Yuxarı

İŞİD Qafqaza keçir?

İŞİD Qafqaza keçir?

Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov İŞİD və “ən-Nüsra” terror təşkilatlarının Qafqazda fəaliyyətlərini genişləndirdiklərini bildirib. Bortnikov qeyd edib ki, MDB-nin sərhədində yerləşən Əfqanıstan və Yaxın Şərq regionunda vəziyyət narahatlıq yaradır: “İŞİD, “ən-Nüsra” kimi terror təşkilatlarının genişlənməsi bu günün reallığıdır. MDB-yə üzv və digər ölkələr üçün ən böyük təhdid mühacir terrorçuların çıxdıqları ölkələrə geri qayıtması və bu ölkələrdə aktivləşməsidir. Son vaxtlar biz Yaxın Şərq ölkələrini zəbt etmiş terror təşkilatları rəhbərlərinin öz fəaliyyətlərini Şimali Qafqaz regionunda genişləndirmək istəmələri barədə sənədlər əldə etmişik”. Keçən il Rusiya prezidenti Vladimir Putin MDB-ni İŞİD-lə mübarizəyə çağırdı. Putin İŞİD-in Rusiya kimi digər bölgə dövlətlərinin də təhlükəsizliyinə ciddi təhdid olduğunu diqqətə çatdırdı. O qeyd etdi ki, İŞİD-in MDB və Rusiyaya qarşı hücuma hazırlaşır. Qafqazda terrorun yeni səhifəsi 2015-ci ilin iyun ayında İŞİD Şimali Qafqazı özünün “əmirliyi” elan etdi. Təşkilat bölgənin beyət etdiyini açıqladı. İŞİD-in bəyanatında bildirildi ki, artıq Çeçenistan, Dağıstan, İnquşetiya, Kabardin-Balkar və Qaraçay-Çərkəz bölgələri artıq “İslam Dövlət”inə tabe olublar. “Əbu Məhəmməd əl-Qədəri” ləqəbli çeçen Rüstəm Əsildarov “Qafqaz əmirliyi”nin yeni lideri təyin olundu. Şimali Qafqazda vəhabi-sələfi və radikal islam militarizminin əsası hələ 1990-cı illərdə Çeçenistan - Rusiya müharibəsində qoyulmuşdu. Həmin vaxt çeçenlər Rusiya ilə savaşa “cihad” donu geyindirmişdilər. Savaşın davam etdiyi vaxt yaradılmış “Qafqaz Əmirliyi” Təşkilatı sonrakı illərdə də “cihad”ı davam etdirdi. Lakin uğura nail ola bilmədi. 2012-ci ilin əvvəlindən İŞİD Suriya müharibəsində boya göstərməyə başlayan kimi təşkilat yenidən özünü formalaşdırmağa başladı. “Qafqa Əmirliyi” İŞİD-ə beyət etməsiylə Azərbaycanın da daxil olduğu Qafqaz bölgəsində qlobal terrorizmin yeni səhifəsi açıldı. Çeçen “cihadçıların” lideri Əmir Həmzətin Əbu Bəkr əl-Bağdadiyə beyət etməsi isə İŞİD-in bölgədəki nüfuzunu daha da geinləşləndirdi. Çünki o, “Qafqaz Əmirliyi”nin və Şimali Qafqazdakı radikal dindarların lideri sayılan bir şəxs idi. Beləliklə təşkilat İŞİD-in Qafqaz qolu funksiyasını yerinə yetirməyə başladı. Bu həmçinin Şimali Qafqazın “Qaidə” terror şəbəkəsinə daha da yaxınlaşması demək idi. Bağdadinin“qartal yuvası” İŞİD Suriya və İraqda apardığı döyüşlərdə də Şimali Qafqazdan, xüsusilə Çeçenistandan olan militanlarına xüsusi önəm verir. Təsadüf deyildi ki, Bağdadidən sonra “İslam Dövləti”nin ikinci şəxsi sayılacaq şəxslərdən biri olan Ömər Şişani çeçen idi. Bağdadi Qafqazı İŞİD-in “qartal yuvası” adlandırır. Çünki təşkilatın ən peşəkar döyüşçülərini də qafqazlılar təşkil edir. İŞİD-in “Qafqaz əmirliyi”nin qurulması Rusiyaya qarşı açılmış cəbhə idi. Çünki “İslam Dövləti” rəhbərliyi bölgədəki fəaliyyətini Çeçenistan - Rusiya savaşının davamı kimi təqdim edir. Təsadüf deyildi ki, İŞİD Rusiya işğalına qarşı mübarizənin liderlərindən biri Doku Umarovun ölümündən sonra Şimali Qafqazda peyda oldu. Əlbəttə, Kreml bunu başa düşürdü, buna görə 2015-ci ilin sentyabrından Suriyada İŞİD-ə qarşı hərbi əməliyyatlara başladı. Üstəgəl Rusiya FTB-si Şimali Qafqazda təhlükəsizlik tədbirlərini gücləndirdi və qüvvələrinin sayını artırdı. “Əmirliyin” qabaqda gələn bir sıra adları aradan götürüldü, o cümlədən Şişani Suriyada öldürüldü. Rusiyanı çökdürmək planı Rusiya təhlükəsizlik orqanlarının hesabatlarına görə, Rusiyadan İŞİD, “ən-Nüsra”, o cümlədən Suriya və İraqdakı digər “Qaidə” şəbəkəsinə bağlı terror təşkilatlarının sıralarında 5 minə yaxın federasiya vətəndaşı döyüşür. Şübhəsiz ki, Rusiya vətəndaşlarının İŞİD sıralarında cəlb olunmaları planlı şəkildədir. Çünki Rusiya siyasi dairələrinin qənaətinə görə, İŞİD Rusiyanı çökdürmək üçün ABŞ Dövlət Departamentinin yaratdığı proyektdir. Suriya həmin dairələrə görə, Rusiyaya qarşı peşəkar terrorçu döyüşçülərin yetişdirilməsi mərkəzidir. İddiaya görə, son vaxtlar Suriya və İraqdakı sıraları tədricən azalan İŞİD tədricən Rusiya ərazilərində özünə yer tapmağa başlayıb. İŞİD-in ikinci danışıq dili İŞİD döyüşçülərinin əksəriyyəti keçmiş Sovet respublikaları olan müsəlman ölkələridir. Azərbaycan, Özbəkistan, Qazaxıstan, Türkmənistan və Qırğızıstandan minlərlə insan “İslam Dövləti” adına cihadlarda iştirak edirlər. Qafqaz və Orta Asiyadan ümumilikdə 20 minə yaxın insanın “İslam Dövlət”inə qoşulduğu iddia olunur. Təsadüf deyil ki, İŞİD sıralarında döyüşən orta asiyalı və qafqazlı militanların ortaq dili rus dilidir. Bu, həmçinin İŞİD-in ərəb dilindən sonra ikinci danışıq dilidir. 5 illik plan və Azərbaycan Nəzərə alsaq ki, İŞİD Azərbaycanı öz “əmirliyi” elan edib, deməli, terror təşkilatının bölgədə möhkəmlənməsi Azərbaycanı ciddi narahat etməlidir. Təsadüf deyil ki, keçən il “İslam Dövləti” yayımladığı “xəritə”də Azərbaycan “Qafqaz əyaləti”nin bir hissəsi olaraq, göstərilir. Xəritə İŞİD-in qarşıdakı 5 illik planını nəzərdə tutur. Rusiya KİV-lərində yayılan məlumatlara görə, tədricən Suriya və İraqdan çıxarılan İŞİD-in Orta Asiya, Şimali Qafqaz və Azərbaycana göndərilməsi planlaşdırılır. Mənbələr bu bölgələri İŞİD-in gələcəkdəki potensial düşərgələri kimi təqdim edirlər. Rusiyada nəşr olunan “Pravda” qəzeti yaxın gələcəkdə İŞİD-in Türkiyə, Rusiya və Kiprlə yanaşı Azərbaycana girməyi planlaşdırdığını diqqətə çatdırıb. Qəzet bununla bağlı təşkilatın “yol xəritəsi”nin olduğunu bildirib. Nəzərə alsaq ki, hələ də Dağıstan meşələrində mövcudiyyətlərini qoruyan çeçen döyüşçüləri İŞİD-ə beyət ediblər, regionda İŞİD təhlükəsini daha da aktuallaşdırır. Mənsur  





Həftənin ən çox oxunanları