Yuxarı

Aprel məğlubiyyəti Sarkisyanı dalana dirəyib

Aprel məğlubiyyəti  Sarkisyanı dalana dirəyib

 

Ohanyan narazılığı prezidentə qarşı çevirir

Üzeyir Cəfərov: “Hadisələrin inkişafı Sarkisyanın həbs olunmasına aparır”

Elşən Manafov: “Rusiyanın dəstəyi olmasaydı, Sarkisyan artıq devrilmişdi”

Aprel döyüşləri zamanı Azərbaycan ordusunun əldə etdiyi zəfər danılmazdır. Bunu bütün dünya, hətta Ermənistan siyasi rəhbərliyinin özü də etiraf edir. Ermənistan siyasi elitasında bu məğlubiyyəti fürsətə çevirmək istəyənlər də oldu. Aprel döyüşlərində məğlub olan Ermənistan ordusunda baş verən çaxnaşmaların da səbəbi elə budur. Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyan aprel məğlubiyyətindən istifadə edərək Sarkisyan hakimiyyətini yıxmaq istəyir. Ən azından Ermənistanda baş verən hadisələr ilk baxışdan bu fikri formalaşdırır. Digər tərəfdən aprel məğlubiyyətindən sonra Sarkisyan bir neçə yüksək vəzifəli məmuru istefaya göndərdi və onların yerinə də özünə yaxın olan digər şəxsləri təyin etdi.

Cinayətkar Sarkisyan hakimiyyətinin hələ də vəzifədə qalmasına yeganə səbəb Rusiya faktorudur. Hələ ki, Sarkisyan və onun ətrafındakılar bu “kozurdan” yetərincə istifadə edirlər. Bəs hal-hazırda cərəyan edən proseslər hansı yöndə inkişaf edəcək? Sarkisyan hakimiyyətini nələr gözləyir?

“Aprel olayları ordunu çətin duruma saldı”

Hərbi-siyasi ekspert Üzeyir Cəfərov “Cümhuriyət” qəzetinə şərhində bildirib ki, Sarkisyan məcburiyyət qarşısında Ohanyanla kompromisə getməlidir. Onun sözlərinə görə, hal-hazırda Ermənistanda baş verən proseslərin nəticəsi Saarkisyanın həbsilə nəticələnə bilər: “Hesab edirəm ki, aprel hadisələri Ermənistanın idarəçilik sisteminə həm siyasi, həm iqtisadi, həm də təhlükəsizlik baxımından çox böyük zərbə oldu. O, zərbənin gücü hələ də bu günə qədər davam edir. Ermənistan hakimiyyətinin keçən 20 il ərzində formalaşdırdığı “məğlubedilməzlik” sindromu darmadağın oldu. Bu illər ərzində Ermənistanda idarəçiliyin nə qədər zəif olduğunu özləri də bilmədən göstərmiş oldular. Bunu da Azərbaycan əsgəri elədi. Azərbaycan əsgəri heç də böyük bir güc sərf etmədən qısa bir müddətdə müəyyən qədər ərazilərimizi özümüzə qaytarmaqla Ermənistan ordusunun hansı vəziyyətdə olmasını üzə çıxartdı. Sarkisyanda bütün bunların fonunda məcburiyyət qarşısında qalıb, vaxtilə özü müdafiə naziri olanda rəhbər vəzifəyə təyin etdiyi şəxslərdən birini müdafiə nazirinin müavini Çilingəryanı işdən azad etdi. Bununla yanaşı digər tərəfdaşları da işlərini itirdilər. Sonuncu addım isə Seyran Ohanyanın vəzifəsini itirməsilə nəticələndi. Prinsip etibarı ilə hər kəs bilir ki, Sarkisyan da, Koçəryan da, Ohanyan da Qarabağ müharibəsi üzərindən hakimiyyətə gəliblər. Aprel hadisələri Ermənistan ordusunu çox çıxılmaz duruma qoydu. Ermənistanda qocalar, uşaqlar, qızlar orduya kömək üçün səfərbər oldular. Amma güclü orduda belə olmamalıdır. Bunun özün də onu göstərdi ki, Ermənistan Ordusunda vəziyyət çox ağırdır. Ermənistan hələ də yaranan problemləri yığıb-yığışdıra bilmir. Seyran Ohanyan da hələ ki, gözləmə mövqeyindədir. Addım-addım siyasətə qoşulmağa çalışır. Sarkisyan onsuz da ağrıyan başını daha da ağrıtmamaq üçün Ohanyanla dil tapmağa çalışacaq. Ohanyan Petrosyanla, Koçəryanla və digərlərilə birləşsə, Sarkisyan öz hakimiyyətini itirər və Ermənistanda tamamilə başqa bir abu-hava meydana gələ bilər. Ola bilsin ki, hal-hazırda cərəyan edən hadisələr gələcəkdə Sarkisyanın həbsilə nəticələnər”.

“Elita çaşqınlıq içərisindədir”

Siyasi-şərhçi Elşən Manafov qeyd edib ki, aprel döyüşləri Sarkisyan hakimiyyətinin hansı vəziyyətdə olduğunu göstərdi. Onun sözlərinə görə, Rusiyanın dəstəyi olmasaydı, Sarkisyan artıq çoxdan dəyişmişdi: “Əslində aprel döyüşləri Ermənistanın hərbi-siyasi elitasında ciddi çaşqınlıq yaratdı. Ermənistan prezidentinin aprel döyüşlərindən sonra hərbi elitanın kifayət qədər tanınmış generallarını istefaya göndərməsi, daha sonra isə Baş naziri Karapetyanla əvəz etməsi göstərir ki, aprel döyüşləri Ermənistan siyasi-elitasında böyük bir çatın yaranmasına səbəb oldu. Bu döyüşlərdən sonra Sarkisyanın Ermənistan ordusunun rəhbərlərinə qarşı ünvanladığı ittihamları onu göstərdi ki, orduda heç də deyildiyi kimi islahatlar aparılmayıb. Ordunun təchizatı məsələsində kifayət qədər problem var. Aprel döyüşlərindən sonra məlum oldu ki, Ermənistan ordusu heç də ciddi döyüş imkanlarına malik olan ordu deyil. Maraqlıdır ki, aprel məğlubiyyətindən sonra Ermənistan hakimiyyətində ciddi korrupsiya faktları ilə bağlı məsələlər üzə çıxdı. Rusiya tərəfi bu faktları kifayət qədər ört-basdır etməyə çalışdı. Hətta Ermənistanda Baş nazir təyinatı zamanı parlamentin bəzi deputatları bildirdi ki, Sarkisyan bu təyinatı Putinlə razılaşdırıb. Rusiya prezidenti Putinin mətbuat xidmətinin rəhbəri Peskov bunun heç də belə olmadığını və Ermənistanın müstəqil dövlət olduğunu, qərarlarında özləri tərəfindən qəbul olduğunu iddia etdi. Ancaq görünən tərəf odur ki, Sarkisyan aprel döyüşlərindən islahatlarla bağlı gördüyü işləri Rusiya ilə razılaşdırıb. Aprel döyüşlərindən sonra hərbi əməliyyatların dayandırılması və atəşkəsin əldə olunması, Rusiyada 22 ildən sonra ikinci sazişin imzalanması onu göstərdi ki, bölgədə baş verən proseslərin Azərbaycan tərəfinin xeyrinə olmaması üçün Rusiya bütün imkanlarından istifadə etdi. Bişkek protokolundan sonra Rusiyanın səyi və təklifləri nəticələrində tərəflər xarici işlər nazirləri səviyyəsində Moskvada atəşkəs rejiminə əməl edəcəklərilə bağlı protokola imza atdı. Rusiyanın maraqları əslində bəllidir. Rusiya hər iki tərəfi silahlandırır.

Xüsusilə də Dünya Silah Bazarında Azərbaycan Rusiyanın tərəfdaşlarından biridir. Rusiya yaxşı başa düşür ki, mövcud problemin həlli Rusiyanın Azərbaycana təzyiq riçaqlarının kifayət qədər azalmasına səbəb olacaq. Əslində Azərbaycanın Ermənistan qədər Rusiyadan enerji asılığı yoxdur və Azərbaycan özünün neft-qaz siyasətini müstəqil şəkildə həyata keçirən dövlətdir. Bu mənada Rusiyanın tərəfləri yenə də danışıqlar masasına dəvət etməsi əslində Sarkisyan hakimiyyətini qorumağa hesablanıb. Bu həm də bir növ Rusiyanın öz maraqlarını təmin etməsi üçün vaxt qazanması anlamına gəlir. Aprel döyüşlərindən sonra Ermənistanda baş verən hadisələr və eyni zamanda Dağlıq Qarabağın özündən ermənilərin qorxuya düşərək kütləvi şəkildə köçməsi göstərir ki, Sarksiyan hakimiyyəti bütün hallarda Rusiyanın hesabına hələ də iqtidardadır. Güman edirəm ki, Rusiya tərəfindən dəstək olmasaydı və Qərb Ermənistan müxalifətinə dəstək versəydi hakimiyyətin dəyişməsi üçün zəmin yaranmışdı”.

Vilayət Muxtar

 





Həftənin ən çox oxunanları