriya prezidenti Bəşər Əsəddən dəstək gəlib. Xəbər verildiyi kimi, “Komsomolskaya pravda”ya müsahibəsində Bəşər Əsəd iki ölkənin yaxınlaşmasını belə dəyərləndirib: “Rus-türk yaxınlaşmasına pozitiv yanaşıram. Rusiya öz siyasətini beynəlxalq hüquqa əsasən qurur. Başqa ölkələrin suverenliyinə hörmət edir və bütün dünyada yayılan terrorizmə qarşı çıxır. Türkiyə tərəfi isə Suriyanın suverenliyinə hörmət etmir və terrorçuları dəstəkləyir. Bu yaxınlaşmada bizim yeganə ümidimiz odur ki, Rusiya tərəfi Türkiyənin siyasətini dəyişəcək. Mənə elə gəlir ki, indi rusiyalı siyasətçilərin əsas işi Türkiyə tərəfinin Suriyaya vurduğu ziyanları azaltmaqdan ibarətdir. Ümid edirəm ki, Türkiyə sərhədlərindən keçərək terrorçulara gələn maliyyə yardımı da kəsiləcək. Rusiya hökumətinin müdrikliyidir ki, türk xalqı ilə yaxşı əlaqələr istəyirlər. Bu, tamamilə doğrudur”. Ancaq rəsmi Ankaranın Moskva ilə yaxınlaşması Türkiyəyə “Fərat qalxanı” əməliyyatını həyata keçirməyə imkan yaratsa da tərəflərin Suriya böhranına münasibətdə fikir ayrılığı qalır. Hələb şəhərinin mühasirəsini tamamlamağa və strateji əhəmiyyət daşıyan bu məkanı ələ keçirməyə çalışan Kreml Türkiyənin Suriya müxalifətinə dəstəyini geri çəkməsini istəyir. Türkiyənin isə hazırda Hələb məsələsində güzəştə getmək fikri müşahidə olunmur. Rusiyanın xarici işlər naziri Sergey Lavrov dünən ölkəsinin Hələbi tutub Əsəd hökumətinə təhvil verməyə və Suriyada yeni müharibə ssenarilərini gerşəkləşdirməyə hazırlaşmadığını deyib. Diplomatın bu açıqlaması Hələblə bağlı müzakirələrdə Rusiyanın Türkiyəyə güzəşti kimi anlaşıla bilər. Bununla yanaşı, Ərdoğan hakimiyyəti Rusiyanın Yaxın Şərqdə geosiyasi mövqe qazanmasına razılaşır. Suriyanın Aralıq dənizi sahilində “S-300” və “S-400” raketdən müdafiə kompleksləri yerləşdirməsinə Ankara etiraz etmir. Ancaq bu, hələ Türkiyənin Bəşər Əsədin hakimiyyətdə qalmasına dəstək verəcəyi anlamına gəlmir. Türkiyə son aylar Əsəd rejiminin devrilməsi tələblərini az dilə gətirsə də Ankaranın Suriyada real güc mərkəzinə çevrilməsi Suriyada hakimiyyət dəyişikliyi planında mövqeyinin fəallaşması ilə nəticələnə bilər. Bu gün İsveçrənin Lozanna şəhərində Suriya böhranının həllinə dair danışıqlarda Türkiyə də iştirak edəcək. Türkiyənin eyni zamanda, Suriyanın şimal ərazilərinə nəzarəti ələ alması Ərdoğan iqtidarına Əsəd rejiminin gələcək taleyi ilə bağlı tələblərini diplomatik müstəvidə qəbul etdirmək imkanı yaradır. Ancaq Suriya ətrafında böyük güclərin geosiyasi savaşının dərinləşməsi bu danışıqların asanlıqla nəticə verəcəyini şübhə altına alır. Dünən Rusiya prezidenti Vladimir Putin Rusiya hərbi hava qüvvələrinin Suriyada yerləşdirilməsinə dair Suriya hökuməti ilə imzalanmış müqavilənin ratifikasiya olunmuş mətnini təsdiqləyib. Bu, saziş icarə haqqı ödəmədən  Rusiya hərbi hava qüvvələrinin və raket sistemlərinin Suriyada yerləşdirilməsini nəzərdə tutur. Oktyabrın 14-də isə ABŞ prezidentinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə müşaviri, dövlət başçısı Barak Obamaya Suriyanın hərbi obyektlərinə raket zərbələri endirmək barədə təklif təqdim edəcək. Amerikalı məmurlar hesab edirlər ki, Suriyanın mülayim müxalifətinə, həmçinin türk, kürd, ərəb müttəfiqlərə terrorla mübarizədə dəstəyi saxlamaq üçün daha qətiyyətli tədbirlər görmək lazımdır. Zərbələrin Suriyanın hərbi bazalarına, silah anbarlarına və radiolakasiya stansiyalarına endirilməsi nəzərdə tutulur. Eyni zamanda, Suriya müxalifətinə daha müasir silahların verilməsi təklif edilir. Əgər ABŞ prezidenti qeyd edilən təklifləri imzalasa, bu Lozanna danışıqlarının pozulması, Yaxın Şərqdə ABŞ və Rusiya arasında qarşıdurmanın dərinləşməsi ilə nəticələnə bilər. Türkiyə hazırki mərhələdə Rusiyanın yanında görünür. Ancaq ABŞ Suriyada hərbi əməliyyatlara başlasa, Türkiyə Əsədin hakimiyyətdən salınması planına dəstək verəcək. Artıq Mosulun İŞİD-dən azad edilməsi ilə bağlı Türkiyə, İraq və ABŞ-la anlaşmaya gələ bilib. Mosulun azad olunmasında Türkiyə silahlı qüvvələri birbaşa iştirak etməyəcək. Əvəzində hücuma türk hərbçilərinin Mosulda təlim keçdiyi yerli qüvvələr qoşulacaq. Onlara da komandanlığı türk hərbçiləri edir. Müşfiq Abdulla





Həftənin ən çox oxunanları