Yuxarı

İsrail müttəfiq axtarışında

İsrail müttəfiq axtarışında

Yəhudi dövləti üzünü Azərbaycana çevirir 

Netanyahunun Bakı səfərinin pərdəarxası

İsrailin baş naziri Benyamin Netanyahu dekabr ayında Qazaxıstana və Azərbaycana rəsmi səfər edəcək. Bu məlumatı İsrailin Xarici İşlər Nazirliyi də təsdiqləyib. Nazirliyin sözçüsü Emmanuel Naxşon İsraillə Azərbaycan arasında diplomatik və siyasi əlaqələrdən daha çox dostluq münasibətlərinin olduğunu deyib:

“Azərbaycanda xeyli sayda yəhudi yaşayır. Onlar iki ölkə arasında körpü rolunu oynayır. Bizim siyasi əlaqələrimiz yaxşı səviyyədədir. Enerji məsələlərinə dair, hər iki tərəf üçün vacib olan sıx dialoq aparırıq. Digər məsələ regionda təhlükəsizliklə bağlıdır. Hər iki dövlət potensial təhlükəyə malik və qeyri-sabit bölgədə yerləşir ”- E.Naxşon belə deyib. XİN təmsilçisi İsraillə Azərbaycan arasında iqtisadiyyat, turizm və digər sahələrdə əlaqələrin inkişafı üçün yaxşı imkanların olduğunu bildirib.

Əlbəttə, İsrail yəhudi icmasının müsəlman ölkəsi olan Azərbaycanda yüksək dini və milli tolerantlıq şəraitində yaşamasına mühüm əhəmiyyət verir. Amma baş nazir Netanyahunun səfərini zəruri edən daha ciddi strateji məqamlar var. Səfər öncəsi yayılan məlumatlara görə, İsrail vətəndaşlarına Bakı hava limanında viza almaq hüququ verən müqavilənin imzalanacağı gözlənilir.

İsrailin baş nazirinin Azərbaycana səfər edəcəyinə dair xəbər siyasi müşahidəçilərin diqqətini cəlb edib. Çünki Azərbaycanın İsraillə geniş əlaqələrə malik olması bir sıra dövlətlər tərəfindən həssaslıqla qarşılanır. Əgər əvvəlki illərdə Azərbaycan-İsrail əlaqələri bəzi müsəlman ölkələri, xüsusilə də İranın narazılığına səbəb olurdusa, artıq bu siyahıya qeyri-islam dövləti olan Ermənistan da əlavə olunub. Buna səbəb isə İsrailin Azərbaycana müasir silahlar satması ilə bağlıdır. Xatırladaq ki, aprel ayında cəbhənin Qarabağ istiqaməsində baş verən “4 günlük müharibə” zamanı Azərbaycanın İsraildən aldığı müasir silahlardan istifadə etməsi 800 kv.km ərazinin işğaldan azad edilməsi və Ermənistanın ciddi itkilər verməsi ilə nəticələndi. Hazırda İsrail Azərbaycanın müdafiə sənayesi və silah idxalı sahəsində əsas tərəfdaşlarından biri sayılır. Sentyabr ayında Rusiyanın Ermənistana “İskəndər” raketlərini verməsindən sonra Azərbaycan İsraildən 130 km radiusda hədəfləri vura bilən EXTRA raketlərinin alınmasına dair müqavilə imzaladı. Azərbaycan uzaq mənzilli raketlərin istehsalı texnologiyasını əldə etməyə çalışır və bu məqsədə çatmaq üçün İsrail öz yardımını təklif edir. Milli Məclisin deputatı Yevda Abramov isə bu yaxınlarda mediaya İsrailin yaxın vaxtlarda Azərbaycanda “Dəmir günbəz” raketdən müdafiə sistemini quraşdıracağına dair açıqlama vermişdi. Yevda Abramov millət vəkili olmaqla yanaşı, həm də Azərbaycandakı yəhudi icmasının aparıcı nümayəndələrindən biridir və bu barədə kifayət qədər informasiyaya malikdir.

Qeyd edək ki, “Dəmir günbəz” sistemi İsrail istehsalı olan “Rafail” raketləri ilə təhciz edilib. Bu raketlər 4 km-dən 70 km-ə qədər uçuş məsafəsinə malikdir və onun hər batareyası 150 kv.km ərazini müdafiə etməyə imkan verir. Adının çəkilməsini istəməyən yəhudi icmasının başqa nümayəndəsi isə həmin xəbəri “Cümhuriyət” qəzetinə şərh edərkən İsrailin Azərbaycana “Dəmir günbəz”dən daha güclü raketdən müdafiə sistemi quraşdıra biləcəyini demişdi. Söhbət RMS-in yalnız Azərbaycana aid olmasından gedir. Ancaq İsrail də belə bir mühüm hərbi obyekti Azərbaycan üçün təmin etməyin müqabilində kəşfiyyat və təhlükəsizlik məqsədilə informasiyalar əldə edə bilər. Təbii ki, bu barədə razılaşma yalnız dövlət başçıları səviyyəsində verilə bilər. Ona görə də Benyamin Netanyahunun Bakı səfəri zamanı qeyd edilən məsələnin də gündəlikdə olacağı istisna deyil.

Baş nazir Netanyahu sonuncu dəfə Azərbaycana 1996-cı ildə səfər edib. Ötən 24 il ərzində İranın təzyiqləri Azərbaycana İsraillə əlaqələrini kifayət qədər genişləndirməyə imkan verməyib. İsrailin Azərbaycanda səfirliyinin fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Təl-Əvivdə diplomatik təmsilçilik yarada bilməyib. Ancaq son zamanlar rəsmi Bakının milli maraqları önə çəkərək İsraillə hərbi-təhlükəsizlik sahəsində əlaqələri inkişaf etdirməsi diqqəti cəlb edir. İrana qarşı beynəlxalq sanksiyaların götürülməsi və Tehranla Qərb arasında barışığın yaranması artıq Azərbaycana İsraillə əlaqələri daha geniş müstəviyə keçirmək imkanı yaradıb. Xarici İşlər Nazirliyinin sözçüsü E.Naxşon da Azərbaycanın da İsraildə səfirlik açmaq istədiyini deyib. Azərbaycanın balanslaşdırılmış xarici siyasət kursu və İranın Qərblə münasibətlərində problemlərinin aradan qalxması Netanyahunun Bakıya səfərindən sonra Təl-Əvivdə səfirlik açılması ilə bağlı problemin öz həllini tapmasına kömək edə bilər.

Eyni zamanda, İsrail ABŞ-dan fərqli olaraq İranı özü üçün əsas düşmən hesab edir. Ona görə də Təl-Əvivin müsəlman ölkələri arasında müttəfiqlərini artırmasına ehtiyacı var. Son dövrlər İranın Suriya böhranı ilə əlaqədar Yaxın Şərqdə hərbi fəallığının artması İsraili narahat edir. Bu ilk növbədə, “Hizbullah”ın da daxil olduğu İranın yaratdığı şiə koalisiyasının Yaxın Şərqdə geosiyasi mövqeyinin möhkəmlənməsində özünü göstərir. Hazırda İraq hökuməti üzərində ciddi təsirə malik olan İran Mosulun İŞİD-dən azad edilməsindən sonra həmin ərazinin şiə milis dəstələri nin (Ninova mühafizəçiləri) nəzarətinə keçməsinə Türkiyənin isə regiondan sıxışdırılmasına çalışır. Bununla da İran Suriya vasitəsilə Aralıq dənizinə çıxış əldə etmək və “Hizbullah”la birləşməyə imkanı verən geosiyasi dəhliz əldə etməyə çaışır. İranın birbaşa yaxın Şərqə çıxış qazanması İsrailə birbaşa təzyiq etməyə şərait yarada bilər. Ona görə də İsrail müsəlman dövlətləri arasında müttəfiqlərinin sayını artırmağa çalışır. Bu baxımdan şiələrin sayının çoxluq təşkil etdiyi və İranla həmsərhəd olan Azərbaycanın İsraillə dostluq münasibəti qurması Təl-Əvivin maraqlarına cavab verir.

NRG nəşri İsrailin son vaxtlar müsəlman dövlətləri tərəfinə, xüsusilə də əhalisinin böyük əksəriyyəti şəi olan ölkələrə tərəf baxdığını yazır. Bu səbəbdən də Təl-Əviv Bakı ilə əlaqələri dərinləşdirməyə mühüm önəm verir. Benyamin Netanyahu da bir müddət öncə Fələstin məsələsinin həllinə nail olmaq üçün yeni diplomatik alyans formalaşdırmaq niyyətində olduğunu bildirmişdi. Benyamin Netanyahunun Azərbaycana və Qazaxıstana səfərləri hər iki Xəzəryanı müsəlman ölkəsinin İsrail üçün stratreji əhəmiyyət daşıdığını təsdiq edir.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları