Yuxarı

“Rus NATO”sunda çat dərinləşir

“Rus NATO”sunda çat dərinləşir

Erməni generalının yolunu kəsən müəmma Mübariz Əhmədoğlu: “Rusiyalı generallardan biri təşkilatın baş katibi seçiləcək” Arzu Nağıyev: “Üzv dövlətlər yaranmış narazılığı aradan qaldırmağa çalışacaqlar” Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Ermənistanın paytaxtı İrəvanda keçirilən iclası maraqlı məqamlarla yadda qaldı. Rotasiya qaydalarına uyğun olaraq, təşkilata rəhbərlik Ermənistana keçməliydi. Lakin bu baş vermədi. Məsələnin müzakirəsi dekabr ayında Sankt-Peterburqa təyin olundu. O vaxta qədər post boş qalacaq. Qaydalara uyğun olduğu halda postun Ermənistana verilməməsi bir neçə amillə izah olunur. İlk növbədə İrəvan sammitində Qırğızıstan, Qazaxıstan və Belarus hökumət başçıları KTMT-nin fəaliyyətindən narazılıqlarını bildirdilər. Qazaxıstan və Qırğızıstan nümayəndələri postun Ermənistana verilməsini dəstəkləməyəcəklərini bildirdikləri halda, Belarus prezidenti Aleksandr Lukaşenko bunu dolayı yolla dilə gətirdi. Rusiya prezidenti Vladimir Putin də bu məsələnin üzərindən səthi keçdi. İclasda Ermənistanı dəstəkləyən yeganə tərəf - İrəvanın nümayəndə heyəti və prezident Serj Sarkisyan idi. Postun İrəvana verilməməsinin pərdəarxası Azərbaycan ərazilərini işğal edən Ermənistanın hərbi bloka rəhbərlik etməsi rəsmi Bakının da narazılığına səbəb olan məqam idi. Belə bir vəziyyətdə də KTMT-yə üzv olan Qırğızıstan, Belarus və Qazaxıstan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın maraqlarını dəstəkləyirlər. Aprel döyüşlərində xüsusilə, Belarus və Qazaxıstan Azərbaycana hər cürə yardım edə biləcəklərini dilə gətirdilər. Hadisələrin sonrakı mərhələsində - KTMT-nin İrəvan sammitinə az qalmış Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Qarabağ münaqişəsi ilə bağlı xüsusi reseptinin, Ermənistan və Azərbaycanı barışdırmaq üçün hazır mexanizmlərinin olduğu bildirildi. Sammitdən əvvəl Nazarbayevin bu məqsədlə də İrəvan və Bakıya səfər edəcəyi bildirildi. Lakin sammitə bir neçə gün qalmış Qazaxıstan başçısının müəmmalı xəstələnməsi xəbərləri yayıldı. Nazarbayevin gözlənilməz xəstəliyi o ehtimalı yaratdı ki, onun hazırladığı həll resepti İrəvan tərəfindən qəbul olunmayıb. Məhz buna görə, Nursultan Nazarbayev sammiti boykot etdi. Orta Asiya dövlətlərinin, o cümlədən, bütün türk dünyasının ağsaqqalı hesab olunan Nazarbayevin bu mövqeyini Qırğızıstan prezidenti Almazbek Atambayev də təkrarladı və postun İrəvana verilməsinin əlehinə çıxış etdi. Lukaşenkonun çıxışında da Ermənistana qarşı soyuq münasibət hiss olundu. KTMT daxilində Azərbaycanla bağlı yaranmış fikir ayrılıqları Ermənistanın ümidlərini puç etdi. Müttəfiqləri Ermənistana qarşı İrəvan sammitindən bir neçə saat sonra Azərbaycan prezidenti İlham Əliyevin Avrasiya İttifaqı ilə bağlı Rusiya KİV-lərinə verdiyi açıqlama xüsusi əhəmiyyət kəsb edirdi. İ.Əliyev Azərbaycanın maraqlarına uyğun olacağı halda Aİ-yə üzvlüyü istisna etmədi. Çıxış mühüm amillərdən xəbər verir. Ehtimal olunur ki, Azərbaycana KTMT, Aİ və Gömrük Birliyinin potensial üzvü baxdığı Rusiya üzvlük qarşılığında rəsmi Bakının irəli sürdüyü şərtləri qəbul etməyə hazırlaşır, bura Dağlıq Qarabağ münaqişəsinin bizim maraqlarımız çərçivəsində həlli də daxildir. Belarus və Qazaxıstanın Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllinə dair Moskva və İrəvana etdiyi təzyiqlər nəticə verməyə başlayıb. İddia olunur ki, Kremlin də dəstəklədiyi “Nazarbayev planı” İrəvan tərəfindən dəstəklənəcəyi halda Azərbaycanın üzvlüyü məsələsi də həllini tapacaq. Ehtimal olunur ki, KTMT-yə baş katibliyin Ermənistana verilməməsi İrəvana təzyiq vasitəsidir, Rusiya da bunda maraqlı tərəfdir. Münaqişənin tezliklə həll planına qarşı çıxan Ermənistan müttəfiqləri tərəfindən sıxışdırılır. Bu təzyiqin davamı kimi KTMT-nin dekabr sammitində baş katibliyin Belarusa veriləcəyi də gələn məlumatlar arasındadır. “Post Rusiyada qalacaq” Politoloq Mübariz Əhmədoğlu “Cümhuriyət”ə bildirib ki, KTMT-yə rəhbərliyin Ermənistana verilməməsində Putin amili mühüm rol oynayır. M.Əhmədoğlunun sözlərinə görə, Vladimir Putin başa düşür ki, Ermənistan 3 illiyə KTMT-yə rəhbərlik etsə, bu Türkiyə və Azərbaycanla münasibətlərdə gərginlik yaşadan amil olacaq : “Putin Sarkisyanı dilə tutdu ki, bu məsələni gündəlikdən çıxartsın və ayrıca müzakirə olunsun. Sarkisyan baş katib üçün 3 nəfərin adını Putinə təqdim etmişdi. Keçmiş müdafiə naziri Seyran Ohanyan, Ermənistan Təhlükəsizlik şurasının rəhbəri Yuri Xaçaturov və keçmiş müdafiə naziri Vaqarşak Arutyunyan bu namizədlər arasındaydı. Lakin Sarkisyan istədiyinə nail ola bilmədi. Bu məsələdə Azərbaycan üçün maraqlı olan bir hadisə də baş verdi. Buna qədər Sarkisyan Putini aldadıb, bir ermənini KTMT-yə baş katib seçilməsinə nail ola bilərdi. İclasın gedişində Qazaxıstanın baş naziri Bakıjtan Saqintayev bildirdi ki, ölkəsi Ermənistanın baş katib olmasına razılıq verməyəcək. Rəsmi Astana tərəfindən bu mövqenin sərgilənəcəyi gözlənilən idi. Türkiyə Nursultan Nazarbayevi türk dünyasının ağsaqqalı elan edib. Nazarbayevin Azərbaycana münasibəti, bizim də ona münasibətimiz bəllidir. Buna görə də Nazarbayev bu addımı atdı”. Atambayevin Azərbaycanı təəccübləndirən çıxışı Mübariz Əhmədoğlu qeyd edib ki, Qırğızıstan prezidenti Almazbek Atambayev də Azərbaycanın mövqeyindən çıxış edir: “Atambayev də Putinə bildirdi ki, Qırğızıstan Ermənistan nümayəndəsinin KTMT-yə baş katib təyin olunmasına razılıq verməyəcək. KTMT-nin qaydalarına görə, əgər üzv dövlətlərdən biri hansısa məsələyə öz narazılığını bildirirsə, bu qəbul olunmur. Nazarbayevin mövqeyi əvvəldən bəlli idi. Amma Almazbek Atambayevin atdığı bu addım adamı vəcdə gətirir. Çünki Atambayevin xarakterində var ki, hansısa dövlətin başçısı ilə görüşəndə onu tərifləsin, xüsusilə, Rusiyanın yanında olanda daha çox Rusiyanı tərifləyir, onun maraqlarından çıxış etdiyini göstərməyə çalışır. Lakin o, Rusiyanın ərazisi olan Ermənistanda və Putinin yanında Ermənistanın, Putinin maraqlarının əleyhinə çıxması təqdirəlayiq haldır. Biz bunu unutmamlıyıq. Üzv dövlətlərin narazılığına görə, Sarkisyan istəklərinə nail olmadı. Hesab edirəm ki, KTMT-nin Sankt Peterburq görüşündə rusiyalı generallardan biri təşkilatın baş katibi seçiləcək”. KTMT daxilində dərinləşən çat Politoloq Arzu Nağıyev “Cümhuriyət”ə deyib ki, Rusiyanın KTMT adına İrəvanda keçirdiyi iclas fiaskoya uğradı. A.Nağıyev bunu təşkilatda təmsil olunan dövlətlər arasındakı narazılıqlarla əlaqələndirib: “Nursultan Nazarbayevin iclasda iştirak etməməsi, Belarus prezidenti Aleksandr Lukaşenonun üzv dövlətlərdən narazılıq etməsi, eyni zamanda üzvlərin müəyyən məsələlərdə ortaq məxrəcə gələ bilməməsi bir daha göstərir ki, KTMT zəif formada təşkil olunmuş qurumdur və daxilində fikir ayrılıqları var. Təşkilatın regionda gedən proseslərə təsir edə bilməməsində də bu görünür. KTMT-nin prinsipi budur ki, əgər üzv dövlətlərdən hansınasa müdaxilə olarsa, bu bütöv birliyə qarşı elan olunmuş müharibə kimi qəbul olunacaq. Amma Ermənistanın Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi işğal etməsi böyük mətləblərdən xəbər verir. Digər yandan, aprel döyüşlərində Belarus və Qazaxıstanın Azərbaycanı müdafiə etmələri KTMT-yə sədrliyin Ermənistana verilməsindən imtina olunmasına təsir edən amildir. Nəticədə baş katiblik postu İrəvana verilmədi. Amma ilin sonuna kimi Sankt-Peterburqda bu məsələyə yenidən qayıdacaqlarını bildirdilər. Düşünürəm ki, bu iki ay ərzində üzv dövlətlər aralarında yaranmış narazılığı aradan qaldırmağın yollarını axtaracaqlar. Yəni, üzvlər arasındakı problem KTMT-yə növbəti baş katibin seçilməsi məsələsini təxirə salır”. Mənsur Rəğbətoğlu  





Həftənin ən çox oxunanları